EN

Xocalıda aparılan tədqiqatlar: itkin düşmüş soydaşlarımızın axtarışı və erməni vandalizminin izləri

Bakı, 26 fevral, AZƏRTAC

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, dosent Zaur Həsənov tədbiri açaraq Xocalıda erməni işğalçıları tərəfindən törədilmiş soyqırımını XX əsrdə baş vermiş ən böyük bəşəri cinayətlərdən biri kimi qiymətləndirib. Qeyd edib ki, soyqırımı Azərbaycandakı siyasi sabitsizlik, beynəlxalq informasiya vasitələrinə çıxışların olmaması fonunda baş verib. Lakin Ümummilli Lider Heydər Əliyevin və onun siyasi kursunun davamçısı olan Prezident İlham Əliyevin fədakar mübarizəsi nəticəsində Azərbaycan xalqı nəinki informasiya blokadasını yardı, həmçinin torpaqlarımız azad edildi və Xocalı soyqırımı qurbanlarının qisası erməni işğalçılarından alındı.

“Bu torpaqlarımızda Arxeologiya və Antropologiya İnstitutu üç istiqamətdə tədqiqatlar aparmaqdadır: ilk növbədə, itkin düşmüş soydaşlarımızın axtarışları, ikincisi, erməni vandalizminin, xalqımıza qarşı mədəni soyqırımı faktlarının qeydiyyatı və üçüncüsü, arxeoloji tədqiqatlar”, - deyə Z. Həsənov bildirib.

Daha sonra tarix elmləri doktoru, professor Hidayət Cəfərov çıxış edərək XX əsrin 80-ci illərində Xocalıda apardığı tədqiqatlardan bəhs edib, torpaqlarımız azad edildikdən sonra oradakı tarixi abidələrin erməni işğalçıları tərəfindən dağıdılmasının şahidi olduğunu söyləyib.

Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev aidiyyəti dövlət qurumları ilə birgə itkin düşmüş soydaşlarımızın axtarılması istiqamətində görülmüş işlərdən danışıb. O, Xocalı qətliamında və ümumiyyətlə, Birinci Qarabağ müharibəsində erməni işğalçılarına əsir düşmüş və işgəncələrlə qətlə yetirilmiş soydaşlarımızın qalıqlarının tədqiq edilməsinin mənəvi cəhətdən nə qədər ağır olduğunu vurğulayıb.

İnstitutun aparıcı elmi işçisi dosent, antropoloq Dmitriy Kiriçenko Xocalı ərazisində aparılan elmi tədqiqatlar barədə danışıb. “Aparılan tədqiqatlar şəhidlərimizin ruhuna bizim ithafımızdır”, – deyə D.Kiriçenko vurğulayıb.

Dosent Pərviz Qasımov 2023-cü ilin sonu və 2024-ci ilin əvvəlində Xocalı nekropolu ərazisində aparılan ilkin arxeoloji kəşfiyyat və ölçmə işləri zamanı erməni vandalizmini göstərən faktlardan söz açıb.

Birinci Qarabağ müharibəsinin iştirakçısı, institutun mülki müdafiə qərargahının rəisi Aqil Seyidov çıxışında erməni işğalçılarının dinc azərbaycanlı əhaliyə qarşı Xocalıda törətdiyi vəhşilik barədə həqiqətlərin indiki və gələcək nəsillərimizin genetik yaddaşına ötürülməsinin vacibliyini diqqətə çatdırıb.

İnstitutun şöbə müdiri Təvəkkül Əliyev Xocalı faciəsinin baş verdiyi həmin günlər barədə xatirələrini bölüşüb. O bildirib ki, müstəqil dövlətimizin güclü orduya malik olması, Xocalı soyqırımının daim xatırlanması onun təkrar olunmasının qarşısını alan amillərdir.

Chosen
15
1
azertag.az

2Sources