EN

Avropa Komissiyası MERCOSUR sazişini müvəqqəti tətbiq etmək istəyir

Berlin, 27 fevral, AZƏRTAC

Avropa İttifaqı (Aİ) ilə Cənubi Amerikanın MERCOSUR dövlətləri arasında azad ticarət sazişi Avropa Ədalət Məhkəməsinin hüquqi yoxlamasının hələ yekunlaşmamasına baxmayaraq, yaxın zamanda tətbiq olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bildirib.

Qeyd edək ki, ötən gün MERCOSUR-a üzv dövlətlərdən ikisi - Uruqvay və Argentina sazişi ratifikasiya edib.

Müvəqqəti tətbiq Aİ, Uruqvay və Argentinadan olan şirkətlərə sazişin rəsmi qüvvəyə minməsindən əvvəl yeni və cəlbedici gömrük qaydalarından və digər üstünlüklərdən yararlanmağa imkan verəcək. Bu, xüsusilə ona görə əhəmiyyətlidir ki, sazişin rəsmi qüvvəyə minməsi Avropa Parlamentinə görə aylarla və ya daha uzun müddət gecikə bilər. Yanvarda Avropa Parlamenti sazişlə bağlı yekun səsvermədən əvvəl onun Avropa Ədalət Məhkəməsi tərəfindən hüquqi baxımdan yoxlanılması barədə cüzi səs çoxluğu ilə qərar qəbul etmişdi.

MERCOSUR ölkələri - Braziliya, Argentina, Paraqvay və Uruqvay ilə Aİ arasında saziş 25 ildən artıq davam edən danışıqlardan sonra bu ilin əvvəlində Paraqvayda imzalanıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Chosen
16
azertag.az

1Sources