Braziliyada aktyoru ailəsinin gözü qarşısında GÜLLƏLƏNDİ
Ajans.az yerli mediaya istinadən xəbər verir ki, naməlum şəxslər aktyorun evinə gələrək avtomat silahlardan atəş açıblar. Ağır güllə yaraları alan sənətçi təcili tibbi yardım gələnədək hadisə yerində dünyasını dəyişib. Hücumun qurbanı 33 yaşlı Moisés Trindade Barbosa Ferreira olub. Faktla bağlı Bahia ştat polisinin araşdırma apardığı, hücumu törədən şəxslərin axtarışına başlanıldığı bildirilir. Qətlin motivləri hələlik açıqlanmayıb. Mərhum Salvadorun mədəni və bədii mühitində yaxşı tanınırdı. O, bir neçə teatr truppasında çıxış edib, həmçinin bir il əvvəl açdığı bar qısa müddətdə yerli sakinlər üçün məşhur görüş məkanına çevrilib. Aktyor ictimai fəaliyyətlərdə fəal iştirak edir, favelalarda həyatla bağlı tamaşalar səhnələşdirir və cinayətkarlığa qarşı mübarizəyə çağırışlar edirdi. Onun yaxın dostlarının sözlərinə görə, Moisésin gələcək üçün çoxsaylı planları var idi və o, insanların cinayət mühitindən uzaqlaşmasına səmimi şəkildə kömək etməyə çalışırdı.