EN

“Fənərbağça” azarkeşlərindən kluba növbəti zərbə - FOTO/VİDEO

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Fənərbağça” İngiltərədə “Nottingem Forest”in qonağı olub. Mübarizənin elə ilk dəqiqəsində “sarı-lacivərdlilər”in yer aldığı tribunadan sahəya məşəl atılması səbəbindən qarşılaşma qısa müddətə dayanıb.

İdman.Biz xəbər verir ki, matçın hakimi “Fənərbağça”nın kapitanı İsmayıl Yüksəklə görüşərək azarkeşlərin sakitləşdirilməsini istəyib. İsmayılın tribunaya gedərək xəbərdarlıq etməsindən sonra oyun yenidən başlayıb və vəziyyət nəzarət altına alınıb.

Yaşanan hadisədən sonra UEFA-nın daha əvvəl verdiyi cəza yenidən gündəmə gəlib. Avropa Liqasının dördüncü turunda “Viktoriya Plzen”lə səfər oyununda baş verən insidentlərə görə UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi “Fənərbağça”nı irqçi davranışlar, obyektlərə zərər vurma, məşəl yandırma və sahaya yad cisimlərin atılması səbəbindən ümumilikdə 78 min avro (156 min AZN) məbləğində cərimələmişdi.

Qurum həmçinin növbəti səfər oyunu üçün azarkeşlərə bilet satışına qadağa qərarı çıxarmış, lakin bu sanksiyanı iki illik sınaq müddəti ərzində təxirə salmışdı. “Nottingem Forest” səfərində yaşanan son hadisələrdən sonra həmin təxirə salınmış cəzanın qüvvəyə minib-minməyəcəyi böyük maraq doğurur.

Stadiona məşəllər atılan zaman “Nottingem Forest” azarkeşləri də sakit dayanmayaraq “Qalatasaray”ın adını çəkib “Fənərbağça” klubuna qarşı təhqiramiz şüarlar səsləndiriblər.

Qeyd edək ki, “Fənərbağça” cavab oyununda 2:1 hesabı ilə qalib gəlsə də, ilk matçdakı 0:3 hesablı məğlubiyyət səbəbindən turnirlə vidalaşıb.

İdman.Biz
Chosen
4
1
idman.biz

2Sources