EN

Anti-Azərbaycan qüvvələrə müharibə və sülh DƏRSİ

"Əfsuslar olsun ki, Vətən müharibəsi Ermənistan dövlətinə dərs olmadı. 

Halbuki 2020-ci ilin Zəfərindən sonra dəfələrlə müxtəlif yollarla Ermənistan rəhbərliyinə biz öz mövqeyimizi çatdırmışdıq – heç kimə güvənməsin, heç kimə bel bağlamasın".

Bu sözləri Prezident İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

"Xarici ölkələrin hərbçiləri bizim torpağımızda bizim icazəmizlə müvəqqəti olaraq yerləşiblər. Əgər kimsə hesab edir ki, bu bizi nədənsə çəkindirəcək, səhv edir. Dəfələrlə Ermənistan tərəfinə xəbər göndərmişdik ki, separatçılığa son qoyulsun, qanunsuz xunta rejimi fəaliyyətini dayandırsın, Qarabağ torpağında yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsinlər. 

Bunu dəfələrlə bildirmişdik. Hətta internet vasitəsilə reinteqrasiya proqramını təqdim etmişik, amma biz adekvat cavab almamışıq. Əksinə, separatçılar və onların arxasında duran qüvvələr daha da azğınlaşmışdı. 2020-ci ilin Zəfərindən 2023-cü ilin antiterror əməliyyatına qədər buraya dəfələrlə xarici dövlətlərin nümayəndələri qanunsuz gəlmişdilər. 

Bugünkü mərasimdə o ölkələrin heç adlarını çəkmək istəmirəm. Separatçılara ürək-dirək vermək üçün, onları bizə qarşı yenə də təhrik etmək üçün, Azərbaycan dövlətini, dövlətçiliyini saymamaq üçün tövsiyələr verilirdi, silahlar göndərilirdi, minalar göndərilirdi. 

Hesab edirdilər ki, xarici dövlətin burada məskunlaşan kontingenti bizi nədənsə çəkindirəcək. Bizi heç nədən çəkindirə bilməzdi və bir neçə saat ərzində davam edən antiterror əməliyyatı bunu bütün dünyaya göstərdi. Bizim iradəmizə qarşı çıxanın başı əziləcək", - Prezident İlham Əliyev qeyd edib.

“Cebheinfo.az”-a danışan Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Xocalı sakinləri ilə görüşündə növbəti dəfə məlum həqiqətləri dilə gətirib.

O qeyd edib ki, əvvəlki dönəmlərdə də dövlət başçısı mütəmadi olaraq bu məsələyə xüsusi diqqət yetirilməsini tövsiyə edirdi: 

“Qarşı tərəfə, konkret olaraq Ermənistana 30 il ərzində dəfələrlə diplomatik masada problemin həlli ilə bağlı çağırışlar edildi. Lakin eşitmədilər, anlamadılar, düzgün qiymətləndirmədilər və təbii ki, nəticə özləri üçün acınacaqlı oldu. 

Amma bu illər ərzində Azərbaycan da ağır itkilər verdi. Çox sayda şəhidimiz oldu, işğal altında qalan ərazilərimiz xarabalığa çevrildi. Bu 30 il hər bir vətəndaşın ömründən keçdi. Məcburi köçkünlərimiz və qaçqınlarımız uzun illər xoş olmayan şəraitdə yaşamağa məcbur oldular.

Amma bütün bunlara baxmayaraq, Azərbaycan dövlətinin və xalqının siyasi iradəsi hər zaman ortada olub. Dəfələrlə bəyan edildiyi kimi, biz heç bir halda işğal faktı ilə barışmayacağıq. 

Təəssüf ki, Ermənistan tərəfi bunu doğru, düzgün anlamaq istəmədi. Ona havadarlıq edən qüvvələr hər dəfə qızışdırıcı mövqe tutaraq faktiki olaraq növbəti faciələrin yaşanmasına vəsilə oldular”.

Deputat vurğulayıb ki, İkinci Qarabağ müharibəsi əslində Ermənistanın yanlış siyasi kursunun nəticəsi idi:

“İkinci Qarabağ savaşı baş verməyə də bilərdi. Əgər Ermənistan bunu anlasaydı, bu qədər itkilər də yaşanmazdı. Baş verən bütün itkilər təkcə Ermənistan rəhbərliyinin deyil, eyni zamanda onlara havadarlıq edən qüvvələrin, beynəlxalq təşkilatların və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vicdanına yazılıb. 

