Cənubi Qafqaz geosiyasi baxımdan Avrasiya məkanının ən həssas bölgələrindən biridir. Bu region üzərində nəzarət tarix boyu imperiya siyasətinin əsas istiqamətlərindən biri olmuşdur. Rusiya imperiyası, Sovet İttifaqı və müasir Rusiya Federasiyası üçün Azərbaycan yalnız coğrafi məkan deyil, həm də strateji enerji resursları, nəqliyyat dəhlizləri və geosiyasi təsir nöqtəsi kimi çıxış etmişdir. Bu baxımdan Rusiyanın Azərbaycana münasibətdə siyasəti epizodik deyil, davamlı, sistemli və çoxşaxəli təsir strategiyası kimi xarakterizə olunur. Bu strategiya hərbi, siyasi, demoqrafik, iqtisadi və informasiya alətlərinin kompleks tətbiqinə əsaslanmışdır.

200 illik tarix
Rusiya–Azərbaycan münasibətləri iki əsrdən artıq bir tarixi mərhələni əhatə edir. Bu münasibətlərdə həm əməkdaşlıq, həm də geosiyasi rəqabət elementləri paralel şəkildə mövcud olub. Tarixi gerçəklik ondan ibarətdir ki, region daim böyük güclərin maraq dairəsində yerləşib və imperiya siyasəti müxtəlif formalarda özünü göstərib. Dünənin mirası, bu günün reallıqları və gələcəyin perspektivləri məhz bu kontekstdə qiymətləndirilməlidir.
XIX əsrin əvvəllərində Cənubi Qafqaz uğrunda Rusiya–Qacar qarşıdurması regionun taleyini dəyişdi. 1813-cü il Gülüstan müqaviləsi və 1828-ci il Türkmənçay müqaviləsi nəticəsində Azərbaycan torpaqları iki yerə bölündü və şimal hissə Rusiya imperiyasının tərkibinə qatıldı. Bu mərhələ, yəni mərkəzdən idarəetmə və inzibati nəzarət, demoqrafik dəyişikliklər və iqtisadi resursların, xüsusilə neftin imperiya maraqlarına uyğun istismarı dövlət siyasətinin klassik xüsusiyyətlərini özündə daşıyırdı. XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakı dünyanın aparıcı neft mərkəzlərindən birinə çevrildi və bu, Rusiyanın regiona marağını daha da gücləndirdi.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan sovetləşdirildi və Sovet İttifaqı tərkibinə daxil oldu. Bu dövrdə formal olaraq respublika statusu verilsə də, real siyasi qərarlar Moskvada qəbul edilirdi. Sovet mərhələsində sənayeləşmə və təhsil sistemi inkişaf etdirilsə də milli kimlik üzərində ideoloji nəzarət mövcud idi. Qarabağ məsələsi inzibati qərarlarla gələcək münaqişənin əsasını qoydu. Bu dövr imperiya siyasətinin daha mərkəzləşdirilmiş və ideoloji forması kimi xarakterizə edilə bilər.

Geosiyasi balans və praqmatik əməkdaşlıq
Sovet İttifaqının dağılmasına gətirib çıxaran hadisələrdən sonra Azərbaycan müstəqilliyini bərpa etdi. Amma Moskva baş verənlərlə razılaşmadı, postsovet məkanında təsirini qorumaq və genişləndirmək üçün 1991-ci ildən sonra çoxşaxəli strategiya həyata keçirmək planını realizə etməyə başladı. Bu strategiya hərbi, siyasi, iqtisadi və informasiya alətlərinin kombinasiyasına əsaslanırdı. Rusiya 1992-ci ildə yaradılan və sonradan institusionallaşan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı vasitəsilə bəzi postsovet ölkələrini öz təhlükəsizlik orbitində saxlamağa çalışdı. Bu təşkilat hazırda Moskvanın regionda hərbi legitimlik aləti kimi çıxış edir.
