EN

Şagird oxuduğunu niyə tez unudur? Pedaqoqdan açıqlama: Məlumat uzunmüddətli yaddaşa keçə bilmir

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

“Fiziki tərbiyə, Təsviri incəsənət, Texnologiya, Musiqi kimi dərslərin digər fənlərlə əvəz olunması uşaqlarda fiziki və yaradıcı aktivliyin azalmasına səbəb olur”.

Müəllimlərin, eləcə də valideynlərin ən çox şikayət etdiyi məsələlərdən biri uşağın oxuduğunu tez unutmasıdır. Halbuki müəllim şagirdə tam anlaması üçün dərsi bəzən dəfələrlə izah edir ki, o materialı tam mənimsəsin və yadda saxlasın. Bizim dövrümüzdə, əsasən də ibtidai siniflərdə müəllimlər təkrara çox yer verirdi. Hətta sinifdə tez-tez belə bir atalar sözü deyilirdi: “Təkrar biliyin anasıdır”. Bəs, indi vəziyyət necədir?

Şagird niyə oxuduğunu tez unudur?

Green Start Academy Təlim və İnkişaf Mərkəzinin rəhbəri Aysel Rəsulzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, uşaqlarda oxuyub-anlama qabiliyyəti xeyli aşağı səviyyədədir: “İstər təlimdə, istər tədrisdən danışırıqsa, biz ötən əsrlə bugünkü dövrü müqayisə edə bilmərik. “Təkrar biliyin anasıdır” deyimi də keçən əsrə aiddir. İndi təkrarın forması dəyişib. Bəli, təkrar etmək təfəkkürü gücləndirir və yaddaşı yeniləyir. Ancaq indi proqram o qədər sürətli, mövzular o qədər əhatəli, dərin və genişdir ki, müəllim dərsin dərin izahını etsə belə, artıq uşaqlar bu təkrarı dərindən edərək yadda saxlaya bilmirlər. Çünki burada aktiv istifadə yoxdur. Yəni artıq müəllimi dinləmək passiv səciyyə daşıyır. Müəllim bəzən bunu dəfələrlə izah edə bilər, amma uşağa fikrini izah etməyə, deyilənləri hansısa bir formada tətbiq etməyə, uşağın özünün danışmasına müəllim imkan yaradırmı? Yaxud sinifdə imkan yaradılırmı? Xeyr. Ona görə ki, vaxt məhdudluğu və digər səbəblər buna imkan vermir. Dinləmək indi passiv öyrənmək hesab olunduğu üçün uşaqlar artıq deyilənləri yadında saxlaya bilmirlər. O baxımdan da, bu sözü indiki dövrə aid edə bilmərik. Digər tərəfdən uşaqların yuxu rejimi pozulub, eyni zamanda fiziki hərəkətlərlə daha çox məşğul olması azalıb. Bu da əlbəttə ki, yaddaşın möhkəmlənməsinə çox ciddi təsir göstərir. Gec yatan uşaq əlbəttə ki, normal yuxu almadığı üçün artıq beyində müəyyən dəyişikliklərə səbəb olur. Bu da yaddaşın güclənməsinə mane olur. Fiziki hərəkət yaddaşı gücləndirən ən vacib vasitələrdən biri hesab olunur. Beyində qan dövranını artırdığı üçün təbii ki, fiziki aktivliyin məhdud olması bu gün uşaqlarda diqqətin azalmasına səbəb olur. Bu amil yaddaşın güclənməsinə mane olan vacib səbəblərdən biri kimi göstərilməlidir.

Uşaqlar mövzunu öyrənirlər, sabahkı gün yeni mövzu keçiləndə bir gün əvvəlki mövzunu unudurlar. Niyə tez unudurlar? Çünki diqqətə köklənə bilmirlər. Rəqəmsal mühit o qədər güclənib ki, texnologiya əsri olduğundan uşaqlar informasiya bolluğunun içinə düşüblər, onların beyninin çoxunu bu cür məlumatar, oyunlar və digər informasiyalar tutduğu üçün uşaqlar dərsə, diqqət yönəldilməli istiqamətlərə daha çox dərindən köklənə bilmirlər. Dərsi yadda saxlamaq elə bir metoddur ki, uşaqdan çox diqqət, dərin düşünmə qabiliyyəti və səbr tələb edir. Əlbəttə ki, bütün bunlar uşaqların dərsi qavramasına ciddi şəkildə mane olur. Uşaq eşidir, lakin informasiyanın emal edilməsi mərhələsində bu cür məlumat bolluğu ona ciddi təsir göstərir. Nəticədə, məlumat uzunmüddətli yaddaşa keçə bilmir”.

Aysel Rəsulzadə vurğulayıb ki, uşaqlarda oxuyub-anlama qabiliyyəti xeyli aşağı səviyyədədir: “Digər vacib səbəblərdən biri bu gün əzbərləmə mexanizminin daha aktiv olmasıdır. Yəni uşaqlarda oxuyub-anlama qabiliyyəti xeyli aşağı səviyyədədir. Biz mövzunu dərindən izah etsək də, onu praktikaya tətbiq etdirmədən, təcrübədə istifadə etmədən daha çox əzbərlətməyə çalışırıq. Bu baxımdan, nə qədər izah verilsə belə, əzbərləmə mexanikası güclü olduğu üçün uşaqlarda anlama qabiliyyəti getdikcə zəifləyir.

Vacib səbəblərdən biri də valideyn-övlad və şagird-müəllim münasibətlərində yaranan narahatlıqlardır. Bu cür problemlər uşaqlarda güclü stress formalaşdırır. Bəzən dərsi öyrətmə üsulları təzyiq və qorxu altında həyata keçirildiyi üçün uşaq tədris prosesinə gərgin şəkildə cəlb olunur. Bu isə yaddaşı zəiflədir və diqqətin güclənməsinə mane olur.

Belə bir məqamda nə etmək olar? Qeyd edə bilərəm ki, mövzunu bu gün uşaqlara danışırıqsa, onu onların dilindən də dinləməliyik. Müzakirə aparmalı, bir gün sonra təkrar etməli, kiçik fasilələrlə öyrətməliyik.

Bu gün bəzi məktəblərdə fiziki tərbiyə dərsləri ya keçirilmir, ya da digər fənlərlə, məsələn riyaziyyatla əvəz olunur. Halbuki riyaziyyat kimi fənləri şagirdə daha effektiv tədris etmək və yaddaşa möhkəmləndirmək üçün fiziki hərəkət vacibdir. Fiziki aktivlik beynin yorğunluğunu azaldır və yaddaşı gücləndirir.

Təkcə fiziki tərbiyə deyil, Təsviri incəsənət, Texnologiya, Musiqi kimi dərslərin də digər fənlərlə əvəz olunması uşaqlarda fiziki və yaradıcı aktivliyin azalmasına səbəb olur. Bu isə diqqət əskikliyi yaradır.

Uşaqların ekran və kompüter istifadəsi məhdudlaşdırılmalı, onlarla daha çox ünsiyyət qurulmalı, çoxlu söhbətlər aparılmalıdır. Bütün bunlar beyində diqqəti gücləndirir, yaddaşın bərpasına kömək edir və uşaqların öyrəndiklərini daha dərindən və uzunmüddətli şəkildə yadda saxlamasına müsbət təsir göstərir”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
bizimyol.info

1Sources