Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Buxarest, 24 fevral, AZƏRTAC
Buxarestdə Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Rumıniyada fəaliyyət göstərən xarici ölkələrin səfirləri və akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşları, Rumıniya parlamentinin deputatları, siyasi-ictimai, elm və mədəniyyət xadimləri, habelə Rumıniyadakı Azərbaycan, tatar və türk icmalarının üzvləri, iş adamları iştirak ediblər.
Tədbirin əvvəlində mərasim iştirakçıları faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükut ilə yad ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov açaraq Xocalı soyqırımı barədə məlumat verib. O, soyqırımının dünyada tanıdılması və Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan dövləti, o cümlədən Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən fəaliyyət göstərən “Xocalıya ədalət!” kampaniyası barədə danışıb. Səfir bildirib ki, hazırda Xocalı və digər azad edilmiş ərazilərin bərpası və buraya əzəli sakinlərin qayıtması dövlət başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Həmçinin o, soyqırımının günahkarlarının bir qisminin Azərbaycanda qanun qarşısında layiq olduqları cəzanı aldıqlarını, məsuliyyətdən müvəqqəti yayınanların isə bir gün erməni xalqı və Ermənistan rəhbərliyi tərəfindən cəzalandırılacağına inandığını ifadə edib. Cari ildə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına ümid etdiyini bildirən Q.Osmanov Cənubi Qafqazın Şərq və Qərb arasında nəqliyyat qovşağına çevriləcəyini vurğulayıb.
Daha sonra çıxış edən Türkiyənin Rumıniyadakı səfiri Özgür Kıvanç Altan ölkəsinin Azərbaycana qeyd-şərtsiz dəstəyinin bundan sonra da davam edəcəyini, 44 günlük Vətən müharibəsindəki Zəfər sayəsində Qafqazın artıq müharibələr deyil, sülh regionuna çevrildiyini vurğulayıb.
Rumıniya Parlamentinin deputatı Amet Varol çıxışında Qarabağa səfərindən, Xocalı və Şuşaya ziyarətindən bəhs edib, Xocalı qurbanlarının ailələrinə başsağlığı verib. O, Rumıniyanın regionda əsas müttəfiqinin Azərbaycan olduğunu qeyd edib və ölkəsinin regionda sülh və sabitlikdə maraqlı olduğunu nəzərə çatdırıb.
Rumıniya Müsəlmanlarının müftisi Yusuf Murat Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsinə dualar oxuyub, eyni zamanda bu həftə Rumıniyadakı bütün məscidlərdə cümə namazında Xocalı şəhidlərinin ruhuna duaların oxunacağını açıqlayıb.
Rumıniyanın Azərbaycandakı ilk səfiri, professor Tasin Cemil qaçqın düşərgələri ilə tanışlığından və acı xatirələrindən bəhs edib, dünyanın həmin vaxt ölkəmizdə baş verən faciəyə, bir milyon qaçqın və məcburi köçkünün taleyinə biganə qaldığını qeyd edib.
Rumıniyada nəşr olunan “Geopolitika” jurnalının təsisçi direktoru və baş redaktoru, tanınmış jurnalist Vasili Simileanu qeyd edib ki, Xocalı faciəsi beynəlxalq ictimaiyyət tərəfindən kəskin pislənməlidir. O, dəhşətli hadisəni bəşəriyyət üçün utanc adlandıraraq, soyqırımının törədilməsinə görə məsuliyyət daşıyanların cəzalandırılmasının vacibliyini vurğulayıb.
Sonra Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş olunub, həmçinin tədbir iştirakçılarına soyqırımına və ölkəmizdəki mina probleminə həsr edilmiş fotosərgi ilə tanış olmaq imkanı yaradılıb. Sərgini izləyənlərə səfir və əməkdaşlar tərəfindən ətraflı məlumat verilib.
Daha sonra mərasim iştirakçıları üçün xüsusi olaraq Azərbaycandan gətirilmiş milli şirniyyatlardan ibarət ehsan süfrəsi açılıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.