Rusiya Ermənistanda (Gümrü bazası), Qırğızıstanda, Tacikistanda, eləcə də separatçı bölgələrdə öz varlığını hərbi bazaları, silahlı qüvvələri ilə təqdim edir. Bu, təhlükəsizlik asılılığı yaratmaq üçün effektiv vasitələrdəndir. Rusiya postsovet məkanında, Abxaziya, Cənubi Osetiya və Dnestryanı kimi bir sıra münaqişələrdən sui-istifadə edərək bu regionlarda əsas söz sahibi olmağa hələ də iddialıdır. Bu münaqişələr Moskva üçün təsir rıçağı rolunu oynayır.Digər tərəfdən, Rusiya enerji resurslarından siyasi təsir vasitəsi kimi istifadə edir. “Gazprom” və digər dövlət şirkətləri qaz və neft təchizatı üzərindən bir sıra ölkələrə təsir göstərir. 2015-ci ildə yaradılan Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzdə iqtisadi inteqrasiyanı dərinləşdirmək və postsovet ölkələrini vahid bazarda birləşdirmək məqsədini bəyan etsə də, bu da təsir rıçaqlarından biri kimi işarələnir.
Digər bir məsələ siyasi və diplomatik təsirdir. Rusdilli əhali və “soydaşların müdafiəsi” adı altında yenilənmiş köhnə konsepsiya da Moskvanın əsas oyunu, təxribatlar törətmək üçün katalizatorudur. Məhz seçkilər və daxili siyasətə dolayı təsirlər, o cümlədən regional elitalarla sıx əlaqələr vasitəsilə nəzarəti həyata keçirən Rusiya bunu 2008-ci ildə Gürcüstan ilə müharibə, 2014-cü ildə Krım hadisələri ilə sübut etdi və Kremlin sərt güc tətbiq etməkdən çəkinmədiyini göstərdi.
Moskva postsovet məkanında rusdilli medianın inkişafında maraqlı olduğunu heç vaxt gizlətmir. Çünki bu informasiya məkanı onun “yumşaq güc”üdür. Rusdilli məktəblərdə təhsil və mədəniyyət proqramları, pravoslav kilsəsi və mədəni bağlar üzərindən həyata keçirilən siyasi mexanizmlər postsovet ölkələrində ictimai rəyə təsir göstərmək üçün istifadə edilirdi və bu gün də buna cəhdlər edilir.

Klassik imperiya üsulları
Bu gün “mərkəzdənqaçan” postsovet ölkələrinin NATO və Aİ ilə yaxınlaşmasını Rusiya öz təhlükəsizliyinə təhdid kimi qiymətləndirir. Ukrayna, Gürcüstan və bu gün Ermənistanın atdığı addımlar Moskvanın daha sərt reaksiyasına səbəb olur. Azərbaycan zatən bu dairədən birdəfəlik çıxıb. Kremlin çabaları isə “daldan atılan daş…” el məsəlinə bənzəyir. Bir sözlə, Rusiya postsovet məkanında təsirini qorumaq üçün klassik imperiya üsullarını müasir alətlərlə birləşdirmək iddiasından əl çəkmir. Hərbi mövcudluq, enerji asılılığı, inteqrasiya layihələri, informasiya təsiri və münaqişələr üzərindən nəzarət kimi strategiyalar bəzi ölkələrdə uğurlu olsa da, digərlərində əks-effekt yaradaraq Qərbə inteqrasiyanı sürətləndirir. Gələcəkdə isə bu təsirin davamlılığı region ölkələrinin suveren qərarları və qlobal güc balansından asılı olacaq.
Müasir mərhələdə Rusiya ilə müstəqil-postsovet ölkələr arasında münasibətlər təhlükəsizlik, enerji və nəqliyyat, balanslaşdırılmış xarici siyasətlə xarakterizə olunur. Rusiya Ermənistanda hərbi-siyasi aktor olaraq qalsa da,Azərbaycan müstəqil enerji siyasəti yürüdür və alternativ marşrutlar formalaşdırır. Azərbaycan həm Rusiya, həm Qərb, həm də regional güclərlə paralel münasibətlər saxlayır. 2020-ci il İkinci Qarabağ müharibəsi və sonrakı proseslər Rusiyanın regiondakı rolunda korrektələr etdi. Moskvanın bir tərəfdən vasitəçi, digər tərəfdən isə təsir mexanizmlərinə malik aktor kimi çıxış etmək istəyi onun regionu itirməsini sürətləndirməklə nəticələndidi.
