Yeni dünya nizamının formalaşması prosesində Türk Dövlətləri Təşkilatı güc mərkəzinə çevrilməsi fürsətini əldən verməməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq münasibətlərdə olan yeni reallıqları, Qərb ölkələrində siyasi və mənəvi böhranların olduğunu, belə bir şəraitdə Türk Dövlətləri Təşkilatı kimi yeni aktorun güc mərkəzinə çevrilə biləcəyini bildirmişdir. Bu yolda Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğanın tövsiyəsi ilə Azərbaycanın da qəbul edildiyi islam dövlətlərinin iqtisadi əməkdaşlıq təşkilatı olan D-8 ilə ciddi əməkdaşlıq əhəmiyyətli nəticə verə bilər. Türk dünyasını birləşdirmək, birgə inkişafını təmin etmək məqsədilə yaradılan Türk Dövlətləri Təşkilatının fəaliyyətində əsas vəzifələri tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülh yaradılması, türk dövlətlərinin xarici siyasət məsələlərinə ortaq yanaşma, beynəlxalq terrorizmə, transmilli cinayətkarlığa qarşı birgə mübarizə, regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, kütləvi informasiya vasitələri arasında əlaqələrin, informasiya mübadiləsinin təşviq edilməsi, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsidir. Lakin TDT dövlətləri arasında əməkdaşlıq istənilən səviyyədə deyildir. İqtisadiyyat, ticarət, investisiya qoyuluşu, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlıq olsa da, hərbi əməkdaşlıq yoxdur. Dövlətlərarası əlaqələrdə ortaq tarix, mədəni dəyərlər, normalar və dil kimi elementləri ön plana çıxarmaqla, türk dünyası münasibətlərinin daha sıx formalaşmasına şərait yaratmaq lazımdır. Azərbaycanın Türkiyə ilə hərbi müttəfiqlik, o cümlədən bir-birinə hərbi yardım çərçivəsində əməkdaşlığı olsa da, türk dövlətlərinin qarşılıqlı olaraq hərbi müttəfiqlik sahəsində əməkdaşlığı yoxdur və bu aktual məsələdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "kim güclüdür, o da haqlıdır"tezisindən çıxış edərək TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi məsələsini gündəmə gətirdi: "Biz üzv ölkələrlə ikitərəfli formatda hərbi təlimlər keçiririk. Təbii ki, ən çox Türkiyə ilə, amma digər ölkələrlə də. Ancaq birgə hərbi təlimlərin keçirilməsində həm böyük rəmzi məna ola bilər, eyni zamanda, praktik nöqteyi-nəzərdən buna ehtiyac var. Çünki yenə də deyirəm, mən bunu artıq bir neçə ildir ki, dilə gətirirəm. Həm də ki, öz təhlilimi apararaq görürəm ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var." Türk Dövlətləri Təşkilatının müəyyən inkişaf yolu keçməsində hər cür maneələri dəf edən Türk dünyasının liderlərindən olan Heydər Əliyevin və Süleyman Dəmirəlin rolu böyükdür. Heydər Əliyev türkdilli, türkmənşəli respublikaların ümumi toplantısı olan Türk Dövlətləri Başçılarının zirvə toplantılarına üzv dövlətlərin hər birinin müstəqil dövlət kimi mövcud olması, dövlətlərarası əlaqələrinin inkişaf etdirilməsi, möhkəmləndirilməsi, ortaq dəyərlərin qiymətləndirilməsi, tarixi irsi canlandırmaq baxımından önəm verirdi. Belə toplantılarda həmçinin Qafqazdakı münaqişələrin nizamlanması, bölgədə təhlükəsizlik, iqtisadi, mədəni, elmi və sairən məsələlər