
Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə Kiyevin Bankova küçəsində yerləşən bunkerini və bu bunkerdəki kabinetini göstərib.
Yeniavaz.com xəbər verir ki, Zelenski rəsmi “Telegram” kanalındakı xalqa videomüraciətində iki il bu bunkerdə yaşadığını bildirib.
Zelenskinin sözlərinə görə, o, Rusiya ilə müharibənin başlamasının ilk günündən bunkerdə qalıb və yalnız prezident aparatındakı ofisinə baş çəkib.
O, münaqişənin ilk anlarında digər liderlərlə telefon danışıqlarını məhz buradan apardığını bildirib. Kadrlarda həmçinin bunkerdə üzərində “Ukrayna Prezidentinin ofisi” və “Nazirlər Kabinetinin rəhbərliyi” lövhələrini görmək olar.
“Bir çox işlər məhz burada görülürdü”, - Zelenski qeyd edib.
Dövlət başçısı həmçinin qeyd edib ki, hazırda o, artıq bunkerdə yaşamır, Rusiya Silahlı Qüvvələrinin gecə hücumları zamanı oraya enir.
O, həmçinin əlavə edib ki, yaxın gələcəkdə bunkerini jurnalistlərə göstərməyi və orada müsahibələr təşkil etməyi planlaşdırır.
Qeyd edək ki, bu bunker hələ sovet dövründə mövcud olub. Bunker ABŞ ilə nüvə müharibəsi baş verəcəyi təqdirdə partiya və Sovet rəhbərliyi üçün tikilib.