EN

Xalqımızın ilk Xalq şairi

ain.az bildirir, Xalq qazeti portalına istinadən.

Səməd Vurğun-120

Prezident İlham Əliyev Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb

“Demə, Səməd Vurğun gəldi-gedərdi, unutmaz bu oba, bu mahal məni”. Dillər əzbəri olan bu misralar zamanın fövqünə yüksəlmiş, milli istiqbalı öncədən görmüş Xalq şairi Səməd Vurğunun mənəviyyat zirvəsində tutduğu ali mövqenin əks-sədasıdır.

Şairin illər öncə tarixə həkk etdiyi bu inam bu gün də öz təsdiqini tapır. Prezident İlham Əliyev Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Sərəncamı sənətkarın ruhuna ehtiram, eyni zamanda, xalqın mənəvi mirasına, mədəni irsinə sadiqliyin təcəssümüdür.

Səməd Vurğun şəxsiyyətinin mayası vətən eşqi ilə yoğrulmuşdu. Gənc yaşlarından xalqına, vətəninin hər qarışına, doğma torpağının əsrarəngiz təbiətinə sonsuz bağlılığı ona “Vurğun” təxəllüsünü qazandırmışdı. Şair öz daxili dünyasını belə təsvir etmişdi:

Aşiqəm insana və təbiətə,Əlim qələm tutub yazandan bəri.

Səməd Vurğun məktəbinin təməli 1925-ci ildə, Qori müəllimlər seminariyasını bitirərkən yazdığı “Cavanlara xitab” şeiri ilə qoyuldu. Sonralar Azərbaycanın müxtəlif guşələrində – Qazaxda, Qubada və qədim Gəncədə dil və ədəbiyyat dərslərini tədris etsə də, həyatın axarı onu sözün sehrinə saldı. Poeziya gənc müəllimin daxili dünyasına hakim kəsilərək Azərbaycanın əbədiyaşar Xalq şairinə çevirdi.

Ötən əsrin 30-40-cı illəri Vurğun yaradıcılığının ən parlaq təcəllası, poeziyamızın çiçəklənmə dövrü kimi tarixə düşdü. 1934-cü ildə yazılmış “Azərbaycan” şeiri milli ədəbiyyatın incilərindəndir. Bu şeirdə ölkəmizin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqımızın xeyirxahlığı, qonaqpərvərliyi öz əksini tapıb. Elə həmin il işıq üzü görən “Könül dəftəri” və bir il sonra nəşr olunan “Şeirlər” kitabları Azərbaycan ədəbiyyatında yeni mərhələnin təməlini qoydu. Ustad şair ana dilimizi yad ünsürlərdən və əcnəbi sözlərin ağırlığından təmizləyərək poeziyamızın söz xəzinəsini milli ruhun saflığı ilə zənginləşdirdi.

Lakin bu fitri istedad bəzi bədxah dairələrdə qısqanclıq və həsəd doğurmaya bilməzdi. Şairi mənəvi sarsıntılara məruz qoymaq, onu millətçilik böhtanları ilə ləkələyib ədəbi mühitdən kənarlaşdırmaq istəyənlər dəfələrlə onu mühakimə kürsüsünə çəkməyə nail oldular. Amma bütün mənəvi basqılara rəğmən, o, əyilməz iradəsi, cəsarəti və dərin məntiqi ilə əleyhdarlarının məkrli planlarını alt-üst etdi.

1956-cı ilin martında – şairin 50 illik yubileyi ərəfəsində ədalət zəfər çaldı. Azərbaycan SSR rəhbərliyinin göstərişi ilə təsis edilən “Azərbaycanın xalq şairi” adına ilk dəfə məhz Səməd Vurğun layiq görüldü.

Bu gün respublikanın, demək olar ki, hər rayonunda şairin adına parklar, mədəniyyət ocaqları, məktəblər var. Hətta şairin adını yaşadan nəhəng neft tankeri də fəaliyyət göstərir.

Xalq şairinin vəfatından sonra onun adı ölkə hüdudlarından kənarda da böyük ehtiramla əbədiləşdirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Səməd Vurğun Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Fidan ƏLİYEVAXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
xalqqazeti.az

2Sources