EN

Türkoloq: Birinci Türkoloji Qurultayın elmi irsi sistemli şəkildə yenidən dəyərləndiriləcək

Bakı, 26 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı Türk dünyasında mədəni və mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edən təşəbbüslərin dövlət səviyyəsində yüksək qiymətləndirildiyini nümayiş etdirir. Bu sənəd, eyni zamanda, Azərbaycanın türkologiya sahəsində tarixi missiyasını və aparıcı rolunu bir daha təsdiqləyir. Sərəncama uyğun olaraq fevralın 27-də Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Tədbirin məqsədi Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini, ideya əsaslarını və təşkilatçılarının elmi irsini müasir elmi yanaşmalar kontekstində təhlil etmək, bu zəngin irsin aktuallığını üzə çıxarmaqdır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri, Dünya Türkologiya Mərkəzinin rəhbəri, türkoloq Güllü Yoloğlu deyib. Onun sözlərinə görə, konfrans çərçivəsində “Birinci Türkoloji Qurultayın çağırılmasının tarixi və ictimai zərurəti”, “Qurultayın təşkilatçıları və aparıcı simalarının türkologiya elminə töhfələri”, “Qurultay qərarlarının türk xalqlarının elmi və mədəni inkişafına təsiri”, “Türk dillərinin tədqiqi, əlifba və terminologiya məsələləri, metodoloji yanaşmalar, “Qurultay ideyalarının sovet dövründə və sonrakı mərhələlərdə inkişaf dinamikası”, “Müstəqillik dövründə türkologiyanın qarşısında duran çağırışlar, “Qlobal elmi mühitdə türkoloji araşdırmaların perspektivləri” və “Qurultayın az araşdırılmış pərdəarxası məqamları” istiqamətləri üzrə məruzələr və müzakirələr aparılacaq.

“Konfransda Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Rusiya, Macarıstan, Almaniya, Polşa və Gürcüstanı təmsil edən dilçilər, tarixçilər, etnoqraflar, ədəbiyyatşünaslar və mədəniyyət tədqiqatçıları türkologiya elminin aktual problemlərini müxtəlif elmi məktəblərin baxış bucağından təqdim edəcəklər.

Təbii ki, hər bir tədbirdən olduğu kimi, bu konfransdan da gözləntilərimiz var. Düşünürük ki, Birinci Türkoloji Qurultayın elmi irsi sistemli şəkildə yenidən dəyərləndiriləcək, müasir türkoloji tədqiqatlar üçün yeni metodoloji yanaşmalar irəli sürüləcək, türk dünyası alimləri arasında elmi əməkdaşlıq şəbəkəsi daha da möhkəmlənəcək, konfrans materiallarının toplusu nəşr olunaraq elmi dövriyyəyə daxil ediləcək. Biz türkoloqlar da müasir dövrün tələblərinə uyğun olaraq Birinci Türkoloji Qurultaya aid sənədlərin və materialların onlayn platformada toplanmasını, konfransdan sonra beynəlxalq müəllif kollektivləri ilə monoqrafiya və ya xüsusi jurnal nömrələrinin hazırlanmasını, bu konfransın türkologiya elmində dövri beynəlxalq platformaya çevrilməsini təklif edirik”.

Güllü Yaloğlu qeyd edib ki, “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans türkologiya elminin tarixi yaddaşının qorunması və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm elmi hadisədir. Bu tədbir Türk dünyasının intellektual birliyini möhkəmləndirən, elmi dialoqu dərinləşdirən və yeni tədqiqatlara yol açan mühüm platforma kimi çıxış edir.

 

Chosen
25
1
azertag.az

2Sources