EN

Azərbaycanın Sülh Şurasına üzv olması regionda stabilliyin və inkişafın təmin olunmasına töhfə verir - ŞƏRH

Bakı, 24 fevral, AZƏRTAC

Azərbaycanın beynəlxalq sülh təşəbbüslərinə qoşulması, regionda siyasi stabilliyin və iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Ölkəmizin Sülh Şurasına üzv olması, tərəflər arasında etimad mühitinin formalaşmasına, diplomatik əməkdaşlığın dərinləşməsinə və regional əməkdaşlıq üçün əlverişli şəraitin yaradılmasına xidmət edir.

Bunu AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, siyasi baxımdan Azərbaycanın təşəbbüsləri Cənubi Qafqazda uzun müddət davam edən gərginliklərin yumşaldılmasına və qarşılıqlı dialoqun inkişafına təkan verir.

“Sülh Şurasının prinsiplərinə uyğun olaraq, Azərbaycan qonşu dövlətlərlə münasibətlərin normallaşdırılmasını sürətləndirir və beynəlxalq təşkilatlarla əməkdaşlığı möhkəmləndirir. Bu, həm də regionda uzunmüddətli sabitliyin təmin olunmasına mühüm töhfədir. İqtisadi sahədə isə Azərbaycanın sülh təşəbbüslərində iştirakı investisiya mühitinin yaxşılaşmasına və regional infrastruktur layihələrinin təhlükəsizliyinə müsbət təsir göstərir. Sülh və stabillik şəraiti, enerji və nəqliyyat sektorunda böyük layihələrin həyata keçirilməsini asanlaşdırır, regional ticarət dövriyyəsinin artmasına şərait yaradır. Məsələn, Azərbaycanın sülh təşəbbüsləri nəticəsində həyata keçirilən nəqliyyat dəhlizləri, enerji ixracı və tranzit imkanları güclənir”,-deyə komitə sədri vurğulayıb.

Arzu Nağıyevin sözlərinə görə, Sülh Şurasına qoşulmaq iqtisadi əməkdaşlıq baxımından yeni perspektivlər açır: “Region ölkələrinin bir-birinə qarşı siyasətində yumşalma, sərmayə axını və ticarət dövriyyəsinin artmasına şərait yaradır. Bu da Azərbaycan üçün strateji üstünlükdür: ölkə həm siyasi nüfuzunu gücləndirir, həm də iqtisadiyyatını beynəlxalq standartlara uyğun inkişaf etdirir. Nəticə etibarilə Azərbaycanın Sülh Şurasına üzv olması yalnız siyasi proseslərdə deyil, iqtisadi sahədə də regionda stabilliyin və inkişafın təmin olunmasına mühüm töhfə verir”.

Chosen
17
1
azertag.az

2Sources