EN

Əli Mirəliyev efir qadağası qoyulan müğənnilərə söz atdı: “Vərəm xəstəliyi kimi çoxalırlar”

Azərbaycanda televiziya, efir məkanı mədəniyyət və incəsənət xadimləri tərəfindən ciddi tənqid edildikdən sonra bununla bağlı mühüm addımlar atılıb.

Bir neçə şou verilişləri bağlanıb. Bununla yanaşı, Azərbaycanda bir sıra bayağı müğənnilərin efirə çıxışına da qadağa qoyulub.

Efir qadağası qoyulan müğənnilərin siyahısında Kəmalə Günəşli, Canana (Mətanət İsgəndərlinin keçmiş gəlini), Nüşabə Musayeva, Nəfəs, Ofelya Şabanova, Günəş , Qumral (Musa Musayev və Təranə Qumralın qızı), Səbinə Selcan, Ülviyyə Namazova, Afət Fərmanqızı, Aşıq Namiq, Mehriban Qəmbərova,Şəbnəm Qəhrəmanova, Arzu Mirzəyeva, Şəlalə Səsli, Naza Veysəlova, Ziba Osmanlı, Aida Ziyadxanlı, Pünhan Piriyev, Talıb Tale, Müğənni Canan, Balaəli, Aqşin Fateh, İfrat, Dəniz Əsədova, İbrahim Borçalı, Arzu Mələk, Elxan Qaraxanoğlu kimi mügənilər yer alıb.

Müğənni Əli Mirəliyev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, neçə ildir belə bir qərarın arzusundaydım:

“Mən həmişə belə müğənnilərə mübarizə aparan biri olmuşam. Bu siyahı əslində çox genişdir, sadəcə indi bəzilərinə qadağa qoyulub. Bunlar vərəm xəstəliyi kimi günü-gündən çoxalırlar.

Düşünürlər ki, özəl kanallara ödəniş edərik, çıxıb nə gəldi oxuyarıq. Buna görə kim bizə nə deyəcək? Amma bu belə olmamalıdır. 

Hətta mənə bəzi kanallarda deyirdilər ki, filankəslə işin olmasın, tapşırıblar heç nə demə! Tapşırıblarsa, gedib Azərbaycan mahnıları oxusunlar, efir toy deyil ki, efiri toyxanaya çevirmək düzgün deyil.

Mən deyirdim ki, sonda musiqimiz qalib gələcək. Bu gün də deyirəm ki, Azərbaycan dilində düzgün ifalar edilməlidir. Ara manılar, bayagı musiqilər oxumaqla öz mahnılarımız unudulub gedir. “Azərbaycan musiqisi”, ana musiqimiz belələrinə görə tapdalanmamalı idi, artıq unudulub.

Mən illərlə bununla mübarizə aparıram. Mənim mübarizəm bütün müğənnilərlə deyil. Son dövrlər çıxan, villalarda yaşayan, bahalı maşın sürən müğənnilərə qarşıdır.

Siz elə bilirsiniz, bütün millət gözləyəcək ki, siz necə ara mahnılar oxumaqla necə varlanırsınız? Bəs bizim ana musiqimiz haradadır? Mənim anamın laylası, aşıq musiqisi haradadır? 

Amma bu gün bəzi “aşıqlara” da həqiqi aşıq demək belə olmaz”.

O qeyd edib ki, bütün bunlara görə düz 20 ildən artıqdır ki, mən bu mübarizəni aparıram:

“Nəhayət, səsim eşidildi, var olsunlar, nəticə də görüldü. Bu mübarizədə Azərbaycan musiqisi öz yolunu tapdı və qalib gəldi, buna çox sevinirəm. Bu işdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm. İndi baxın, bundan sonra televiziyalarda bir ara mahnısı oxuyan olacaqmı?

Ara mahnılar ifadə edib, dollar yağışına tutulanda bilməli idilər ki, son belə ola bilər. Ara musiqisi ifadə edib bahalı həyat tərzi yaşayan müğənnilərə ar olsun. Azərbaycan musiqisi qalibdir və həmişə belə olacaq. 

Mən bu millətin ağsaqqalıyam. İstəyirəm ki, Azərbaycan musiqisi yaşasın, xalq musiqiləri, bəstəkar mahnıları, vətən musiqimiz səslənsin – necə ki, keçmişdə var idi, indi də olsun. Keçmişdə belə ara musiqisi oxuyanları yaxın buraxmırdılar, vəziyyət normal idi.

Mən bunun canlı şahidiyəm, bunların hamısını görmüşəm. Düşünürəm ki, vəziyyət bundan sonra daha yaxşı olacaq. 

Baxsanız, Azərbaycan kanallarında bir ara müğənni görməyəcəksiniz. Mənim arzum idi, şükür arzuma çatdım”.

Chosen
13
1
cebheinfo.az

2Sources