Orda - AMEA-da alimlər yatır...
Köşəmi mərhum şairimiz Məmməd İsmayılın mənim üçün dəyərli olan şeirindən poetik bir misranın ovqatı ilə başlamağım səbəbsiz deyil. O şeirdə bir haray var - zamanın içindən gələn, insanın ruhuna toxunan bir haray:
Orda - Savalanda bir igid yatır,
Hələ ki, uyuyur qılıncı qında.
Hələ ki, yanında gözləyir atı,
Hələ ki, arzusu yol ayrıcında.
Qınından sıyrılar o qılınc haçan?!
Bir ildə, beş ildə, on ildə bilmir...
Mən bu şeiri Məmməd İsmayılın düz yamacında, şəxsən öz dilindən eşidəndə "Şah İsmayıl Xətainin öydüyümüz 13-14 yaşı"mda idim. Ölkə çalxalanırdı. Sovet imperiyası dağılırdı. Respublikalarda müstəqillik harayı yüksəlirdi. Xalqın ümidlə qorxu arasında qaldığı, amma yenə də sabahın ümidinə sarıldığı illər idi.
Şeirin məramı başqa olsa da, mən o yaşımın saf düşüncəsi ilə ümidimi həmin “yatan igid”ə bağlamışdım. İçimdə onu danlayır, az qalırdım gedib oyadım ki - “Qalx! Bu xalqın ümidi sənədir! Sən oyanmasan, hər şey əldən gedəcək!”