OpenAI şirkətinin əməliyyat direktoru Brad Lightcap bildirib ki, bazarda süni intellektə böyük maraq olsa da, bu texnologiya hələ şirkətlərin biznes proseslərinin ayrılmaz hissəsinə çevrilməyib. O, Nyu-Dehlidə keçirilən texnologiya sammitində çıxışı zamanı qeyd edib ki, əsas maneə modellərin keyfiyyəti deyil, korporativ mühitin mürəkkəbliyidir. Belə ki, böyük şirkətlərdə eyni vaxtda onlarla fərqli və bir-biri ilə zəif inteqrasiya olunmuş alət istifadə olunur.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Onun sözlərinə görə, məhz bu pərakəndəlik OpenAI-ni yeni platforma yaratmağa sövq edib. Fevralın əvvəlində istifadəyə verilmiş OpenAI Frontier platforması korporativ infrastrukturda süni intellekt agentlərinin hazırlanması və idarə olunması üçün nəzərdə tutulub. Şirkət bu məhsulun kommersiya modelini əməkdaş sayına görə lisenziya satışı üzərində deyil, ölçülə bilən biznes nəticələri əsasında qurmağı planlaşdırır.
Şirkətin maliyyə direktoru Sarah Friar isə 2025-ci ilin sonuna qədər OpenAI-nin illik gəlirinin 20 milyard ABŞ dollarına çatacağını proqnozlaşdırır. Onun sözlərinə görə, generativ süni intellekt həllərinə yüksək tələbat şirkəti resursları daim yenidən bölüşdürməyə vadar edir.