EN

Ləkitin qədim mirası - Tarixi abidələr turizmin inkişafına necə töhfə verə bilər?

Qax, 24 fevral, Rasim İslamoğlu, AZƏRTAC

Qax şəhərindən cəmi 15 dəqiqəlik məsafədə, Böyük Qafqaz dağlarının ətəyində yerləşən Ləkit kəndi əsrarəngiz təbiəti və qədim tarixi abidələri ilə seçilir. Kəndin şərq hissəsində ucalan, dünya əhəmiyyətli memarlıq nümunəsi sayılan V əsr Alban məbədi, eləcə də ətrafdakı digər 7 məbədin qalıqları və məşhur Mamırlı şəlaləsi bu ərazinin qədim mədəniyyət mərkəzi olduğunun danılmaz sübutudur.

Azərbaycan memarlıq tarixində alban memarlığının özünəməxsusluğunu təsdiq edən üç dairəvi məbəd arasında Ləkit məbədi xüsusi yer tutur. Bəs, bu tarixi abidənin bugünkü vəziyyəti necədir və turizmin inkişafına hansı töhfələr verə bilər? AZƏRTAC-ın bölgə müxbiri kənd sakinləri və mütəxəssislərlə birgə abidəni ziyarət edərək, mövcud vəziyyətlə maraqlanıb.

Məbədə dolanbac çay yolu ilə çatmaq mümkündür. Kənd sakini Rəfael Şirinovun müşayiəti ilə abidənin girişinə çatırıq. Ətraf fındıq bağları ilə əhatə olunsa da, hər daş parçasından buranın vaxitlə böyük mədəniyyət mərkəzi olduğu hiss edilir. Rəfael Şirinov bildirir ki, abidəni göz bəbəyi kimi qorumağa, mal-qaradan mühafizə etməyə çalışırlar.

Ləkit məbədi Qafqaz Albaniyasının Erkən orta əsr monumental memarlığı, xüsusən də günbəz tikintisi texnikası ilə inşa olunub. Araşdırmaçı jurnalist Nadir Qıpçaq qeyd edir ki, bu tipli dairəvi məbədlər arasında Ləkit məbədi möhtəşəm nümunədir: “Bu məbədlərin tədqiqi ötən əsrin 30-cu illərində Pavel Baranovski, 80-ci illərində isə Məşədi xanım Nemətova tərəfindən aparılıb. Təəssüf ki, illər keçdikcə abidə sıradan çıxır. Onun təcili bərpaya və dövlət qayğısına ehtiyacı var”.

Ekoloq və turizm meneceri Nicat Ziyadlı isə hesab edir ki, abidələrin bərpası kənd yaşıl turizminin inkişafına böyük təkan verə bilər: “Ləkitin həm tarixi, həm də təbiət potensialı çox güclüdür. Mamırlı şəlaləsi və V-VII əsr məbədlərini bərpa etməklə Ləkiti dünyaya tanıtmaq olar”.

Mütəxəssislər abidənin aşınmasının əsas səbəbi kimi onun yarğan kənarında yerləşməsini göstərirlər. Xüsusilə məbədin şərq hissəsi və şimal bölmələri ciddi dağıntıya məruz qalıb.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, məbədin qorunması istiqamətində addımlar atılır. Artıq abidənin pasportu hazırlanıb və mühafizə zonası təsdiq edilib. Ən əsası, məbədin bərpa-konservasiyası investisiya layihələrinin siyahısına daxil edilib ki, bu da yaxın gələcəkdə burada əsaslı işlərin aparılacağından xəbər verir.

Chosen
16
1
azertag.az

2Sources