EN

İlqar İsbatov: Sosial və ictimai dəyər meyarı bu dəfə baxılan layihələrdə çox vacib faktor oldu

Bakı, 27 fevral, AZƏRTAC

Builki mükafatlandırmada bir neçə yeniliklər həyata keçirilib. Onlardan birincisi odur ki, biz bu il yalnız tikintiyə icazə almış layihələrə baxmışıq.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, münsiflər heyətinin sədri İlqar İsbatov "Təməl" Memarlıq Mükafatının təqdimetmə mərasimində deyib.

Onun sözlərinə görə, 890 layihədən 82-si münsiflərin seçiminə verilib: "Həmin layihələrin seçilmə səbəbi qiymətləndirmə meyarları ilə əlaqədardır. Biz düşündük ki, münsiflərə təqdim olunan layihələri 6 qiymətləndirmə meyarı üzrə seçsə daha məqsədəuyğun ola bilər. Həmin meyarlar bu cür beynəlxalq mükafatlandırma və müsabiqə tədbirlərində əsas meyar kimi qəbul olunurlar. Bunlardan birincisi orjinallıq və yaradıcılıq meyarıdır. İkincisi funksional və estetik keyfiyyət, üçüncüsü kontekstə və ətraf mühitə uyğunluq, dördüncüsü texnoloji yenilik və dayanıqlılıq, beşincisi peşəkarlıq və qrafik təqdimatın səviyyəsi və nəhayət sonuncusu sosial və ictimai dəyər. Sonuncu meyar bu dəfə baxılan layihələrdə çox vacib faktor oldu. Bütün nominasiyalar üzrə yekun qərarlar qəbul olunarkən layihələrin sosial və ictimai dəyəri xüsusi olaraq önə çəkilirdi. Yəni həmin meyarın nəzərə alındığı layihələr əlavə üstünlük əldə edirdilər".

Chosen
6
1
azertag.az

2Sources