Regional inteqrasiya və yeni təhlükəsizlik arxitekturası Cənubi Qafqaz ölkələrinin daha müstəqil platforma yaratmasına təkan verib. Bu gün Azərbaycan üçün əsas prioritet dövlət suverenliyinin qorunması, iqtisadi və enerji müstəqilliyinin gücləndirilməsi, çoxvektorlu diplomatiyanın davam etdirilməsidir. Rusiya–Azərbaycan münasibətlərində tarixi gerçəklik imperiya siyasətinin müxtəlif formalarda təzahür etdiyini göstərir. Çar dövründən sovet mərhələsinə, oradan isə müasir geosiyasi balans siyasətinə qədər münasibətlər dəyişsə də, əsas strateji maraqlar sabit qalıb.
Bu gün münasibətlər nə tam qarşıdurma, nə də tam ittifaq xarakteri daşıyır. Onlar daha çox praqmatik balans üzərində qurulub. Gələcək isə Azərbaycanın milli maraqları, regional güc balansı və qlobal siyasi transformasiyalar fonunda formalaşacaq.

İşğal, parçalama və demoqrafik transformasiya
Rusiya-Azərbaycan münasibətlərinin indiki şəkillənməsinə səbəb olan faktları üzə çıxarmaq üçün tarixə müraciət etməyimiz yerinə düşər. XIX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqaza ekspansiyası Azərbaycanın tarixi inkişaf trayektoriyasını kəskin şəkildə dəyişdirdi. Gülüstan müqaviləsi və Türkmənçay müqaviləsi nəticəsində Azərbaycan torpaqları iki hissəyə bölündü və şimal ərazilər imperiyanın tərkibinə qatıldı. Bu, yalnız ərazi itkisi deyil, həm də siyasi subyektivliyin ləğvi idi.
Rusiya imperiyası işğal olunmuş ərazilərdə klassik müstəmləkə siyasətindən istifadə edərək yerli idarəçilik institutlarının üstündən xətt çəkdi, hərbi-administrativ idarəetmə tətbiq etdi və regionun etnik strukturunu dəyişdirdi. Xüsusilə erməni əhalinin İran və Osmanlı ərazilərindən köçürülməsi strateji demoqrafik mühəndislik idi. Bu siyasət gələcək etnik qarşıdurmalar üçün zəmin yaratdı və Qarabağ məsələsinin ilkin konturlarını formalaşdırdı. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti isə regionda müstəqil dövlətçilik ənənəsinin bərpası idi. Lakin bu dövlətin mövcudluğunu Rusiya heç cür qəbul etmirdi. 1920-ci ildə bolşevik Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan işğal edildi. Bu hadisə milli suverenliyin ləğvi, siyasi elitanın fiziki məhvi, iqtisadi resursların mərkəzləşdirilməsi ilə nəticələndi. Sovet hakimiyyəti faktiki olaraq Azərbaycanın siyasi qərarvermə imkanlarını tam şəkildə Moskvaya tabe etdi.
Sovet dövründə yaradılmış “Dağlıq Qarabağ Muxtar Vilayəti” Moskvanın “parçala və hökm sür” siyasətinin klassik nümunəsi idi. Bu modelin əsas xüsusiyyətləri süni inzibati sərhədlər, etnik ziddiyyətlərin saxlanılması, mərkəzdən asılılığın qorunması üzərində formalaşmışdı. 1980-ci illərin sonlarında SSRİ zəiflədikdə bu “dondurulmuş konflikt” aktiv fazaya keçdi. Yaxın tariximizdən də bəlli olur ki, Rusiyanın bu mərhələdə siyasəti ikili xarakter daşıyırdı. Münaqişəni tam həll etməmək və regionda təsir rıçağı kimi istifadə etmək. Beləliklə, Qarabağ problemi Moskvanın əlində geosiyasi alətə çevrildi.

Rusiyanın növbəti cinayəti – 20 Yanvar
1990-cı ildə baş verən 20 Yanvar faciəsi Sovet imperiyasının dağılma mərhələsində güc nümayişinin kulminasiya nöqtəsi idi. Sovet ordusunun Bakıya yeridilməsi mülki əhaliyə qarşı silahlı zorakılıq, milli azadlıq hərəkatının boğulması, psixoloji intimidasiya məqsədi daşıyırdı. Bu hadisə imperiya idarəetməsinin son mərhələsində belə zor faktorunun əsas alət olduğunu göstərdi.
