EN

Qisası alınmış soyqırım

ain.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Bu tarix heç bir sözün ifadə edə bilmədiyi dəhşətə şahidlik edən bir gündür. Bu tarix bəşəriyyətin zamanın sonunadək ən böyük utanc duyacağı dəhşətlərin, foto və video lentlərini görənlərin baş verdiyinə inanmaq istəmədiyi faciənin tarixin yaddaşına qara hərflərlə yazdığı bir gündür. Bu tarix insanlığın tamamilə öldüyü gündür. Və nəhayət bu tarix ən müdhiş, ən faciəvi, tarixdə analoqu olmayan terror aktlarından biri olan 26 fevraldır...

Bəşər tarixi çox faciələrə, çox soyqırımlara, çox dəhşətlərə şahidlik edib. XX əsrin sonunda isə soyqırımların təkrar olunacağına heç kim inanmazdı. Lakin genetik erməni xəstəliyi tibb elmində və beynəlxalq siyasi sistemdə rəsmən qeydə alınmadığı və tədqiq edilmədiyi üçün daha bir dəhşətli soyqırımın baş tutmaması üçün heç bir maneə yox idi...

Terrorizm və vandalizmin ən böyük nümunəsi

Hələ XIX əsrin əvvəllərindən başlayaraq böyük qüvvələrin dəstəyinə arxalanan ermənilər tərəfindən türklərə qarşı soyqırım siyasəti həyata keçirilib. XIX əsrin başlanğıcında Şərqi Anadoluda erməni məsələsinin yaranması, onun təkamülü, sonra isə bu problemin Qafqaza ixrac olunması xalqımıza qarşı dünyada analoqu olmayan vəhşiliklərin törədilməsinə səbəb olub.

Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb, öz tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və ermənilər tərəfindən kütləvi qırğınlara düçar olub.

Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması Sovet dövründə də davam edib. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunub Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 200 min azərbaycanlı bu ərazidən vəhşicəsinə işğəncələrlə qovulub.

1988-ci ildən Qarabağ ətrafında başlayan hadisələr daha yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Erməni təcavüzü 1 milyona yaxın qaçqın və köçkünü öz doğma torpaqlarından didərgin saldı.

1991-ci ildə Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş Axısxa türkləri də burada məskunlaşmışdılar. 1992-ci ilin əvvəlində şəhərin aramsız atəşə tutulması nəticəsində bir çox sakinlər başqa yerlərə köçmüş və əhalinin sayı 3 minədək azalmışdı.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri Rusiyanın Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı hərbi alayının bir sıra hərbçilərinin də iştirakı ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etdilər.

Dörd tərəfdən erməni terrorçu dəstələri tərəfindən əhatə olunan şəhər artilleriya və ağır hərbi texnikadan güclü və fasiləsiz atəşə tutuldu. Az bir vaxt ərzində şəhərdə böyük miqyaslı yanğınlar baş verdi, şəhər tamamilə alova büründü.

Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edildi. Bəşəriyyətin ən qədim yaşayış məskənlərindən olan Xocalı bir gecənin içərisində yerlə yeksan edildi. Qanlı qırğından sağ qalan əhali dağlara, meşələrə qaçdı. Dinc əhalini təqib edən silahlı ermənilər onları güllələyir, ələ keçənlərə amansız işgəncələrlə divan tuturdular.

Soyuq, qarlı fevral gecəsində minlərlə dinc sakin girov götürüldü. Erməni terrorçularından yayınıb meşələrə, dağlara qaçan insanların çoxu soyuqdan, şaxtadan məhv oldular. Xocalı şəhəri isə yer üzündən silindi.

Soqırım aktı zamanı baş verən əsas hadisələrdən biri də vəhşi erməni terorçularının buradakı qiymətləri tarixi-mədəni və təbiət abidələrini məhv etməsi, bununla da bütün bəşəriyyətə qarşı bağışlanılmaz cinayət törətməsidir. Tarixdə baş vermiş müharibələr zamanı qaliblər işğal etdikləri ərazilərdə heç vaxt mülki əhalini öldürmür, maddi-mədəniyyət abidələrini dağıtmırdılar. Erməni faşistləri isə, həm mülki əhalini- qocaları, körpələri, qadınları vəhşi işgəncələrlə qətlə yetirib, həm də bəşəriyyətin ən qədim abidələrini dağıdıblar.

Tarixin ən böyük vəhşiliyi

Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər həlak olub. Həlak olanların cins və yaş tərkibi adamı dəhşətə gətirir- 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər şikəst olub, onların 76 nəfəri uşaq idi. 150 nəfər isə itkin düşüb.1275 nəfər dinc sakin- qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz işgəncələrə, təhqir və həqarətlərinə məruz qalıb.

Xocalı soyırımı zamanı şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən öncədən düzəldilmiş pusqularda qətlə yetirilib. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilib.

Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilib. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib. Onlar diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb, süngü ilə hamilə qadınların qarınları yarılıb. Ermənilər hətta meyitləri də təhqir ediblər. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə alıb.

Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Girov götürülmüş Xocalı sakinlərindən bəziləri (onların arasında Əntiqə adlı qadın da var idi) erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiklərinə görə ermənilər tərəfindən diri-diri yandırıldı. Xocalı sakinləri deyirdilər ki, onlarla Azərbaycan və Axısxa türkünün erməni qəbrinin üzərində başını kəsiblər. Onlarla azərbaycanlının gözlərini çıxarıblar.

Ermənilər sağ qalmış insanlar üzərində bəşər tarixində misli-bərabəri olmayan vəhşi işgəncələr həyata keçiriblər. Onların başının dərisini soyub, başlarını və bədəninin digər orqanlarını kəsib, uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarnını yarıblar.

Xocalı soyqırımı zamanı həyata keçirilmiş vəhşiliklər haqda Azərbaycan hüquq-mühafizə orqanlarının arxivlərində və mətbuatda yer almış yüzlərlə materal var. Faciənin dəhşətlərinin təsəvvürə gətirmək üçün onlardan sadəcə birini- onlarla azərbaycanlı əsirin gözləri qarşısında baş vermiş bir faktı qısaca nəzərinizə çatdırmaq istəyirik.

Əsir götürülmüş azərbaycanlı qadının bir neçə aylıq körpəsini zorla əlindən alb öldürmək istəyən zaman ana vəhşicəsinə zərbələr altında dişi-dırnağı ilə körpəsini müdafiə edir. Nəhayət, ermənilər uşağı anadan alırlar və onun gözləri önündə iki yerə parçalayırlar. Sonra bu parçalarla ananın başına zərbələr vururlar. Bircə dəqiqə ərzində güclü pisixi sarsıntıdan dəli olan ana körpəsinin parçalarını qucağına alıb gülməyə və oynamağa başlayır...

Sözün ifadə etməyə aciz qaldığı yalnız bir məqam varsa, o da bu olmalıdır.

Xocalı soyqırımı Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələrlə bir sırada dayanır. Lakin soyqırımının dəhşəti təkcə qurbanlarının sayı ilə yox, həm də həyata keçirilmə üsulları ilə ölçülür. Xocalıda baş verənlər ağlasığmaz, inanılmaz və... sadəcə qeyri-mümkündür. Təbii ki, cinayəti həyata keçirənlər insan olduğu halda…

Nədən Xocalı?

Ermənilərin belə bir dəhşətli soyqırımı həyata keçirmək üçün nədən Xocalı şəhərini hədəfə aldıqlarını necə izah etmək olar? Burada fikrimizcə, 3 əsas səbəb var idi. Bu bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji önəm daşıyan şəhəri aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silərək Azərbaycan xalqının gözünü qorxutmaq idi. Sonuncu səbəb isə, Azərbaycan türklərinin çox minillər öncədən burada məskunlaşdıqlarını sübut edən Xocalı mədəniyyətini məhv etmək idi.

Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bəşəriyyətin ən qiymətli irsinə məxsus bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşüb. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir.

Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsi ilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə, bəşər sivilizasiyasına qarşı ən böyük cinayətdir.

Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı xüsusi amansızlıqla həyata keçirilən soyqırım olduğunu təsdiqləyir.

Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, ingilis, fransız, gürcü, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalistləri dəhşətə gətirmişdi. Bu, əsl soyqırım idi...

...Xocalı faciəsi Azərbaycanın müstəqillik yolunda verdiyi ən ağır qurbanlardan biri idi. Bu kimi hadisələr xalqımızın öz azadlığına hansı qurbanlar bahasına nail olduğunu göstərir. Bu həm də ona görə şərəfli tarixdir ki, bu soyqırımla düşmənlərimiz bizi sındıra, əzə bilmədi və xalqımız daha böyük qüvvə ilə birləşdi, müstəqilliyimizi qorudu.

Və nəhayət Xocalının qisasının alındığı o möhtəşəm gün gəlib çatdı. 2020-ci ilin sentyabrın 27-də Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu Qarabağda hərbi əməliyatlara başladı. Cəmi ay yarım ərzində düşmən darmadağın edildi, torpaqlarımız azad olundu, Xocalının və erməni terrorunun digər qurbanlarının qısası alındı. Xocalıda və digər qırğınlarda iştirak edən və bu işə rəhbərlik edən bir çox erməni faşistləri həbs olunaraq Bakıya gətirildi və qanuni cəzasını aldı.

Tarix heç nəyi unutmur və heç nə cəzasız qalmır. Azərbaycan xalqı da öz qanlı tarxini unutmadı və ordumuz bu cinayətləri edən düşmənlərin cəzasını verdi. İndi Azərbaycan dövləti elə bir qüdrətə malikdir ki, xalqımız belə faciələrlə bir daha qarşılaşa bilməz.

Elçin Bayramlı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
sesqazeti.az

1Sources