Bəli, 2020-ci il İkinci Qarabağ müharibəsində əldə olunan möhtəşəm Qələbəmizdən sonra da qarşı tərəfə çağırışlar edildi ki, qondarma qurumun fəaliyyətinə son qoyulsun. Əgər Azərbaycan vətəndaşı kimi bu bölgədə yaşamaq istəyirlərsə, qalıb yaşaya bilərlər. Sadəcə olaraq, öz cinayətkar əməllərini davam etdirməsinlər. Amma bu çağırışlar eşidilmədi. Nəticə isə göz qabağındadır.

Antiterror əməliyyatları ilə faktiki olaraq 30 il ərzində qurulan qondarma sistem tam şəkildə süquta uğradı və nəticə etibarilə növbəti ağır zərbəni almış oldular.

Bundan sonrakı mərhələdə də Azərbaycan tərəfi, ilk olaraq  Prezident 2020-ci il müharibəsindən dərhal sonra Ermənistana sülh müqaviləsinin bağlanması ilə bağlı çağırış etdi. Lakin təəssüf ki, beş ildən artıq müddət ərzində yenə də Ermənistan tərəfinin qeyri-konstruktivliyi səbəbindən proses uzandı və hələ də yekun sülh müqaviləsi imzalanmayıb.

Düzdür, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə 8 avqust tarixində çərçivə sülh sənədi imzalanıb. Amma yekun sülh müqaviləsinin bağlanması üçün Cənab Prezidentin təbirincə desək, Ermənistanın üzərinə konkret öhdəliklər qoyulub, İrəvana “ev tapşırığı” verilib. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarındən geri çəkinilməlidir və bu məsələ konstitusion müstəvidə həll edilməlidir”.

Arzuxan Əlizadənin sözlərinə görə, Zəngəzur dəhlizi adlandırdığımız kommunikasiya qovşağının açılması ilə bağlı Ermənistan tərəfi nəhayət ki, addımlarını sürətləndirməli, eyni zamanda, demarkasiya və delimitasiya prosesləri ləngidilmədən davam etdirilməlidir: 

“Ermənistan 1988-ci ildən sonra Qərbi Azərbaycandan qovulmuş təxminən 300 min nəfərin, ümumilikdə isə ötən bir əsr ərzində bir milyondan artıq soydaşımızın öz dədə-baba yurdlarına qayıtmaq hüququnu tanımalıdır. 

Onsuz da bu qayıdış baş verəcək və biz tarixi torpaqlarımıza qayıdacağıq. Sadəcə olaraq Ermənistan bununla bağlı qarşılıqlı addım atmalıdır. Ermənistan anlamalıdır ki, bu cür davam edə bilməz”. 

Deputat əlavə edib ki, Ermənistan Azərbaycanın atdığı humanist addımlarını və etdiyi jestlərin müqabilində özü də adekvat mövqe sərgiləməlidir:

“Biz Azərbaycan ərazisindən Ermənistana yük daşımalarının üzərindən məhdudiyyətləri birtərəfli qaydada aradan qaldırmışıq. Bu gün Ermənistana neft məhsulları və ucuz yanacaq da veruirik. Bunu da nəzərə almalıdırlar. Həmçinin bəzi cinayətkarların Ermənistana təhvil verilməsində humanizm prinsiplərini əsas götürmüşük. 

Təəssüf ki, Ermənistan tərəfi hələ də adekvat addımlar atmır. Əksinə, zaman-zaman revanşistlərin səslərinin həm Ermənistan daxilində, həm də xaricdə eşidildiyinin şahidi oluruq. Bütün bunlara son qoyulmalıdır.

Bölgədə dayanıqlı sülh və sabitliyin təmin olunması üçün Ermənistan Azərbaycan tərəfindən irəli sürülən sülh çağırışlarına konkret və müsbət cavab verməlidir. İkinci Qarabağ savaşında baş verənlərdən dərs çıxarmalıdır. 

Reallıqları düzgün qiymətləndirərək, davamlı sülhə aparan yolda məsuliyyətli mövqe nümayiş etdirməlidir. Bundan sonra baş verənlərdən nəticə çıxararaq çağırışlarımıza cavab verməlidirlər və nəhayət, bölgədə dayanıqlı sülhə nail olmalıyıq. 

Bu kontekstdə, təbii ki, Azərbaycan Prezidentinin son çağırışları da diqqətə alınmalıdır. Dünən Xocalı soyqırımının 34-cü ildönümü idi. Cənab Prezident də Xocalıda və Xocavənddə öz dədə-baba yurduna qayıtmış sakinlərlə görüşü zamanı çıxış edərək bu məsələləri yenidən gündəmə gətirdi və mühüm çağırışlar səsləndirdi. Nəhayət, ermənilər bu çağırışlara adekvat cavab verməlidirlər”.

Chosen
41
cebheinfo.az

1Sources