EN

"Qarabağda dövlət tərəfindən tikilən evlər yataqxana kompleksini xatırladır" - Deputat

"Qarabağda dövlət tərəfindən tikilib, hər şeyi hazır vəziyyətdə verilən evlər bir az yataqxana kompleksini xatırladır. Bəzən insanlar orada özlərini qonaq kimi hiss edir, qonşuluq münasibətləri formalaşmır. İndiki kəndlər üçün dövlətin büdcəsi hesabına tikilən evlərin sayı daha çoxdur".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev bildirdi.

Deputat əlavə etdi ki, söhbət sadəcə iş yerlərindən, iqtisadi həyatdan getmir:

"Məncə, dövlətin əsas rolu ev tikmək yox, şərait yaratmaq olmalıdır. Dövlət yol çəksin, su, qaz, internet, məktəb, xəstəxana yaratsın. Amma evlərin tikilməsi mərhələ-mərhələ dövlətin nəzarəti və güzəştli mexanizmləri ilə vətəndaşın özünə verilsin. Köçürülən şəxs evini özü tikəndə ora daha çox bağlanır, tikə-tikə ora öyrəşir, ətrafı tanıyır, qonşuluq münasibətləri formalaşır. Bu, psixoloji və sosial baxımdan da daha sağlamdır. Üstəlik, bu yanaşma dövlət büdcəsi üçün də qənaətcil olar. Vətəndaş öz evini ikiqat qiymətinə yox, daha münasib qiymətə tikər. 

Qarabağı yalnız dövlət layihələri üzərindən bərpa etmək mümkün deyil. Bu bölgə dövlətin nəzarəti altında, amma real şəkildə özəl sektora da bütövlükdə açılmalıdır. Kiçik və orta sahibkarlıq üçün daha əlverişli, süründürməçilikdən uzaq, şəffaf və uzunmüddətli kreditlər, torpaq icarəsinin daha sadələşdirilmiş mexanizmləri tətbiq olunmalıdır. Orada zavod, fabrik, emal müəssisələri, turizm obyektləri və xidmət sahələri yalnız sənaye zonalarında deyil, ümumilikdə hər yerdə yaradılması asanlaşdırılmalıdır.

Nuriyyə NATİQQIZI

Chosen
14
1
redaktor.az

2Sources