EN

Ali Məhkəmə qərar verdi: Ər və arvad bir-birinin sirlərini yaya bilməz

Ali Məhkəmə ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının pozulması və bu pozuntular nəticəsində mənəvi zərərin ödənilməsi ilə bağlı mühüm hüquqi izah verib.

“Yeni Sabah”a xəbər verir ki, məhkəmənin 24 dekabr 2025-ci il tarixli “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum qərarında ailə münasibətlərində mənəvi zərərin yaranması halları və hüquqi nəticələri ətraflı izah olunub.

Ər-arvadın şəxsiyyət hüquqları qorunur

Plenum qərarında bildirilib ki, ailə münasibətləri çərçivəsində ər-arvadın şəxsiyyət hüquqlarının pozulması mənəvi zərərin yaranmasına əsas verə bilər. Bu halda zərərçəkmiş tərəf məhkəməyə müraciət edərək mənəvi zərərin ödənilməsini tələb etmək hüququna malikdir.

Ər-arvadın şəxsiyyət hüquqlarına nikaha daxil olmaq və boşanmaq hüququ, hüquq bərabərliyi, ailə daxilində qarşılıqlı hörmət və yardım gözləmək hüququ, sərbəst şəkildə soyad, peşə və məşğuliyyət seçmək hüququ, eləcə də qanunvericiliklə müəyyən edilmiş digər qeyri-əmlak hüquqları daxildir.

Hansı hallar mənəvi zərərə səbəb sayılır?

Ali Məhkəmənin izahına görə, aşağıdakı hallar ər-arvadın şəxsiyyət hüquqlarının pozulması kimi qiymətləndirilir və mənəvi zərər iddiasına əsas yaradır:

Məişət zorakılığı, psixi və fiziki şiddət

Həyat yoldaşına qarşı təzyiq göstərilməsi və onu köməksiz vəziyyətdə qoymaq

Xəstəlik və ya hamiləlik dövründə qayğı göstərməmək

Ailə və şəxsi sirlərin yayılması

Şərəf və ləyaqətin alçaldılması

Hörmətsiz və alçaldıcı davranış

Saxta nikah bağlanması

Qanunsuz olaraq həyat yoldaşının yaşadığı evdən çıxarılması

Bu cür davranışlar məhkəmədə mənəvi zərərin ödənilməsi tələbinin irəli sürülməsi üçün hüquqi əsas yaradır.

Ailə və şəxsi sirlərin yayılması qadağandır

Məhkəmə xüsusi olaraq vurğulayıb ki, ər-arvaddan birinin digərinin razılığı olmadan şəxsi və ailə sirri hesab edilən məlumatları yayması qanunla qadağandır. Bu məlumatlara şəxsi yazışmalar, ailədaxili münasibətlər, şəxsi həyatla bağlı məlumatlar, uşaqların mənşəyi və övladlığa götürülməsi ilə bağlı məlumatlar daxildir.

Belə hallarda zərərçəkmiş tərəf məhkəməyə müraciət edərək mənəvi zərərin ödənilməsini tələb edə bilər.

Atalıq mübahisələrində sui-istifadə də məsuliyyət yaradır

Ali Məhkəmə qeyd edib ki, atalığa dair mübahisə hüququndan sui-istifadə edilməsi, qərəzli və əsassız iddiaların qaldırılması tərəflərdən birinin şərəf və ləyaqətinin alçaldılmasına səbəb ola bilər. Bu isə mənəvi zərərin yaranması üçün hüquqi əsas hesab olunur.

Həmçinin həyat yoldaşının ləyaqətini alçaldan ifadələr işlətmək, onun ünvanına təhqiramiz və alçaldıcı davranış sərgiləmək də hüquq pozuntusu sayılır.

Hansı hallar pozuntu hesab edilmir?

Ali Məhkəmə bəzi halların hüquq pozuntusu sayılmadığını da açıqlayıb. Belə ki, boşanmaq istəyi, birgə əmlakın bölünməsi ilə bağlı iddia qaldırılması, nikah müqaviləsi bağlanması və qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək pozuntu hesab edilmir və mənəvi zərər tələbi üçün əsas yaratmır.

Mənəvi zərərin məbləği necə müəyyən edilir?

Məhkəmənin izahına əsasən, mənəvi zərərin məbləği müəyyən edilərkən bir sıra mühüm amillər nəzərə alınır. Bunlara evliliyin müddəti, tərəflərin yaşı, sağlamlıq vəziyyəti, yenidən evlənmə imkanları və digər konkret hallar daxildir.

Qərarın hüquqi əhəmiyyəti

Ali Məhkəmənin bu izahı ailə münasibətlərində şəxsiyyət hüquqlarının müdafiəsi mexanizmlərini daha da konkretləşdirir. Qərar ailədaxili münasibətlərdə hüquq pozuntularına qarşı hüquqi müdafiə imkanlarını genişləndirir və bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.


Telegram kanalımız
Chosen
7
1
yenisabah.az

3Sources