“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında belə fikir səsləndirib: “Sevindirici hal oldu ki, bir problemi həll etdik. Sən demə, qapılar 11 sm hündür imiş”.
Məsələnin üstünə düşmək üçün ötən gün PFL-in Media və Marketinq direktoru Sənan Abdullayevlə əlaqə saxladıq. Sənan bəyin bu məsələ ilə bağlı bir fikrini Ayxan Abbasova, “Şamaxı”ya minnət kimi başa düşdük:
“Fevralın 5-də Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində Şamaxıda baş tutmalı olan matç öncəsi güclü qar yağışı başlamışdı. Qarın təmizlənməsi yalnız klubun ümidinə qalsaydı, oyun baş tutmayacaqdı. Ancaq bu barədə klubdan məlumat veriləndən sonra AFFA və PFL-in birlikdə səyləri ilə ora sırf bu işlər üçün nəzərdə tutulmuş qartəmizləyən maşın göndərildi, oyunun vaxtında 20 dəqiqəlik gecikmə imkanı yaradıldı və s. Nəticədə oyun keçirildi. İndi Qubada belə bir halın yaşanması, təbii ki, çatışmazlıqdı və çatışmazlığın aradan qaldırıması da normal haldı. Amma bunun mətbuat konfransında səsləndirilməsini etik saymırıq”.
Xatırladaq ki, intensiv qar fevralın 5-də kubok oyununda yox, çempionatın 19-cu turunun fevralın 10-da keçirilən oyununda olub. Bəs “Şamaxı” PFL-dən gələn açıqlamaya necə yanaşır? Həqiqətən də PFL, AFFA olmasaydı, “Şamaxı” oyunu keçirə bilməyəcəkdi? Klubun idman direktoru Kamran İsmayılovun “Football-plus.az”a açıqlaması:
“PFL-in cavabını nə qıcıq, nə də minnət adlandırardım. Onlar öz mövqeyini bildirib. Biz PFL-in mövqeyinə hörmətlə yanaşırıq. Qarlı havaya qaldıqda, əvvəlki mövsümdə də belə vəziyyət yaranıb. Məsələn, ötən mövsüm meydançanı özümüz təmizləyirdik, hazır vəziyyətə gətirilirdi. Bu mövsüm də “Qarabağ”la oyundan əvvəlki turlarda matçdan öncə qar yağmışdı, biz hazır vəziyyətə gətirmişdik. Bu oyunda da hazır idik ki, meydanı təmizləyək. Amma burda başqa məsələ ortaya çıxdı. Biz bəzən meydanı texnika ilə təmizləyirik, bəzən texnikasız. Nə qədər çox texnika meydanda olsa, qazona bir o qədər zərər verə bilər. Bunu nəzərə alaraq, texnikasız - işçi qüvvəsi ilə, bellə təmizləməyə üstünlük veririk. Qar dayananda belə təmizləyirik. Son oyunda isə qar intensiv yağırdı. Səhər saat 5-dən etibarən yağmağa başlamışdı. Oyun gedəndə də qardavam edirdi. Belə şəraitdə qarı əllə təmizləmək mümkün deyil. Texnika daha tez təmizləyir. Qarın həcmi böyüdükdə çatdırmaq olmaz, mümkün deyil ki, bellə təmizlənsin. Klubun yox, rayon rəhbərliyinin qar təmizləmək üçün kiçik traktoru var. Şamaxıda qar yağanda küçələri, parkları təmizləyir. Sağ olsunlar, lazım olanda bizə təqdim edirlər. Bu dəfə də hazır idik ki, o traktoru cəlb edək. O traktor gəlsəydi, PFL-in, AFFA-nın yardımına ehtiyac qalmayacaqdı. Necə ki, əvvəlki qar olan oyunlarda da belə olmuşdu. Traktor stadion traktoru deyil. Texniki cəhətdən meydançaya uyğun deyil. PFL-dən dedilər ki, istəmirik meydançaya belə traktor girsin, çox ziyan vurur. Düzdü, stadion AFFA-nındı, amma biz də burda oynayırıq, bərbad vəziyyətə gətirilməsini istəmərik, qoruyuruq. Dedik ki, yaxşı. Əllə təmizləmək mümkün deyil, qar intensiv yağır, biz gətirəcəyimiz traktora razı deyilsiz. Siz dediyiniz də Bakıdadı. O traktor mən bildiyim qədəri ilə cəmi bir ədəddi. Ola bilər ki, yanılım, məncə, bir ədəddi. Amma faktdı ki, Şamaxıda yoxdu. Adamın Allahı var, PFL və AFFA o traktoru Şamaxıya gətizdirdilər. Traktor da meydanı təmizlədi. AFFA və PFL bizə yardım etdilər, xeyli köməkləri dəydi. Amma o traktor Bakıdan gəlməsəydi, bizim əlimizdə olan texnika üçün icazə verilsəydi, həmişəki kimi təmizləyib, çatdıracaqdıq. Əlimizi yanımıza qoymamışdıq ki, gəlin kömək edin. Bundan əvvəl necə təmizləmişik, bu oyunda da elə edəcəkdik. Əvvəl təmizləyəndə PFL və AFFA-nın köməyi olmayıb. Düzdü, məsləhətləşirik, deyirlər ki, nə kömək lazım olsa, əsirgəmərik”.
MÜZƏFFƏR QULUZADƏ