20 Yanvar hadisələri Sovet İttifaqı rəhbərliyinin, xüsusilə də Mixail Qorbaçovun birbaşa planı və erməni lobbisi ilə birgə fəaliyyəti nəticəsində reallaşdı. Bakıya qoşun yeridildi. Rəsmi səbəb kimi “ictimai asayişin bərpası” göstərilsə də, faktiki olaraq bu addımın səbəbləri daha dəhşətli idi. Yanvar cinayəti Rusiyanın imperiya xarakterindən bir addım da geri çəkilmədiyini göstərdi və Azərbaycanda güclənən müstəqillik hərəkatını və siyasi etirazları boğmaq məqsədi daşıyırdı.
Nəticədə çox sayda dinc sakin həlak oldu, yüzlərlə insan yaralandı. Bu barədə siyasi qərar, fövqəladə vəziyyətin elan olunması və qoşun yeridilməsi qərarı Moskvada qəbul edilmişdi. Hərbi əməliyyatı SSRİ Müdafiə Nazirliyi və Daxili İşlər strukturları həyata keçirmişdi. Hadisədən əvvəl Bakıda televiziya qülləsinin enerji bloku partladılmış, informasiya yayımı dayandırılmışdı. Azərbaycan Respublikasının rəsmi mövqeyinə görə, bu hadisə sovet rəhbərliyi tərəfindən törədilmiş hərbi-siyasi cinayət idi.
20 Yanvar hadisəsi Azərbaycan tarixində müstəqilliyə aparan dönüş nöqtələrindən biri hesab olunur. 1994-cü ildə Azərbaycan Parlamenti hadisəyə siyasi-hüquqi qiymət verərək onu hərbi təcavüz və cinayət kimi tanımışdır. Hər il 20 Yanvar ümumxalq hüzn günü kimi qeyd edilir.

Rusiya ordusu Xocalı qəsliamında
1992-ci ildə baş vermiş Xocalı soyqırımı Qarabağ müharibəsinin ən faciəli epizodlarından biridir. Bu hadisə ilə bağlı müxtəlif mənbələrdə keçmiş sovet ordusunun bölmələrinin iştirakı barədə təkzibedilməz faktlar var. Bunlar münaqişənin yalnız lokal deyil, həm də beynəlxalq və post-sovet hərbi strukturların təsiri altında baş verdiyini göstərir. Xocalı soyqırımı 1992-ci ilin 25–26 fevral tarixində baş verib. Həmin gecə şəhər erməni silahlı qüvvələri tərəfindən hücuma məruz qalıb. Şəhərdən çıxmağa çalışan mülki azərbaycanlılara atəşə tutulub. Rəsmi məlumata görə, 613 nəfər həlak olub (63 uşaq, 106 qadın, 70 qoca), yüzlərlə insan yaralanıb və əsir götürülüb. Azərbaycan və dünyanın bir çox ölkələri bu hadisəni soyqırımı kimi qiymətləndirir.
Rusiyanın Xocalı qətliamında iştirakı məsələsinə gəlincə, hadisə zamanı bölgədə keçmiş SSRİ ordusunun hissələri mövcud idi. Xüsusilə, 366-cı motoatıcı alay həmin dövrdə Xankəndi şəhərində yerləşirdi. Alayın bəzi hərbçiləri və texnikası hücumda iştirak edib və erməni silahlı dəstələrinə dəstək verib. Rusiya tərəfi isə dövlət səviyyəsində hadisədə rəsmi iştirakını qəbul etmir. Tarixçilər və beynəlxalq araşdırmalar göstərir ki, SSRİ dağıldıqdan sonra bölgədə nəzarətsiz qalan silah və hərbi hissələr münaqişənin gedişinə təsir göstərib. 366-cı alay sonradan bölgədən çıxarılıb və şəxsi heyətin bir hissəsinin erməni tərəfinə qoşulduğu barədə məlumatlar var.

366-cı alay kimi tımsil edirdi?
