Azərbaycanda “Bolt” platforması ilə əməkdaşlıq edən bir sıra park sahibləri və sürücülər şirkətin yerli idarəetmə strukturlarında sistemli haqsızlıq, selektiv yanaşma və korrupsiya elementləri ilə üzləşdikləri barədə şirkətin Estoniyadakı rəhbərliyinə şikayətlərini bildiriblər.
Bizim.Media xəbər verir ki, “Bolt”la əməkdaşlıq edən bir neçə sahibkarın şikayəti nəticəsində şirkətin Bakı ofisində yoxlamalar aparılıb. Şirkət daxilində maliyyə və idarəetmə prosesləri yoxlanılıb. Ciddi pozuntular aşkarlanan Bakı ofisinin rəhbəri Naim Əzizov və bir neçə səlahiyyətli şəxs işdən azad edilib.
Yoxlamalar zamanı məlum olub ki, sürücülər hansısa səbəbə görə bloklanır. Ofisə müraciət olunsa da? bloklanma açılmır. Bir müddət kimsə elan verir ki, blokları açmaq mümkündür. Sürücü həmin şəxsə 200-300 manat pul verdikdən sonra bloklanma aradan qalxır.
Başqa bir problem filit məsələsi ilə bağlıdır. Portalda sənədlərin yenilənməsi zamanı sahibkarı incidirlər. 3-4 min manat aldıqdan sonra sənədlərdəki “problemlər” aradan qalxır.
Üçüncü məsələ reklamla bağlıdır. Sahibkarlar avtomobillərə reklam vurduqda hər gedişə görə ödəniş bonusu olmalıdır. Son vaxtlar bununla bağlı hərc-mərclik hökm sürür. Ofisə müraciət edən sahibkarlara deyilir ki, reklam kampaniyası dayandırılıb. Amma 500 manat ödəyənlərin avtomobillərinə reklam vurulur və onlar bonuslardan yararlanır.
Park sahiblərindən birinin verdiyi geniş açıqlamada qeyd olunur ki, bəzi parkların avtomobilləri platformaya qəbul edilmədiyi halda, “öz adamları” hesab edilən digər parkların maşınları problemsiz şəkildə sistemə daxil edilir.
Şikayətçi park sahibi bildirir ki, digər platformalardan və parklardan ona əməkdaşlıq təklifləri gəlsə də, o, ilk gündən “Bolt”la işlədiyini və problemi platformanı tərk etməklə deyil, ədalətin bərpa olunması ilə həll etmək istədiyini deyir. Onun sözlərinə görə, məsələ təkcə şəxsi problem deyil – yüzlərlə sürücü və park sahibi eyni vəziyyətdən əziyyət çəkir.
Açıqlamanın sonunda park sahibi “Bolt”un mərkəzi ofisindən obyektiv araşdırma aparılmasını, parkların fəaliyyətinin bərpa edilməsini və yalnız bundan sonra hər hansı hüquqi qiymətləndirmənin verilməsini xahiş edir. O, bütün sübutları təqdim etməyə və istənilən platformada, o cümlədən Estoniyada məsələni şəxsən izah etməyə hazır olduğunu bildirir. (Bakupost.az)
Bizim.Media