EN

Kremlin gizli rıçaqları: Ermənistan nə qədər müqavimət göstərə biləcək?

Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin bərpası məsələsi təkcə iqtisadi deyil, həm də ciddi geosiyasi məzmun daşıyır. Xüsusilə Zəngəzur istiqamətində nəzərdə tutulan marşrut ətrafında aparılan müzakirələr regional güclərin maraq toqquşmasını daha aydın göstərir. Ermənistanın daxili siyasi gündəmi, Rusiyanın bölgədəki təsir rıçaqları və Qərbin artan fəallığı fonunda layihənin taleyi həm İrəvanın siyasi kursu, həm də regionun gələcək təhlükəsizlik arxitekturası baxımından əhəmiyyətli hesab olunur.

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Rusiya Ermənistan üzərində müxtəlif təsir mexanizmlərini qoruyub saxlayır və bu alətlərdən biri də Ermənistan dəmir yollarıdır:

“Ermənistan iqtisadiyyatının mühüm sahələri, o cümlədən dəmir yolu infrastrukturu vaxtilə Rusiyadan alınmış kreditlər müqabilində faktiki olaraq Rusiya tərəfinin idarəçiliyinə verilib. Hazırda bu sahədə əsas qərarverici tərəf kimi Moskva çıxış edir. Rusiya müxtəlif vasitələrlə, o cümlədən nəqliyyat infrastrukturu üzərindən İrəvan hökumətinə təzyiq göstərməyə çalışır. Xüsusilə parlament seçkiləri ərəfəsində bu təsir imkanlarının artırılması və hakimiyyətin mövqeyinin zəiflədilməsi ehtimalı istisna edilmir. Məqsəd isə Rusiyaya yaxın siyasi qüvvələrin mövqelərinin gücləndirilməsi ola bilər. Ermənistan hakimiyyəti qarşıdakı seçkiləri həlledici mərhələ kimi qiymətləndirir və daxili dayaqlarla yanaşı, xarici dəstək axtarışını da intensivləşdirib. Bu kontekstdə İrəvanın Avropa İttifaqı və ABŞ-la əlaqələri gücləndirməyə çalışdığı və müəyyən dəstək əldə etdiyi müşahidə olunur.

Zəngəzur dəhlizi məsələsində isə Rusiya ilə Ermənistan hakimiyyəti arasında fikir ayrılıqları mövcuddur və son dövrlərdə Moskvanın bu mövzuda daha sərt və intensiv açıqlamalar verməsi diqqət çəkir. Bu da göstərir ki, nəqliyyat marşrutu ətrafındakı müzakirələr siyasi təzyiq elementinə çevrilib”.

“Bununla belə, Ermənistan dəmir yollarının Rusiyanın nəzarətində olması layihənin reallaşmasına həlledici maneə kimi qiymətləndirilməməlidir. Qeyd edilməlidir ki, Zəngəzur dəhlizinin keçdiyi istiqamətdə, xüsusilə Mehri bölgəsindən keçən təxminən 42 kilometrlik hissədə mövcud dəmir yolu xətti Ermənistan dəmir yollarının balansında olmayıb və tarixi baxımdan Azərbaycan dəmir yollarının mülkiyyəti hesab olunub. Bu baxımdan Rusiyanın həmin ərazi üzrə hüquqi əsaslarla hər hansı iddia irəli sürməsi və ya layihəyə birbaşa maneə yaratması real görünmür”,- deyə politoloq bildirib.

Onun sözlərinə görə, Moskvanın siyasi təsir rıçaqları mövcud olsa da, hüquqi və infrastruktur reallıqları nəzərə alındıqda, layihənin taleyi daha çox regional razılaşmalar və beynəlxalq siyasi balansdan asılı olacaq.

//Gülnarə Abasova, Editor.az

Chosen
26
editor.az

1Sources