366-cı motoatıcı alay keçmiş Sovet İttifaqı ordusuna məxsus hərbi hissə idi. SSRİ dağıldıqdan sonra alay faktiki olaraq Xankəndi şəhərində yerləşirdi. Şəxsi heyətin əhəmiyyətli hissəsinin erməni əsilli zabit və hərbçilərdən ibarət idi. 1992-ci ilin martında, yəni Xocalıda baş verən qanlı hadisələrdən sonra alay bölgədən çıxarılmışdı və sonradan ləğv edilmişdi. Azərbaycanın rəsmi mövqeyinə görə, hərbi texnika və silah dəstəyi – 366-cı alayın zirehli texnikası və ağır silahları Xocalıya hücumda istifadə olunmuşdur. Şəxsi heyətin iştirakı – Alayın bəzi zabit və əsgərlərinin birbaşa əməliyyatda iştirak etdiyi şahid ifadələri ilə tam olaraq sübuta yetirilib.
SSRİ dağıldıqdan sonra bölgədə yerləşən hərbi hissələrin Rusiyanın mərkəzi komandanlığı tərəfindən bilərəkdən, məqsədli şəkildə effektiv nəzarətdə saxlanılmaması silah və texnikanın münaqişə tərəfi kimi ermənilərin əlinə keçməsinə şərait yaratmışdı. Bəzi rus mənbələrində alayın bu hadisələrdə rəsmi şəkildə iştirak etmədiyi deyilsə də, danılmaz faktlar ortadadır. Hərbçilərin bəziləri fərdi qaydada ermənilər tərəfdə döyüşdüyünə dair qeydlər kifayət qədərdir, alayın bütün şəxsi heyətinin iştirak etdiyi əməliyyatlar da az deyil. Azərbaycan tərəfinin və bir sıra beynəlxalq mənbələrin məlumatına görə, hücum Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilmiş, əməliyyatda keçmiş SSRİ (Rusiya) ordusunun 366-cı motoatıcı alayının şəxsi heyəti iştirak etmişdir.
Əslində Azərbaycanın I Qarabağ müharibəsində məğlub duruma düşməsində Rusiyanın və onun regionda yerləşdirdiyi hərbçilərinin rolu böyükdür.

“İdarə olunan qeyri-sabitlik” siyasəti nədir?
“İdarə olunan qeyri-sabitlik” termini beynəlxalq münasibətlərdə bir dövlətin qonşu və ya təsir dairəsindəki bölgələrdə münaqişə və ya siyasi gərginliyi tam həll etmədən, idarə olunan səviyyədə saxlayaraq təsir rıçaqlarını qoruması kimi izah olunur. Bu anlayış rəsmi doktrina kimi elan edilməsə də, bəzi analitiklər Rusiyanın postsovet məkanındakı davranışını belə xarakterizə edirlər.
Bu yanaşmanın iddia edilən məqsədləri həmin ölkələrin təhlükəsizlik və xarici siyasət qərarlarına təsir göstərmək, Qərb institutlarına, o cümlədən NATO və Avropa İttifaqına inteqrasiyanı çətinləşdirmək, regional vasitəçi və ya “təhlükəsizlik təminatçısı” rolunu saxlamaqdır. Moldova ərazisindəki Dnestryanı, Gürcüstandakı Abxaziya və Cənubi Osetiya, Ukraynadakı Donbas və 2023-cü ilə qədər Azərbaycandakı “Dağlıq Qarabağ” kimi bölgələrdə Rusiya hərbi mövcudluq saxlayıb və ya sülhməramlı missiyalarla təsirini davam etdirib. Həmçinin yerli separatçı qurumlara siyasi, iqtisadi və ya təhlükəsizlik dəstəyi göstərib. Münaqişələrin “tam həllini” sürətləndirməkdə maraqlı olmayıb.
Rusiya isə bunu fərqli təqdim edib. Rus rəsmiləri öz siyasətlərini “regional sabitliyin qorunması”, “rusdilli əhalinin müdafiəsi” və “təhlükəsizlik balansının saxlanması” kimi izah edirlər. Amma “ikili standartlar”dan çıxış edən Rusiyaya qarşı səsləndirilən əsas ittihamlar ərazi bütövlüyü prinsipi, beynəlxalq hüququn pozulması olsa da, Moskva öz addımlarını fərqli tərəfdən əsaslandırıb və bu gün də ona cəhd edir. Bölgədəki münaqişələrin yaranması və davam etməsi çoxfaktorludur və etnik gərginliklər, sovet mirası, yerli siyasi proseslər, regional güclərin rəqabəti və Qərb–Rusiya münasibətləri bu proseslərə təsir edib.
