Xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, rəsmi Bakının AZAL təyyarəsi məsələsi ilə bağlı mövqeyi birmənalıdır və Rusiya tərəfindən addımların atılması gözlənilir.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Azər Badamov bildirdi ki, Qroznı səmasında vurulmuş AZAL təyyarəsinə görə Rusiya məsuliyyət daşıyır:
"Çünki təyyarə Rusiyanın hərbi hava müdafiə sistemləri tərəfindən atış açılaraq vurulub. Azərbaycanın tələbi ilk gündən olduğu kimi müvafiq təzminatların ödənilməsi və bu hadisənin baş verməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalndırılmasıdır. Hətta keçən ildə Düşənbədə dövlət başçılarımızın görüşü zamanı Rusiyanın Prezidenti Vladimir Putin təhqiqat işləri başa çatandan sonra hadisə ilə bağlı bütün müvafiq tədbirlərin görüləcəyi ilə bağlı açıqlama vermişdi. Amma dekabr ayında Bastırkinin verdiyi açıqlama prezident Putinin səsləndirdiyi fikilərin tamamilə əksinə oldu. Görünən odur ki, Rusiya hələ də təyyarənin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb müvafiq prosedurların icrasında maraqlı deyil. Amma Azərbaycan da öz mövqeyindən çəkinmir və ədalətin bərpasını tələb edir. Düzdür, təyyarə qəzasından sonra bu insidentə görə ölkələrimiz arası münasibətlərdə gərginlik yaranıb. Rusiya bu gərginliyi artırmaqla təyyarə qəzası məsələsini unutdurmağa çaılışır. Amma Azərbaycan hər zman öz haqqını tələb etməkdə davam edəcək. Çünki qonşu və müstəqil ölkələr qarşılıqlı hörmət və ədalət üzərində münasibətlər qurub əlaqələrini davam etdirməlidirlər. Biz də Rusiyadan ancaq bunu istəyirik".
Nuriyyə NATİQQIZI