EN

İdarə rəisi: Bu il dövlət qurumlarında informasiya təhlükəsizliyi üzrə diaqnostik qiymətləndirmələr aparılacaq

Bakı, 27 fevral, Pərvanə Qafarova, operator Ələkbər Baxşıyev, AZƏRTAC

2026-cı ildə dövlət qurumlarında informasiya təhlükəsizliyi üzrə diaqnostik qiymətləndirmələrin aparılması nəzərdə tutulur. Diaqnostika meyarları hazırda razılaşdırma mərhələsindədir və təsdiqdən sonra həm daxili, həm də xarici təhdidlər üzrə ümumi risk mənzərəsi qiymətləndiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlaması zamanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin İdarə rəisi Nadir Novruzov deyib.

Onun sözlərinə görə, diaqnostik qiymətləndirmələr dövlət qurumlarında informasiya təhlükəsizliyi vəziyyətinin kompleks təhlilinə imkan verəcək.

“Qiymətləndirmələrin nəticələri əsasında risk əsaslı yanaşma formalaşdırılacaq, prioritet boşluqlar müəyyən ediləcək və mühafizə tədbirlərinin gücləndirilməsi üzrə tövsiyələr hazırlanacaq. Bu mexanizm kiberinsidentlərin qarşısının qabaqlayıcı şəkildə alınmasına və dövlət informasiya sistemlərinin dayanıqlığının artırılmasına xidmət edəcək”, - deyə N.Novruzov əlavə edib.

Chosen
14
1
azertag.az

2Sources