EN

Pensiya kapitalına yığılan vəsaitdən erkən istifadə

ain.az bildirir, 525.az portalına istinadən.

Məlum olduğu kimi, Dövlət Sosial Müdafiə Fondu tərəfindən idarə olunan fərdi hesab sistemində hər bir rəsmi işləyən vətəndaşın adına pensiya kapitalı toplanır. Bu kapital işəgötürənin və işçinin ödədiyi məcburi dövlət sosial sığorta haqları hesabına formalaşır və gələcəkdə əmək pensiyasının məbləğini müəyyən edən əsas amillərdən biridir. Pensiya kapitalı uzunmüddətli sosial təminat mexanizmidir və onun əsas məqsədi vətəndaşın yaşlılıq dövründə maddi təminatını qorumaqdır. Pensiya kapitalı - vətəndaşın fərdi hesabında toplanan vəsaitdir. Bu vəsait işlədiyi müddətdə ödənilən sosial sığorta haqlarından, həmin vəsaitə hesablanan indeksləşmələrdən ibarət olur. Toplanan kapital birbaşa vətəndaşın şəxsi mülkiyyəti sayılsa da, onun istifadəsi qanunvericiliklə tənzimlənir.

Bir sıra ölkələrdə vətəndaşlar pensiya yaşı tamam olmadan da pensiya kapitalına yığılan vəsaitdən istifadə edə bilirlər. Məsələn, daşınmaz əmlak almaq və ya biznes qurmaq istəyən şəxslər pensiya kapitalında topladıqları pulu öncədən çıxarmaq imkanına malikdirlər. Azərbaycanda isə kapitalı daha erkən yada doldurmuş onlarla insan olmasına baxmayaraq, onlar kapitallarını istifadə edə bilmirlər. Mövcud qaydalara görə, pensiya yaşı tamam olmadan bu vəsaitdən sərbəst istifadə etmək mümkün deyil. Yalnız qanunla nəzərdə tutulmuş xüsusi hallarda erkən pensiya hüququ yarana bilər.

İqtisadçı ekspert Eyyub Kərimlinin sözlərinə görə, Azərbaycanda rəsmi arqument ondan ibarətdir ki, ölkədə həmrəylik sığortası sistemi tətbiq olunur. Yəni hazırda pensiya alanların sayı çoxdur və postsovet dövründə uzun müddət pensiya hüququ olmayan insanlar mövcud olub. Hazırda işləyən gənclərin ödədiyi sosial sığorta haqları bu şəxslərin pensiyalarının maliyyələşdirilməsinə yönəldilir. Gələcəkdə iqtisadi vəziyyət yaxşılaşdıqca, sonrakı nəsillərin ödədiyi vəsait hesabına pensiyalar veriləcək.

İqtisadçının sözlərinə görə, sistemin tam formalaşması zaman tələb edir: "Sovet dövründən qalma keçid mərhələsi tam başa çatdıqdan, əmək münasibətləri tam rəsmiləşdirildikdən və insanların əmək stajları sosial sistemdə tam əks olunduqdan sonra sosial müdafiə fondlarında əlavə vəsaitlər formalaşacaq. Hər kəs öz pensiyasını tam şəkildə ala bildiyi mərhələdə, hesab edirəm ki, pensiya kapitalından erkən istifadə məsələsi də öz həllini tapa bilər".

İqtisadçı ekspert Xalid Kərimlinin dediyinə görə, Azərbaycanda vətəndaşın dövlət sistemi ilə pensiya kapitalı olur: "Vətəndaş işlədiyi müddətdə əməkhaqqından pensiya fonduna ödəmələr gedir. Bu ödəmələrin fərdi identifikasiya nömrəsində qeydiyyatı gedir. Bu ödəmələr toplanılır və hər ilin əvvəlində həmin pensiya kapitalı inflyasiyaya əsasən indeksləşdirilir. Pensiya yaşı çatdıqda isə həmin məbləğ 144-ə bölünür. Bununla aylıq pensiyanın həcmi tapılır".

Xalid Kərimli qeyd edib ki, dünya təcrübəsində vətəndaşlar özəl pensiya fondundan istifadə edir. Özəl penisya fondu vətəndaşın maaşından edilən ödənişlərlə yığılan pensiya fondudur. Bu, vətəndaşın könüllülük prinsipi əsasında baş tutur: "Qərb və Avropa təcrübəsində belə bir təcrübə var. Vətəndaş özəl pensiya fondu ilə müqavilə bağlayır. Bu iş yerinin təşkilatçılığı ilə edilir, amma fonda gedən vəsait vətəndaşın cibindən gedir, yəni əməkhaqqısından tutulur. Vətəndaş dövlət pensiya təminatından əlavə, özünün gələcək yığım, özəl pensiya tədbirlərini həyata keçirir. Dövlətin pensiya sistemində iştirak məcburidir, özəl pensiya fondu isə könüllü prosesdir və ya iş yerinin işçisi üçün yaratdığı əlavə faydalardır. Bu, özəl pensiya qanunvericiliyi olan zaman həyata keçirilə bilər. Vətəndaş fonddakı pulu birbaşa götürə bilər və ya həmin vəsaiti dövlət pensiya sisteminə əlavə edə bilər. Azərbaycanda isə dövlət sistemi ilə pensiya kapitalı mövcuddur".

