EN

Cənab Prezidentin bu qətiyyəti göstərir ki...

Prezident İlham Əliyevin Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyması və bu möhtəşəm abidə kompleksinin açılışındakı tarixi çıxışı Azərbaycan dövlətinin həm yaddaş, həm də ədalət mübarizəsinin ən mühüm zirvələrindən biridir. Ölkə başçısının Memorialın açılışındakı qətiyyətli duruşu sübut etdi ki, Azərbaycan xalqı otuz il əvvəlki məzlum və köməksiz xalq deyil. Bu gün Xocalı qurbanlarının ruhu şaddır, çünki onların qanı yerdə qalmayıb və doğma torpaqlarımızda artıq kənar qüvvələrin deyil, Azərbaycan əsgərinin addım səsləri eşidilir.

Prezident İlham Əliyevin Xocalıdakı çıxışında ən mühüm istiqamətlərdən biri məhz bu faciənin beynəlxalq müstəvidə tanıdılması və illərdir davam edən informasiya savaşı ilə bağlı idi. Dövlət başçısı xüsusi qeyd etdi ki, biz onilliklər boyu Xocalıya ədalət tələb edirdik. Ancaq əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri bu faciəmizə biganə yanaşırdılar. Ermənistan dövlətinin törətdiyi bu qanlı cinayəti ört-basdır etməyə, unutdurmağa çalışırdılar. Lakin Azərbaycan dövləti bu sükutu qırdı. Cənab Prezident bu məqamı həm tarixi ədalətin bərpası, həm də gələcək təhlükəsizliyimizin zəmanəti kimi qiymətləndirdi. Dövlət başçısı vurğuladı ki, uzun illər ərzində Azərbaycan dövləti və xüsusilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” kampaniyası Xocalı həqiqətlərini dünya paytaxtlarına daşıyıb. Artıq 18-dən çox ölkə və ABŞ-ın bir çox ştatı Xocalı qırğınını rəsmi olaraq soyqırımı kimi tanıyıb. Bu, erməni təbliğat maşınının uydurduğu yalanların ifşası, Azərbaycan diplomatiyasının qələbəsidir.

Xocalı soyqırımını törədənlərin adbaad bilinməsi, onların beynəlxalq ictimaiyyətə hərbi cinayətkar kimi təqdim edilməsi artıq sadəcə söz yığını deyil, real nəticədir. Bu gün həmin cinayətkarların bir qisminin qandallanaraq Bakı həbsxanalarına gətirilməsi və qanun qarşısında cavab verməsi beynəlxalq hüququn və ilahi ədalətin təntənəsidir. Dövlət başçısının qeyd etdiyi kimi, Xocalı qurbanlarının qanı yerdə qalmadı və bu, hər bir azərbaycanlının daxili rahatlığı üçün ən böyük təsəllidir. Cənab Prezidentin bu qətiyyəti göstərir ki, Azərbaycana qarşı cinayət törədən heç kim cəzasız qalmayacaq.

Xocalıdakı çıxışın ən mühüm sütunlarından biri də Xocalı faciəsindən Şanlı Zəfərə gedən yolun təhlili idi. Dövlət başçısı bu yolu sadəcə hərbi qələbə deyil, həm də milli ləyaqətin bərpası və strateji səbir dövrü kimi xarakterizə etdi. Zəfərə gedən yolun zirvəsi olan 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrındakı lokal antiterror tədbirləri Xocalı cəlladlarının qurduğu separatçı rejimin kökünü birdəfəlik kəsdi. Azərbaycan ordusu Zəfər yolunda mülki əhaliyə qarşı deyil, yalnız işğalçı orduya qarşı vuruşdu. Bu, erməni faşizminin Xocalıda törətdiyi vəhşiliklə Azərbaycan əsgərinin göstərdiyi alicənablıq arasındakı sivilizasiya fərqidir. Prezident qeyd etdi ki, Şuşanın, Xankəndinin və Xocalının azad edilməsi ilə biz təkcə torpaqlarımızı deyil, həm də milli qürurumuzun sarsılmazlığını sübut etdik.

Memorial kompleksi təkcə keçmişi xatırlatmaq üçün deyil, həm də gələcəyə baxış üçün ucaldılır. Xocalı bu gün yenidən qurulur. Prezidentin çıxışı göstərdi ki, bizim hədəfimiz təkcə torpağı azad etmək deyil, həm də oranı dünyanın ən firavan guşələrindən birinə çevirməkdir. Dağıdılmış evlərin yerində ucalan yeni məhəllələr, məktəblər və infrastruktur layihələri erməni vəhşiliyinə verilən ən böyük cavabdır.

Müzəffər Ali Baş Komandanın Xocalıdakı çıxışı bir daha göstərdi ki, Azərbaycan dövləti heç vaxt öz tarixinə qarşı laqeyd olmayacaq. Xocalı Soyqırımı Memorialı təkcə kədər abidəsi deyil, həm də bizim sarsılmaz iradəmizin və birliyimizin rəmzidir. Bu gün Xocalıda dalğalanan üçrəngli bayrağımız təkcə suverenliyimizin rəmzi deyil, həm də şəhidlərimizin ruhuna verilən ən böyük hesabatdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz bu torpaqlara qan tökərək, şəhidlər verərək, lakin dik yeriyərək və qalib xalq kimi qayıtmışıq. Biz bu torpaqlara bir daha çıxmamaq üzrə, əbədi olaraq qayıtmışıq.

Anar MƏMMƏDOV,

Milli Məclisin deputatı

 

 

Chosen
9
ikisahil.az

1Sources