Rusiya regionda təsirini itirməmək üçün hələ ötən əsrin son on illiyində idarə olunan qeyri-sabitlik, ikili siyasət, enerji və təhlükəsizlik rıçaqları yeni strategiya tətbiq edib. Qarabağ münaqişəsi uzun müddət “dondurulmuş konflikt” kimi saxlanılıb. Ermənistanla hərbi müttəfiqlik, Azərbaycana silah satışı kimi yeni model regionda balansı Rusiya nəzarətində saxlamağa xidmət edib. Üstəlik enerji marşrutları və təhlükəsizlik məsələləri Moskvanın əsas təsir alətləri olaraq qalıb. Müasir dövrdə təsir yalnız hərbi vasitələrlə məhdudlaşmır. Rusiya müxtəlif “yumşaq güc” alətlərindən istifadə edib və bu gün də edir.

Rusiyanın davam edən təxribatları
AZAL təyyarəsinin vurulması
25 dekabrın 2024-cü ildə Bakı-Qroznı reysi ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi Rusiya hava məkanında vuruldu və təxminən 38 nəfər həlak oldu. Bu qəzada təyyarə Rusiya Hava Hücumundan Müdafiə sistemləri tərəfindən atılan raketlərin təsiri altında qəzaya düşdüyü bildirilir. Başlanğıcda Moskva tərəfi bu insidenti “tragik təsadüf” kimi qiymətləndirdi, lakin Vladimir Putin 2025-ci ilin oktyabrında bu insidentin Rusiya hərbi hava müdafiə sistemləri ilə bağlı olduğunu açıq şəkildə qəbul etdi və məsul şəxslərin cəzalandırılacağına və kompensasiya veriləcəyinə söz verdi.
Azərbaycan tərəfi isə məsələni sadəcə “qəza” deyil, həm hüquqi məsuliyyət, həm də Rusiyanın olayın səbəblərini bilərəkdən ört-basdır etməsi və lazımi araşdırma aparmaması, siyasi məsuliyyət daşıması kimi qiymətləndirdi. Və hadisə Azərbaycan–Rusiya münasibətlərində ciddi gərginlik yaratdı, iki ölkə arasında dialoqlar pozuldu. Azərbaycan diasporasına qədər uzanan təxribatlar Moskvanın milli və dini siyasətində ayrıseçkiliyi, ikili standartları bir daha üzə çıxardı.
Son dövrlərdə, xüsusilə AZAL təyyarəsi ilə bağlı gərginlikdən sonra Moskva–Bakı münasibətlərində həssaslıq artmışdı. Əgər hansısa qüvvələr Azərbaycanla Rusiya arasında münasibətləri daha da gərginləşdirmək istəyirdisə, belə təxribat qarşılıqlı ittihamların artmasına, informasiya müharibəsinin dərinləşməsinə, geosiyasi balansın dəyişməsinə səbəb ola bilərdi.

“5-ci kolon”un dövlət çevrilişinə cəhdində Rusiya izi
Azərbaycanda media orqanları və siyasətçilərin “5-ci kolon” ifadəsindən istifadə edərkən hansı ölkəyə işarə vurduqları yeni deyil. Rusiya ilə əlaqəli olduğu iddia edilən bu şəxslər əksər hallarda Azərbaycanın daxili işlərinə xarici təsir göstərmək cəhdləri, gizli agent şəbəkələri və siyasi manipulyasiya kimi kontekstlərdə qabardılır. “Ramiz Mehdiyev işi”ndə də Rusiyanın adı qabarıq şəkildə keçir. 2025-ci ilin payızında bəzi xəbərlərdə Ramiz Mehdiyev-in “Rusiya dəstəyi ilə çevriliş planı hazırlaması” faktı ortaya çıxdı. Keçmiş dövlət məmuru DTX-nin istintaqına cəlb edildi. Buna görə Mehdiyev ev dustaqlığına alındı və ona qarşı “dövlətə xəyanət” və “hakimiyyəti zorla ələ keçirməyə cəhd” ittihamları irəli sürüldü.
