EN

Qazaxda ekoloji soyqırım: Rəcəb Babaşovun qərarı, yoxsa Elşən Şirinovun səhlənkarlığı? – VİDEO

[center]Qazaxda[/center]Qazax rayonunun mərkəzi küçələrində ağacların kütləvi şəkildə kəsilməsi ilə bağlı narazılıq dalğası yenidən gündəmə gəlib. Sosial mediada yayılan videogörüntülərdə şəhərin əsas prospektlərində analoji halların artıq bir neçə dəfə təkrarlandığı və yaşıllıqların müxtəlif bəhanələrlə məhv edildiyi aydın görünür. Sakinlər bildirirlər ki, onilliklər ərzində formalaşmış yaşıllıq zolaqları qısa müddətdə yerlə-yeksan edilir və şəhərin ekoloji mənzərəsi sürətlə pisləşir.

Bu miqyasda həyata keçirilən kəsimlərin rayon rəhbərliyinin məlumatı olmadan baş verməsi real görünmür. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayon ərazisində aparılan bütün iri həcmli abadlıq və infrastruktur işlərinə birbaşa nəzarət edən əsas məsul şəxsdir. Eyni zamanda, region üzrə ekoloji məsələlərə birbaşa cavabdeh qurum Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarını əhatə edən 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsidir. İdarənin rəis əvəzi Elşən Şirinovun razılığı və rəsmi rəyi olmadan belə bir genişmiqyaslı ağac kəsiminin aparılması inandırıcı deyil.

Dünyanın iqlim dəyişikliyi ilə mübarizədə yaşıllaşmanı əsas prioritet elan etdiyi bir dövrdə, Azərbaycanın da üzərinə götürdüyü ciddi beynəlxalq öhdəliklər var. Xüsusilə COP sammitləri çərçivəsində ölkənin yaşıllıq sahələrinin artırılması, karbon emissiyasının azaldılması və ətraf mühitin qorunması istiqamətində addımlar atıldığı bir vaxtda, rayon mərkəzində ağacların kütləvi məhvi ciddi suallar və təzadlar doğurur.

Ulu öndər Heydər Əliyev vaxtilə “Ağaclar mənim qollarımdır” deyərək yaşıllığın dövlət siyasətindəki ali yerini vurğulamışdı. Bu strateji kurs illərlə davam etdirilib, ölkənin hər bir bölgəsində nəhəng ağacəkmə kampaniyaları reallaşdırılıb. Belə olan halda, Qazax kimi strateji və həssas sərhəd rayonunda mərkəzi küçələrin ağacsızlaşdırılması hansı siyasi və ekoloji məntiqə xidmət edir?

Əgər kəsilən ağaclar həqiqətən qəzalı, xəstə və ya ətraf üçün təhlükəli idisə, bununla bağlı rəsmi ekspertiza rəyi, ictimaiyyətə şəffaf açıqlama və mütləq şəkildə əvəzləyici yaşıllaşdırma planı təqdim olunmalı idi. Əks təqdirdə, “abadlıq” adı altında reallaşdırılan bu proses yalnız ekoloji zərbə və idarəetmə məsuliyyətsizliyi kimi qiymətləndirilə bilər.

Cəmiyyət indi bu suallara açıq və dürüst cavab gözləyir: Qazaxın mərkəzi küçələrində ağacların qırılması konkret olaraq hansı qərarla icra olunub? Bu prosesin əsl memarı kimdir? Və ən əsası həmin ağacların yerinə yeniləri əkiləcək, yoxsa rayon mərkəzi betonlaşma poliqonuna çevrilməkdə davam edəcək?

Sual çoxdur, cavab isə hələ də yoxdur.

İstənilən halda, yazıda adı çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.

Yenicag.azCamal Cavanşir

Chosen
25
yenisoz.az

1Sources