EN

Ölümü ilə ölkəsini qarışdıran mafiya liderinin həyat hekayəsi 

Meksikada uzun illər axtarılan məşhur narkobaron Nemesio Oseguera Servantes – yəni “El Menço” – artıq həyatda deyil. 23 fevral 2026-cı ildə Xalisko ştatının Tapalpa bölgəsində keçirilən genişmiqyaslı federal əməliyyat nəticəsində onun öldürüldüyü rəsmən açıqlandı. Bununla da Meksika hüquq-mühafizə orqanlarının tarixindəki ən uzunmüddətli və çətin əməliyyatlardan biri başa çatmış oldu...

Nemesio Oseguera Servantes illərlə əlçatmaz və sirli bir fiqur kimi tanınırdı. Onun səhhəti ilə bağlı müxtəlif iddialar gəzir, xroniki böyrək xəstəliyindən əziyyət çəkdiyi, hətta dağlıq ərazilərdə gizli fəaliyyət göstərən xüsusi klinikalarda müalicə olunduğu bildirilirdi. Lakin sonda silahlı qarşıdurma zamanı öldürülməsi onun “toxunulmazlıq” mifini alt-üst etdi.

Onun rəhbərlik etdiyi “Xalisko Yeni Nəsil Karteli” (CJNG) qısa müddət ərzində Meksikanın ən qüdrətli cinayətkar qruplaşmalarından birinə çevrilmişdi. ABŞ-ın Narkotiklə Mübarizə İdarəsinin (DEA) məlumatına görə, bu təşkilat ölkənin 32 ştatından ən azı 28-də fəaliyyət göstərir. Təşkilat təkcə narkotik qaçaqmalçılığı ilə məhdudlaşmır; eyni zamanda şantaj, yanacaq oğurluğu və yerli bazarların nəzarətə götürülməsi kimi ağır cinayətləri də icra edirdi. Bəzi bölgələrdə kartel faktiki olaraq dövlətin funksiyalarını mənimsəyərək paralel bir idarəetmə sistemi qurmuşdu.

ABŞ təyyarəsi və şübhəli məqamlar

El Mençonun öldürülməsindən bir qədər əvvəl Toluka hava limanında ABŞ-a məxsus “Hercules C-130” hərbi təyyarəsinin görünməsi ciddi müzakirələrə yol açmışdı. Rəsmi açıqlamalarda bu uçuşun əvvəlcədən planlaşdırılmış təlim və logistika çərçivəsində olduğu bildirilsə də, hadisələrin ardıcıllığı şübhələri artırırdı. Vaşinqtonun son illərdə Meksika hökumətinə kartellərə qarşı daha sərt addımlar atması üçün göstərdiyi ciddi təzyiqlər sirr deyil. Təhlükəsizlik ekspertləri hesab edirlər ki, El Mençonun yerinin dəqiqliklə müəyyən edilməsində ABŞ-ın texniki kəşfiyyat dəstəyi və peyk müşahidə imkanları həlledici rol oynamış ola bilər.

Kartelin siyasətə uzanan qanlı əlləri

CJNG-nin gücü təkcə silah arsenalından deyil, həm də siyasi nüfuzundan gəlirdi. El Menço bəzi ştatlarda seçki kampaniyalarına gizli yollarla külli miqdarda maliyyə ayırır, yerli siyasətçilərə göstərilən dəstək müqabilində kartel üçün “toxunulmazlıq zonaları” yaradırdı. Bu korrupsiya sistemi nəticəsində bir çox bölgədə dövlət strukturları ilə cinayətkar şəbəkələr arasındakı sərhəd demək olar ki, yox olmuşdu. Polisin və yerli idarəetmə orqanlarının kartelin nəzarətinə keçməsi onun mövqelərini sarsılmaz edirdi.

Narkomüharibələrin yeni mərhələsi: Bundan sonra nə olacaq?

El Mençonun ölümü böyük strateji zərbə sayılsa da, bu, Meksikada kartellər erasının sonu demək deyil. Tarixi təcrübə göstərir ki, İsmael “El Mayo” Zambada və Xoakin Quzman Lopes kimi liderlərin həbsi və ya ölümü cinayət dünyasında sadəcə fiqurların yerini dəyişir. İndi kartel daxilində hakimiyyət uğrunda daxili çəkişmələrin başlayacağı və yeni iddialı liderlərin önə çıxacağı gözlənilir.

ABŞ üçün hazırda ən kritik problem fentanil kimi sintetik narkotiklərin ölkəyə axınıdır. Vaşinqton həm Sinaloa, həm də Xalisko kartellərini milli təhlükə hesab edir və strategiyasını təkcə liderlərin fiziki məhvi üzərində deyil, həm də onların maliyyə və logistika şəbəkələrinin tamamilə iflic edilməsi üzərində qurur.

El Mençonun ölümü qanlı bir mərhələnin sonudur, lakin Meksikanın narkokartellərlə mübarizəsinin hələ uzun illər davam edəcəyi və bu “müharibənin” yeni qurbanlar tələb edəcəyi acı bir həqiqətdir. (Yeniçağ.az)

Poliqon.info


 
 
 

Chosen
25
poliqon.info

1Sources