EN

Ankarada Xocalı soyqırımı ilə bağlı panel müzakirələri keçirilib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ankara, 24 fevral, AZƏRTAC

Fevralın 24-də Ankaradakı Hacı Bayram Vəli Universitetində Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı panel müzakirələri keçirilib.

AZƏRTAC xəbər verir ki, diplomatların, iki qardaş ölkənin müxtəlif dövlət qurumlarının nümayəndələrinin, paytaxt universitetinin müəllim və tələbələrinin qatıldığı tədbir Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Ermənilərin Azərbaycanın Xocalı şəhərinin mülki əhalisinə qarşı törətdiyi vəhşiliklərə həsr olunmuş film nümayiş etdirilib.

Hacı Bayram Vəli Universitetinin prorektoru professor Fulya Bayraktar Ermənistanın təcavüzü zamanı törədilən vəhşilikləri “cəzasızlıq paradoksu” adlandırıb. O vurğulayıb: “Ədalətin seçici olduğu bir dünyada uzunmüddətli sülh və sabitliyi təmin etmək mümkün deyil”. Professorun sözlərinə görə, bəşəriyyətin kollektiv yaddaşı qeyri-insani hərəkətlərin qarşısını almağa borcludur və ədalət, vicdan və ləyaqət anlayışları beynəlxalq münasibətlər sisteminin əsasını təşkil etməlidir.

Prorektor dünyanın digər yerlərində bu cür vəhşilik və qeyri-insani əməllərin təkrarlanmasının qarşısını almaq üçün Xocalı faciəsini daim xatırlamağa çağırıb.

Panel müzakirələri zamanı iştirakçılar Xocalı soyqırımını insanlığa qarşı cinayət adlandırıblar.

Xocalı soyqırımının baş verdiyi günlərdə Azərbaycanda olan türkiyəli jurnalist İrfan Sampaz Vaşinqtondan videokonfrans vasitəsilə iştirakçılara müraciət edib. O, Azərbaycana qarşı informasiya blokadasını yarmaq səylərindən və Türkiyə mediasının Xocalıda mülki əhaliyə qarşı törədilən erməni vəhşilikləri barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq işinə verdiyi töhfələrdən danışıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxış edərək bildirib ki, İkinci Dünya müharibəsindən sonra dünyada bir çoxları Holokostun təkrarlanmasının mümkün olmadığına inanırdı. “Azərbaycan xalqı azadlıq və müstəqillik uğrunda mübarizəsində yüksək qiymət ödədi. Onilliklər ərzində ölkəmiz Xocalıda ədalət tələb etdi. Lakin beynəlxalq ictimaiyyətdən lazımi cavabı almadıq və nəticədə tarixi ədaləti özümüz bərpa etdik, işğal olunmuş torpaqları azad edə bildik. Bu gün Xocalı soyqırımının səbəblərini təhlil etmək və bu cür faciələrin təkrarlanmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etmək vacibdir”, - deyən diplomat Xocalı soyqırımını daim xatırlanmağa və millətləri sülhə hazırlamağa çağırıb.

Panel müzakirələrin iştirakçıları Xocalıdakı hadisələrin “soyqırımı” beynəlxalq hüquqi termini ilə əlaqəli olduğu barədə ortaq məxrəcə gəliblər və qeyri-insani hərəkətlərin daha da artmasına şərait yaratmağın yolverilməzliyini vurğulayıblar.

Tədbir çərçivəsində Xocalı soyqırımı mövzusunda fotosərgi də təşkil olunub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
azertag.az

1Sources