də müzakirə edilirdi. Heydər Əliyev qurumda bütün türk dövlətlərinin, xalqlarının, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Qaqauziya, Tatarıstan, Başqırdıstan nümayəndələrinin bir yerdə olması, kökləri haqqında müzakirələr edilməsinin türk xalqlarının birləşdirilməsi baxımından əhəmiyyətini bildirirdi.Hazırda beş dövlət - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatının daimi üzvüdür. Şimali Kipr Türk Respublikası, Türkmənistan və Macarıstan isə TDT-də müşahidəçi qismində təmsil olunur. TDT-yə daxil olan və qurumda müşahidəçi olan dövlətlərin əraziləri böyükdür, əhalinin sayı da çoxdur. Bu dövlətlərin ümumilikdə ərazisi 95.046,3709 km²,əhalisi təxminən 178 milyondu (Türkiyənin ərazisi 783.562 km², əhalisi 85, 5 milyon, Azərbaycanın ərazisi 86, 6 km², əhalisi 10 milyon, Qazaxıstanın ərazisi 2,724,900 km², əhalisi 20 milyon, Özbəkistanın ərazisi 448,978 km², əhalisi 38 milyon, Qırğızıstanın ərazisi 199,951 km², əhalisi 7 milyon, Türkmənistanın ərazisi 491.200 km², əhalisi 7 milyon, Macarıstanın ərazisi 93,030 km², əhalisinin sayı 10 milyon, Şimali Kipr Türk Republikasının ərazisi 3,355 km², əhalisinin sayı 300 min). Türkiyənin xarici siyasət təcrübəsi, hərbi quruluşu, siyasi sabitliyi və intellektual insan potensialı, eləcə də Orta Asiya və Qafqaz Türk dövlətlərinin resurs ehtiyatları, böyük coğrafi ölçüləri və bir çox başqa səbəblərlə TDT vacib bir birliyə çevrilməlidir. Türkiyə böyük geosiyasi nüfuza malik olub, NATO hərbi təşkilatında güclü orduya sahib dövlətdir. Dünyada sülh və təhlükəsizliyə vasitəçi olan ədalətli bir dövlət kimi nüfuz qazanmışdır. TDT-nın digər üzvü Azərbaycan dünya xəritəsində yerləşməsinə, neft və qaz ilə zəngin olmasına görə və çoxşaxəli iqtisadi əlaqələr baxımından fərqlənir. Türkiyə ilə yanaşı humanitar yardımlarda fəal iştirak edir. Təşkilatın digər üzvlərinin də özəllikləri var. Qazaxıstan zəngin neft ehtiyyatları ilə yanaşı, digər təbii ehtiyyatlara malikdir. Özbəkistan təbii qaz, zəngin qızıl, uran ehtiyyatları ilə yanaşı, digər təbii ehtiyyatlara malikdir. Qırğızıstan əlvan metalları ilə zəngindir. TDT-də müşahidəçi dövlət olan Türkmənistanın geosiyasi mövqeyi Avropa ölkələri ilə Çin və Hindistana gedən quru yollarının üzərində yerləşməsi baxımından əlverişlidir. Təbii qaz və neft ehtiyatına görə dünyanın ən qabaqcıl dövlətlərindən biridir. Macarıstan NATO-nun və Avropa İttifaqının üzvüdür. Şimali Kipr Türk Republikası Ağ dəniz ilə əhatə olunmuş strateji əhəmiyyətli respublikadır. TDT yaranmaqda olan yeni dünya nizamında üzv və müşahidəçi türk ölkələri arasında sərhədlərdən sərbəst hərəkət hüququ, yaşayış və iş azadlığı, ortaq ordu və müdafiə siyasəti, ortaq bazar kimi məsələləri gündəmə gətirməlidir. Suveren türk respublikaları arasında hazırkı sıx əməkdaşlıq münasibətlərinin inkişaf etdirilərək hərbi müttəfiqlik münasibətlərinə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Ramilə Dadaşova Siyasi elmlər doktoru, dosent, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq münasibətlər və geosiyasət şöbəsinin müdiri