EN

Türkologiyanın tarixində Birinci Türkoloji Qurultayın yeri

Bakı, 25 fevral, AZƏRTAC

Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyi ilə əlaqədar silsilə materiallar davam etdirilir. AZƏRTAC Qarabağ Universiteti Elm şöbəsinin müdiri filologiya elmləri doktoru Elçin İbrahimovun “Türkologiyanın tarixində Birinci Türkoloji Qurultayın yeri” məqaləsini ixtisarla təqdim edir.

Elmi ədəbiyyatda “Birinci Türkoloji Qurultay”, “Bakı Türkoloji Qurultayı”, “1926 Bakı Qurultayı” adları ilə də tanınan Birinci Türkoloji Qurultay türk xalqlarının dil, mədəniyyət və əməkdaşlıq məsələlərini araşdıran alimləri ilk dəfə geniş şəkildə bir araya gətirib. Qurultayın rəsmi adı isə proqramda “Birinci Ümumittifaq Türkoloji Qurultay” kimi göstərilib. Qurultayda imla və orfoqrafiya problemləri, terminologiya, tədris və metodika məsələləri, qohum və qonşu dillərin qarşılıqlı əlaqəsi və interferensiya problemləri, türk dillərinin ədəbi dil məsələləri, o cümlədən ortaq ədəbi dil problemi, həmçinin ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi məsələləri istiqamətlərində qərarlar qəbul edilib. 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay Türk dünyasının elmi birliyində və mədəni inteqrasiyasında mühüm dönüş nöqtəsi olub. Qurultay türk xalqlarının dillərinin, ədəbiyyatının, etnoqrafiyasının və tarixi-mədəni irsinin elmi öyrənilməsi üçün möhkəm nəzəri və praktik baza yaradıb.

Birinci Türkoloji Qurultayda Azərbaycan, Türkiyə, Almaniya, Macarıstan, Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Gürcüstan və Ermənistandan nümayəndələr iştirak ediblər. Həmçinin Krım, Tatarıstan, Başqırdıstan, Dağıstan, Çuvaşiya, Kalmıkiya, Kabarda-Balkar, İnquşetiya, Noqay ordası, Çeçenistan və digər bölgələrdən türk toplumlarını təmsil edən nümayəndələr qatılıb. Qurultayda 134 nəfər iştirak edib, 17 iclas keçirilib. İclaslarda Türk dünyasının dili, tarixi, etnogenezi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyəti ilə bağlı 38 məruzə təqdim olunub.

Təəssüf ki, stenoqramda adı çəkilən 59 çıxışın nə müəllif əlyazmaları, nə də tam stenoqrafik mətnləri bu günədək aşkar edilməyib. Ehtimal edilir ki, bu materiallar ya şəxsi arxivlərdə saxlanılır, ya da 1930-cu illərin repressiyalar zamanı məhv edilib.

Azərbaycan XX əsrdə dövlət müstəqilliyini bərpa etdikdən sonra Birinci Türkoloji Qurultaya dövlət səviyyəsində hüquqi qiymət verilib. 2005 və 2016-cı illərdə Prezident İlham Əliyevin sərəncamları ilə yubileylər qeyd olunub. Bu sərəncamlar Azərbaycanın türkologiya mərkəzi kimi tanınmasına kömək edib. Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı bu yubileyin dövlət səviyyəsində qeyd olunmasını nəzərdə tutur. Sərəncamda Qurultayın türk xalqlarının inteqrasiyasında rolu vurğulanır, latın əlifbasına keçidi xüsusi qeyd edilir. Türk dövlətləri arasında qardaşlıq və qarşılıqlı etimada əsaslanan müttəfiqlik münasibətləri möhkəmlənir, mədəni əməkdaşlıq əlaqələri isə getdikcə daha da dərinləşir. 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması ilə bağlı çağırışın yer alması da bu prosesin bariz göstəricisidir. Qurultay nə qədər elmi-intellektual zirvə olsa da, onun ardınca baş verən repressiyalar alimləri məhv edib, inkişafı gecikdirib. XX əsrin sonlarında Sovet İttifaqının süqutundan sonra Türk dünyasında yenidən intellektual canlanma yaşanıb. Bu yeni kontekstdə, Birinci Türkoloji Qurultayın 1926-cı ildə səsləndirdiyi ideyalar yenidən aktuallaşıb. 100 il sonra, Türk Dövlətləri Təşkilatının dəstəyi və Beynəlxalq Türk Akademiyası ilə Türk Dil Qurumunun nəzdində fəaliyyət göstərən Ortaq Əlifba Komissiyasının fəaliyyəti nəticəsində Türk dünyasında ortaq əlifba qəbul edilib. Bu, Qurultayın 100 illiyinə də töhfə verib. Ortaq əlifba ilə çap olunmuş ilk kitablar arasında Türk Akademiyası tərəfindən Abay Kunanbayın “Qara sözlər” və Çingiz Aytmatovun “Ağ gəmi” əsərləri yer alır. Bu əsərlərin təqdimatları Qazaxıstan və Qırğızıstanda keçirilib və Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında iştirakçılara hədiyyə edilib. 2026-cı il yubileyi elmi birlik ideyasının təntənəsidir. Birinci Türkoloji Qurultay həm tarixi hadisə, həm də Türk dünyasında elmi inteqrasiyanın davamlı təşəbbüsü kimi qiymətləndirilə bilər.

Chosen
32
azertag.az

1Sources