EN

“Nvidia” səhmləri süni intellekt bazarında “köpük” narahatlığı səbəbindən 5,5% ucuzlaşıb

“Bloomberg”in ticarət məlumatlarına istinadən yazdığına görə, “Nvidia” səhmləri 16 aprel 2025-ci ildən bəri ən böyük enişini yaşayıb. Çip istehsalçısının proqnozu investorların süni intellekt sahəsində “köpük” ilə bağlı narahatlıqlarını aradan qaldıra bilməyib. Fevralın 26-da ticarət sessiyasının yekununda “Nvidia” səhmləri 5,5% azalaraq 184,9 dollara düşüb, gün ərzində eniş 5,8%-ə qədər çatıb.

“Nvidia”nın rüblük hesabatı analitiklərin gözləntilərini üstələsə və cari rüb üzrə satış proqnozu ilk baxışdan təsirli görünsə də, kotirovkalar yenə də geriləyib. Bazarın reaksiyası Nvidia ətrafındakı skeptisizmi bir daha nümayiş etdirib: investorlar süni intellektə xərclərin bumunun davam edəcəyinə dair daha inandırıcı sübutlar gözləyirlər. Məhz satışların partlayıcı artımı şirkəti dünyanın ən bahalı şirkətinə çevirmişdi. “Hargreaves Lansdown” analitiklərinin fikrincə, səhmdarlar maraqlanırlar ki, süni intellektə yönələn hazırkı xərclər dalğası yaxın illərdə şirkətin göstəricilərini dəstəkləyə biləcəkmi və texnologiya modellərin öyrədilməsindən gündəlik tapşırıqların icrasına keçərkən “Nvidia” lider mövqeyini qoruyub saxlaya biləcəkmi.

“Nvidia”nın baş direktoru Censen Huanq bu narahatlıqları rədd edərək bildirib ki, şirkətin müştəriləri artıq ondan aldıqları hesablama gücü hesabına gəlir əldə edirlər və məhz buna görə də böyük sərmayələr yatırmağa davam edəcəklər. Bununla belə, “The Big Short” (“İnvestor oyunu”) filminin prototipi kimi tanınan investor Maykl Berri “Nvidia”nın alış öhdəliklərinin bir il ərzində 16,1 milyard dollardan 95,2 milyard dollara yüksəldiyinə diqqət çəkib.

Fevralın 26-da “Nvidia” səhmlərinin enməsi ABŞ fond bazarını da aşağı çəkib. S&P 500 indeksi 0,5% azalaraq 6908,9 bəndə düşüb, texnoloji “Nasdaq 100” isə 1,2% itirib. S&P 500 tərkibində 11 sektordan yeddisində azalma qeydə alınıb, xüsusilə texnologiya və telekommunikasiya sektorlarında.

Fevralın 27-nə olan məlumata görə, Censen Huanq “Forbes Real-Time Billionaires” qlobal reytinqində səkkizinci yerdə qərarlaşıb. Onun sərvəti 160,5 milyard dollar (-5,4%) qiymətləndirilir və “Nvidia” səhmlərinin ucuzlaşması nəticəsində bir gün ərzində 9,1 milyard dollar azalıb.

Chosen
22
banker.az

1Sources