EN

Yanukoviçin sabiq müşavirinin qatili saxlanıldı

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Almaniyada Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviçin müşaviri olmuş Andrey Portnovun qətli ilə bağlı şübhəli şəxs saxlanılıb.

İspaniyanın “Antena 3” telekanalının yaydığı məlumata görə, saxlanılan şəxs Ukrayna vətəndaşıdır. O, 25 fevral tarixində Almaniyanın Haynsberq şəhərində həbs edilib.

Andrey Portnov 2025-ci ilin mayında İspaniyada, Madrid yaxınlığındakı Posuelo-de-Alarkon şəhərində qətlə yetirilib. İspaniyada nəşr olunan “El País” qəzetinin yazdığına görə, Portnov uşaqlarını apardığı elit Amerika məktəbinin girişində beş dəfə güllələnib.

Ukraynanın “Sxemı” araşdırma layihəsinin istintaq mənbələri bildiriblər ki, hücum edənlərin sayı iki və ya üç nəfər olub. Ölümcül atəş isə arxadan baş nahiyəsinə açılıb.

1973-cü ildə Luqanskda anadan olan Portnov 2006–2010-cu illərdə Ukrayna Ali Radasının deputatı olub və “Yuliya Timoşenko Bloku”nu təmsil edib. Daha sonra o, Prezident Administrasiyasında rəhbər vəzifələrdə çalışıb, o cümlədən Yanukoviçin müşaviri kimi məhkəmə-hüquq istiqamətinə kuratorluq edib.

2014-cü ilin fevralında Ukraynada hakimiyyət dəyişikliyindən sonra vəzifəsindən azad edilən Portnov əvvəlcə Rusiyaya, daha sonra isə Vyanaya köçüb. 2019-cu ildə – Volodimir Zelenskinin andiçmə mərasimindən bir gün əvvəl Kiyevə qayıdıb.

Portnov 2018-ci ildə prorusiya mövqeyi ilə tanınan “NewsOne“ telekanalına rəhbərlik edib. 2022-ci il iyunun 3-də isə Zakarpatye vilayəti üzərindən Ukrayna ərazisini tərk edib.

2021-ci ilin dekabrından etibarən Portnov ABŞ-nin “Maqnitski Aktı” çərçivəsində sanksiyalar siyahısına salınmışdı. O, Ukrayna məhkəmələrinə təsir alverində və korrupsiya əməllərində ittiham olunurdu. Bu siyahıya insan hüquqlarının pozulması və iri miqyaslı korrupsiyada iştirak edən yüksək vəzifəli şəxslər daxil edilir.

Hazırda Almaniyada saxlanılan şəxsin Portnovun qətlində birbaşa iştirakı ilə bağlı istintaq tədbirləri davam etdirilir.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
33
azpolitika.info

1Sources