Bir sıra mənbələrdə isə bu iddialar “Rusiya mexanizmləri tərəfindən Azərbaycanda təsir şəbəkəsi qurmaq cəhdləri” kimi şərh olunub, bəzi siyasətçilər isə bunu “Rusiya beşinci kolonunun elementi” adlandırıblar. Radikal müxalif partiyanın sədri Əli Kərimli də bu çərçivədə digərləri ilə birlikdə hakimiyyəti zorla dəyişdirmə iddialarında adı hallananlardandır. O, hakimiyyəti devirmək, bəlli xarici ölkənin (yəni Rusiyanın) istəklərinə uyğun, onun çətiri altına girmiş bir rejimin qurulmasına çalışıb və bunun üçün cəmiyyətə “mənim düşmənim” deyə təqdim etdiyi Ramiz Mehdiyevin qurduğu ssenaridə baş rollardan birinə sahiblənib. Yəni əslində onlar əqidə dostu olaraq dövlətə və xalqa qarşı çıxıblar.

Vaşinqton təxribatları
Ən yeni xəbərlərdə bəzi müstəqil medianın və onlayn araşdırmaların verdiyi məlumatlara görə, 2026-cı ilin fevralında Vaşinqtonda bir qrup radikal şəxsin Azərbaycan prezidentinə qarşı təxribat xarakterli hərəkətlər etdiyi, qeyri-etik ifadələr səsləndirdiyi və mühafizə olunan əraziyə daxil olmağa çalışdığı qeyd olunur. Bəzi mənbələr bu cür aksiyaların arxasında Rusiya xüsusi xidmət orqanlarının agentləri və ya təhrikçi elementlərin olduğunu yazır. Bunun səbəbi kimi isə Azərbaycan–Rusiya münasibətlərində yaranmış gərginlik və qarşıdurmanı daha geniş geosiyasi kontekstdə istifadə etmə niyyəti göstərilir. Rusiya ilə bağlı iddiaların bir hissəsi rəsmi diplomatik kanallar, hüquqi prosedurlar və beynəlxalq araşdırmalar vasitəsilə təsdiqlənib.
Vaşinqtonda Azərbaycan prezidentinin səfəri zamanı baş verən təxribat xarakterli insidentlərlə bağlı rəsmi və hüquqi yekun nəticələr ictimaiyyətə tam açıqlanmasa da, motivlər barədə danışarkən yalnız siyasi analiz çərçivəsində yanaşmaq mümkündür. Mümkün məqsədlər arasında beynəlxalq imicə zərbə vurmaq prioritet təşkil edir. Belə aksiyaların əsas məqsədlərindən biri Azərbaycan rəhbərliyini beynəlxalq müstəvidə çətin vəziyyətdə göstərmək, ABŞ siyasi dairələri və media məkanında neqativ fon yaratmaq, səfərin diplomatik gündəmini kölgədə qoymaqdır. Xüsusilə də Vaşinqton kimi siyasi mərkəzdə baş verən insidentlər qlobal informasiya təsiri yarada bilir.
İkinci bir məsələ Azərbaycan–ABŞ münasibətlərində gərginlik yaratmaqdır. Planın baş tutmasında mümkün məqsədlərdən biri təhlükəsizlik zəifliyi görüntüsü formalaşdırmaq, iki ölkə arasında etimadı zədələmək, diplomatik əməkdaşlığa xələl gətirmək idi. Belə hallarda hədəf təkcə konkret şəxs yox, iki dövlət arasındakı münasibətlər olur.
Bəzi analitik yanaşmalarda “5-ci kolon” anlayışı məhz bu təsir mexanizmlərinin tərkib hissəsi kimi izah olunur. Tarixi və müasir faktların müqayisəli təhlili göstərir ki, Rusiya müxtəlif dövrlərdə fərqli alətlərdən istifadə etsə də, əsas məqsəd - Cənubi Qafqaz üzərində geosiyasi dominantlığın qorunması dəyişməz qalır. Azərbaycan isə müstəqillik əldə etdikdən sonra hərbi və siyasi potensialını gücləndirərək, balanslı xarici siyasət yürüdərək, regional layihələrdə aktiv iştirak edərək bu təsirləri məhdudlaşdırmağa çalışır. Müasir mərhələdə əsas məsələ tarixi təcrübədən nəticə çıxararaq milli maraqları qoruyan strateji dayanıqlılıq modelinin formalaşdırılmasıdır.
Bəhruz QULİYEV,
“Səs” qəzetinin Baş redaktoru, Əməkdar jurnalist