Azərbaycanda pensiya yaşı tamam olmadan pensiya kapitalından vaxtından əlavə istifadə edilməsinə gəlincə, ekspert qeyd edib ki, hazırda belə bir qayda mövcud deyil: "Dövlətin müəyyənləşdirdiyi pensiya kapitalında belə qayda yoxdur. İstənilən vaxt vətəndaş həmin vəsaitdən istifadə edə bilməz. Yalnız yaşı çatdıqdan sonra vətəndaş pensiyasından istifadə edə bilər".

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda pensiya kapitalından istifadəyə, yaxud da bu vəsaiti vərəsəlik hüququ ilə ailə üzvlərinə verməyə qanunvericilikdə qadağa yoxdur: "Amma bunun mexanizmi də yoxdur. Mexanizm yoxdur deyə, insan öz kapitalı ilə bağlı sərəncam vermək hüququna malik deyil. Ona görə də bizdə bunun çözüm yolu ya qanunvericiliyə ciddi dəyişiklik etmək, ya da özəl təqaüd fondları yaratmaqdır. Həmin fondlarla bağlanan müqavilədə qeyd olunmalıdır ki, vətəndaş bu kapitalı nə vaxt, hansı şərtlərlə götürə bilər".

Ekspertin sözlərinə görə, Azərbaycanda pensiya kapitalının yığımı problemi ondan ibarətdir ki, minimum təqaüd artdıqca Dövlət Sosial Müdafiə Fondunda pensiya kapitalının yığım hissəsi də avtomatik olaraq artır: "Minimum pensiyalar qaldırılan kimi avtomatik olaraq pensiya kapitalının yığım hissəsi də artır. Bu, doğru bağlantı deyil və aradan qaldırılmalıdır. Sabah pensiyanı artırsalar, kapitalın yığım hissəsi yenə artacaq. Azərbaycanda isə maaşların az olduğunu nəzərə alsaq, çox az insan pensiya yaşına qədər pensiya kapitalını toplaya bilir".

İqtisadçı qeyd edib ki, pensiya kapitalını toplamayan vətəndaş daha az pensiya almağa məcburdur. O, qanunvericilikdə bu bağlılığı aradan qaldırılmağı vacib sayır, təklif edir ki, qanunvericilikdə yığılan pensiya kapitalına uyğun pensiya kəsilməsi ilə bağlı şkala tətbiq olunsun. Bundan başqa, elə vətəndaşlar var ki, pensiya kapitalı kifayət qədər böyükdür. Hesab edilir ki, həmin vətəndaşlara daha tez pensiyaya çıxmaq və buna uyğun olaraq da kapitalların bir hissəsini 65 yaşına çatmadan istifadə etmək hüquqi verilməlidir. Qeyd edim ki, beynəlxalq təcrübədə pensiya yaşı tamam olmadan bu hüquqdan istifadə imkanları mövcuddur. Bəzi ölkələrdə bu hətta pensiya kapitalına bağlanır. Orta pensiya kapitalından çox yığımları olanlar artıq vəsaitini öncədən almaq hüququna malik olurlar və bu zaman nəzərdə tutulan minimum həddən artıq yığılmış vəsait aylar üzrə hesablanmaqla vətəndaşa qaytarılır. Məsələn, ABŞ-da pensiya kapitalı çox olanlar daha tez müraciət edib pensiya alma imkanına malik olurlar. Ölkədə elə Qərb təcrübəsinə uyğun olaraq özəl pensiya fondlarının yaradılması da reallaşmalıdır. Ümumiyyətlə, pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada geniş yayılan bir praktikadır. Hazırda ABŞ, Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və digər ölkələrdə özəl təqaüd fondları fəaliyyət göstərir. Ölkələr fərqli olduğu kimi, özəl pensiya fondlarının fəaliyyəti də fərqli qaydalarla tənzimlənir. Pensiya təminatı sistemində şaxələndirmə vətəndaşlar üçün seçim imkanı yaradır".

Millət vəkili Vüqar Bayramov hesab edir ki, orta pensiya kapitalından çox pensiya kapitalı alan vətəndaşlar həmin vəsaitdən mərhələli şəkildə istifadə etmə hüququna malik olması məqsədəmüvafiqdir: "Yaxşı olar ki, pensiya kapitalının bir hissəsindən kredit faizlərinin, təhsil haqqının, səhiyyə və kommunal xidmətlərin ödənilməsi üçün istifadə olunsun. Bu, imkan verəcək ki, vətəndaş topladığı minimum kapitaldan artıq hissə ilə müəyyən vəsaitləri pensiya yaşı tamam olmadan istifadə etsin. Nəticədə vətəndaş pensiya kapitalından daha səmərəli şəkildə istifadə edə bilər".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, mövcud qaydalara əsasən, vətəndaşın fərdi hesabında toplanan pensiya kapitalı ona qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız pensiya şəklində ödənilir: "Vətəndaşın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalından qanunvericiliyə uyğun olaraq yalnız pensiya məqsədləri üçün istifadə oluna bilər. Yəni vətəndaşın xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarından istifadə sosial sığorta hadisəsi baş verdikdə, məsələn, pensiya yaşına çatdıqda, əlilliyi müəyyən edildikdə, ailə başçısını itirdikdə və sair həyata keçirilir. Qanunvericiliyə görə, vətəndaş pensiya yaşına çatmayıbsa və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilməyibsə, fərdi şəxsi hesabında toplanmış pensiya kapitalından istifadə edə bilmir".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
525.az

1Sources