EN

Bəzi dualar niyə gerçəkləşmir?

İnsan çarəsiz qalanda da, sevinəndə də əllərini göyə açır. 

Dua bizim üçün həm ümid, həm təsəlli, həm də sığınacaqdır. O, qəlbinin ən gizli istəklərini Allaha etibar edir. Lakin bəzən nə qədər yalvarsaq da, dua etsək də arzularımız gerçəkləşmir. Hətta uzun illər və ya heç reallaşmayan dualar da olur.

Bu zaman ürəyimizdə bir sual yaranır: Nə üçün dualarımız gerçək olmur? Maraqlıdır, bəzi insanların uzun illər boyunca etdiyi hansısa dua nə üçün qəbul olmur?

Mövzu ilə bağlı ilahiyyatçı Tural İrfan Hit.az-a açıqlama verib. O bildirib ki, duanın qəbul olunması üçün bəzi şərtlər var: 

392704

"Halal qidalanmaq, bacardıqca Allahın bütün buyuruqlarına əməl etmək, insanlarla xoş davranmaq və mümkün olan şeyləri Allahdan istəmək lazımdır. Ancaq bəzən dualar qəbul olmur. Hətta İmam Əli əleyhissəlam da Siffeyn savaşında qarşı tərəfə qalib gəlməsi üçün dua etdi, amma nəticə fərqli oldu. Şübhəsiz ki, bir ilahi nizam və hikmət var".

Həmsöhbətimiz vurğulayıb ki, bəzən qəbul olmayan dualar insanın öz xeyrinədir:
"İnsan hadisələrin batini tərəfini, alt qatında yatan səbəb və nəticələri görə bilmir. Həmçinin, bir çox məsələlərdə dəqiq yazılmış, müəyyən edilmiş qədər və qəza var. Əgər insan bunun əksini istəyirsə, o istək məqbul ola bilməz. Tutaq ki, hər hansı vətəndaş ərizə yazıb dövlət bayrağına əlavə bir rəngin də artırılmasını xahiş etsə, təbii ki, bu istək qəbul edilə bilməz. Çünki mövcud rənglər artıq bir növ təqdir olunub, ümumxalq rəyi nəticəsində dəyişməz olaraq qəbul edilib.

Ancaq digər müxtəlif məsələlər barədə xahiş etsə, tutaq ki, piyada keçidinin yerinin dəyişdirilməsi barədə müraciət etsə, bu mümkün ola bilər. İlahi təqdir də belədir. Mütləq qədər və qəzaya daxil olan işlərdə insan hər nə qədər dua etsə də, o dəyişə bilməz. Allah əzəldən qurduğu nizamı dua ilə dəyişsə kainatın nizamı pozular. Çünki hər şey bir-birinə bağlı, zəncirvari şəkildə tamamlanır. O həlqənin birinin yeri dəyişsə nizam pozular. Lakin elə şeylər var ki, dua ilə dəyişməsi mümkündür".

Tural İrfan diqqətə çatdırıb ki, insanın etdiyi dua qəbul olmursa, bunun da səbəbini, hikmətini yalnız Yaradan bilir:
"Ola bilsin insanın istədiyi şey daha sonra onun ziyanına ola bilər. Eyni zamanda, Allah sınaq məqsədi ilə bəndəsinin arzusunu gecikdirir. Mümkündür ki, onun istədiyindən daha dəyərli bir neməti ona fərqli yolla bəxş etsin. Odur ki, dua edəndə konkret bir şey haqda mütləq şərt qoymaq yox, o şeyin daha xeyirlisini diləmək lazımdır. 

Məsələn, adamlar dua edir ki, Allah onlara övlad versin, o da verir, övlad sonra oğru yaxud narkoman da ola bilir. Ona görə Allahdan xeyirli övlad diləmək lazımdır. Yəni, duaların şərti, qaydası var. İnsandan, məmurdan ərizə yazıb nəsə istəməklə Allahdan nəsə istəmək tam fərqlidir".

Günel

Chosen
17
50
hit.az

10Sources