EN

İxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu?

25 il işlədikdən sonra ixtisara düşmüşəm. İş yerindən bildirilib ki, mənə müəyyən miqdarda birdəfəlik ödəniş veriləcək. Bilmək istərdim ki, bu ödənişlərdən hansısa vergi tutulurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, işçilərin sayı və ya ştatlar ixtisar olunduqda əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən, əmək stajından asılı olaraq, aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

- İşçinin əmək stajı bir ilədək olduqda - azı iki təqvim həftəsi;

- Bir ildən beş ilədək olduqda - azı dörd təqvim həftəsi;

- Beş ildən on ilədək olduqda - azı altı təqvim həftəsi;

- On ildən çox olduqda - azı doqquz təqvim həftəsi.

Əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun müəyyən edilmiş əmək stajından asılı olaraq, aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir.

-1 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;

-1 ildən 5 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1.4 misli miqdarında;

-5 ildən 10 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;

-10 ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

Əlavə olaraq bildirilib ki, Vergi Məcəlləsinin 102.1.14-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə, işçilərə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

Chosen
17
3
vergiler.az

4Sources