
Mövzu ilə bağlı Mətbuat Şurasının İdarə heyətinin üzvü, "Azxeber.com" informasiya portalının baş redaktoru, media eksperti Hacıbəy Heydərli Olaylar.az-a danışıb. Ekspert bildirib ki, televiziyanın əsas funksiyalarından biri insanları maarifləndirmək, onları düzgün informasiya ilə təmin etmək və cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsinə töhfə verməkdir. Televiziya təkcə əyləncə vasitəsi deyil, eyni zamanda ictimai rəy formalaşdıran, dünyagörüşü istiqamətləndirən və sosial davranış modellərini təsir altına alan mühüm platformadır. Lakin təəssüf ki, son dövrlər bu funksiyanın arxa plana keçdiyinin şahidi oluruq. Maarifləndirici, analitik və mədəniyyət yönümlü verilişlərin sayında azalma müşahidə olunur və bu da tamaşaçılar arasında haqlı narazılıq yaradır.
Xüsusilə bayağı məzmunlu proqramların artması, səviyyəsiz ifaların efirə çıxarılması, süni qalmaqalların yaradılması, insanların şəxsi həyatının ictimailəşdirilməsi cəmiyyətdə ciddi narahatlıq doğurub. Reytinq naminə şəxsi münasibətlərin, ailə problemlərinin və hətta boşanmaların şou predmetinə çevrilməsi etik çərçivələri aşır. Şəxsi həyat qalmaqalları üzərindən gündəmə gələn şəxslərin "uğur nümunəsi" kimi təqdim edilməsi heç bir halda sağlam ictimai model sayıla bilməz. Uğurun zəhmət, istedad və mənəvi keyfiyyətlər üzərindən deyil, qalmaqal və sensasiya üzərindən təqdim olunması yanlış təsəvvür yaradır. Bu cür yanaşma xüsusilə uşaq və yeniyetmələrin formalaşmasına mənfi təsir göstərir. Gənc nəsil üçün media obrazları çox vaxt rol modeli funksiyasını daşıyır. Əgər efirdə təqdim olunan "uğurlu obraz" qalmaqal və şəxsi həyatın ifşası üzərində qurulursa, bu, onların dəyərlər sisteminə təsirsiz ötüşmür. Sağlam şəkildə cəmiyyətə inteqrasiya, ailə dəyərlərinə hörmət, zəhmətə və təhsilə bağlılıq kimi prinsiplər arxa plana keçir. Halbuki televiziya məhz bu dəyərlərin möhkəmləndirilməsinə xidmət etməlidir.
Ekspert qeyd edib ki, televiziya ən güclü təbliğat vasitələrindən biridir və efirdə təqdim olunan hər mesaj ictimai şüura birbaşa təsir edir. Müəyyən dövrlərdə cəmiyyətdə mübahisəli reputasiyaya malik şəxslərin nümunəvi sima kimi təqdim olunması geniş müzakirələrə səbəb olmuşdu. Lakin artıq sənət və mədəniyyət xadimlərinin, xalq artistlərinin, media ekspertlərinin səsləndirdiyi fikirlərdən sonra televiziya məkanında yeni mərhələnin başlanacağı ilə bağlı anonsların verilməsi sevindirici haldır. Bu, ictimai sifarişin və narazılığın nəzərə alındığını göstərir. Televiziyaların əsas istiqaməti milli-mənəvi dəyərlərin və ailə institutunun qorunması olmalıdır. Ailə cəmiyyətin təməlidir və efirdə ailə modelinin nüfuzdan salınması, ailə problemlərinin sensasiya predmetinə çevrilməsi sosial balansı poza bilər. Cəmiyyətə mənfi nümunə ola biləcək şəxslərin uğurlu obraz kimi təqdim edilməsi efirin nüfuzuna xələl gətirir və televiziya institutuna olan etimadı azaldır. Bu səbəbdən belə verilişlərin yayımının məhdudlaşdırılması və ya dayandırılması müsbət addım kimi qiymətləndirilə bilər. Televiziyalar maarifləndirici funksiyasını unutmamalı, etik prinsiplərə riayət etməli və sosial məsuliyyət anlayışını əsas götürməlidirlər. Media savadlılığı isə təkcə televiziya üçün deyil, bütövlükdə cəmiyyət üçün vacib məsələdir. Tamaşaçı da seçici olmalı, təqdim olunan məzmunu tənqidi düşüncə ilə qiymətləndirməlidir. Milli-mənəvi və ailə dəyərlərinin təbliği həm media qurumlarının, həm də cəmiyyətin ortaq məsuliyyətidir. Audiovizual Şura bu istiqamətdə televiziya kanallarına mütəmadi xəbərdarlıqlar edir, müəyyən hallarda sanksiyalar tətbiq olunur. Lakin görünən odur ki, bəzi kanallar hələ də lazımi nəticə çıxarmayıblar və bu da daha ciddi dəyişikliklərə ehtiyac yaradır. Bununla yanaşı, ümumiləşdirərək bütün televiziya kanallarını və aparıcıları səviyyəsiz adlandırmaq da düzgün yanaşma deyil. Azərbaycan televiziya məkanında ciddi, mədəni və maarifləndirici verilişlər mövcuddur. Peşəkar aparıcılar, intellektual müzakirə platformaları və sosial yönümlü layihələr də var və onlar öz auditoriyasını qoruyur. Sadəcə olaraq, cəmiyyət daha çox qalmaqallı və şou xarakterli proqramları müzakirə edir və nəticədə həmin verilişlər daha çox diqqət çəkir. Bu isə digər peşəkar aparıcılara və keyfiyyətli layihələrə qarşı haqsızlıq yaradır.
"Düşünürəm ki, diqqəti daha çox mədəni və maarifləndirici verilişlərə yönəldə bilsək, onları ictimai gündəmdə ön plana çıxarsaq, müsbət məzmunu dəstəkləsək, Azərbaycan televiziya məkanında real dəyişikliklərin şahidi ola bilərik. Televiziya həm maarifləndirən, həm də əyləndirən platforma ola bilər, lakin bu balans etik çərçivələr və milli-mənəvi dəyərlər qorunmaqla təmin edilməlidir", - deyə Hacıbəy Heydərli sonda vurğulayıb.
Lamiyə Cəbrayılova