EN

"Saxta məzmunu saniyələr içində müəyyən edən dövlət səviyyəli detektor sistemləri qurulmalıdır" - Elvin Abbasov

Parlamentin ötən iclasında deputat Qüdrət Həsənquliyev bildirib ki, son illərdə süni intellekt texnologiyalarının sürətlə yayılması və geniş tətbiqi ilə bir çox şəxslərin şəxsi məlumatlarının qanunsuz şəkildə ələ keçirilməsi halları artıb. Onun sözlərinə görə, bu məlumatlar bəzən şantaj və digər qanunsuz məqsədlər üçün istifadə olunur ki, bu da cəmiyyət üçün ciddi təhlükə yaradır. "Əgər cinayətlərin sayı artarsa, mövcud cəza tədbirlərini sərtləşdirmək qaçılmazdır. Bu baxımdan qanunvericiliyə yenidən baxmaq və cəzaları müasir dövrün tələblərinə uyğunlaşdırmaq vacibdir", - deyə millət vəkili qeyd edib.

Bəs bu sahədə hansı addımlar atılmalıdır?

Redaktor.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov bildirdi ki, süni intellektin cinayət məqsədilə istifadəsinə qarşı qanunvericiliyin sərtləşdirilməsi təkcə hüquqi zərurət deyil, həm də rəqəmsal dövrün təhlükəsizlik tələbidir:

"Deputatın da qeyd etdiyi kimi, mövcud qanunlar çox vaxt "ənənəvi" cinayətlər üçün nəzərdə tutulduğundan, süni intellektlə yaradılan saxta görüntülər (deepfake) və səs klonlaması kimi hallarda hüquqi boşluqlar yaranır. Bu cinayətlərin qarşısını almaq üçün ilk növbədə hüquq-mühafizə orqanlarının texniki bazası gücləndirilməli və saxta məzmunu saniyələr içində müəyyən edən dövlət səviyyəli detektor sistemləri qurulmalıdır. Eyni zamanda, süni intellekt alətləri hazırlayan şirkətlərə yaradılan hər bir məhsula silinməz rəqəmsal "su nişanı" vurmaq öhdəliyi qoyulmalıdır ki, saxta kontenti realdan ayırmaq hər kəs üçün mümkün olsun".

Müsahibimzin fikrincə, cəzaların sərtləşdirilməsi ilə yanaşı, cəmiyyətdə "rəqəmsal gigiyena" mədəniyyəti formalaşdırılmalıdır:

"İnsanlar internetdə paylaşdıqları hər bir şəklin və ya səsin cinayətkarlar üçün potensial "xammal" ola biləcəyini dərk etməli, fərdi məlumatlarını qorumağın yollarını öyrənməlidirlər. Hüquqi tənzimləmə burada çəkindirici rol oynayırsa, texnoloji müdafiə və maarifləndirmə cinayətin baş vermə ehtimalını minimuma endirir. Nəticə etibarilə süni intellektin sui-istifadəsinə qarşı mübarizə yalnız qanunların gücü ilə deyil, həm də texnologiya nəhəngləri, dövlət və vətəndaşın birgə məsuliyyəti ilə effektiv ola bilər".

Aytəkin TOFİQQIZI

Chosen
21
1
redaktor.az

2Sources