EN

UÇURUMUN SƏSİ-Leyla Fərat yazır

UÇURUMUN SƏSİ

Tarixin ən qanlı səhifələrindən biri — düşmən əsarətinə düşməmək üçün canlarından keçən qızlarımızın və qadınlarımızın taleyidir. Onlar əsirliyin ölümdən betər olduğunu bilirdilər. Məhz buna görə son nəfəslərinədək mübarizə apardılar: kimisi silahı ilə döyüşdü, kimisi bir damla suya, bir ovuc qara möhtac halda irəli getməyə çalışdı. Bir çoxu isə alçaldıcı əsirlikdə yaşamaqdansa, qürurla uçuruma atılmağı seçdi.

Bu, tək Əfsanənin deyil, 1992-ci ilin qarlı fevralında azad ruhla ölməyi seçən bütün qızlarımızın, analarımızın və bacılarımızın hekayəsidir. Onlar qayalardan atıldılar, şaxtanın sərt qucağında donaraq can verdilər, lakin düşmən qarşısında əyilmədilər. Beləcə, xalqımızın şərəfini öz canları bahasına qorudular.

Hekayə on altı yaşlı Əfsanənin və atasının faciəli taleyindən bəhs edir. Əfsanənin adı zamanla unudula bilər. Amma onun göstərdiyi hünər, seçdiyi yol və verdiyi qərar əbədi yaşayacaq. O, şərəfsiz əsirlikdənsə, azad ölümü üstün tutdu.

Bu əsər azadlıq, namus və Vətən uğrunda canını fəda edən bütün qəhrəman qadınlarımızın müqəddəs ruhuna ithaf olunur. Onların adı bu torpağın yaddaşına qanla, lakin şərəfli hərflərlə həkk olunmuşdur.

Hekayə

Qışın ən sərt çağı idi. Qar və boran yolları kəsmiş, ətrafı ağır, lal bir sükut bürümüşdü. Yalnız uzaqlardan arabir eşidilən silah səsləri bu səssizliyi yarıb keçirdi. İnsanlar kəndlərindən didərgin düşərək dağlara üz tutmuşdular. Aralarında bir ata ilə qızı da vardı — İlyaz kişi və on altı yaşlı Əfsanə.

Onlar günlərlə ac-susuz yol gəlmişdilər. Susuzluqlarını qar udaraq yatırır, taqətdən düşmüş ayaqlarını sürüyə-sürüyə irəliləyirdilər. Yanlarında gedənlərin çoxu artıq yolda can vermişdilər. İndi isə sağ qalan yalnız ikisi idi.

Güclə bir çuxur tapıb oraya sığındılar. Yorğunluq bədənlərinə deyil, sanki ruhlarına çökmüşdü. 

İlyaz kişi nəfəsi kəsilə-kəsilə qızına baxdı. Gözlərində ata ürəyinin qayğısı ilə yanaşı, yaxınlaşan ayrılığın kölgəsi də vardı.

— Qızım… – dedi ağır-ağır  nəfəs alaraq. — Mən bura qədər gələ bildim. Ola bilsin, daha gedə bilməyəcəyəm. Amma sən… sən dayanmayacaqsan. Xilas olmalısan. Mübarizə aparmaq artıq sənin boynundadır.

O, sinəsinin altından gizlədiyi tapançanı çıxarıb qızına uzatdı.

— Bunu yaxşı saxla. Əlindən buraxma. Birdən işə yaramazsa, soyuqda donarsa, əvvəlcədən hazırla. Sən sağ qalmalısan…

Əfsanənin gözlərindən süzülən yaş gilələri düşüb anındaca şaxtada donurdu. O, atasına baxır, amma bir kəlmə belə deyə bilmirdi. Daxilən isə ürəyində qışqırırdı: “Səni buraxıb hara gedim, ata?...”

Çuxurdan çıxıb bir qədər uzaqlaşmışdılar ki, arxadan açılan güllə İlyaz kişinin həyatına son qoydu. Düşmən arxada olsa da, onlar xeyli uzaqlaşmışdılar. Əfsanənin xilas olmaq üçün hələ şansı vardı.

Qız sinəsinə sıxıb gizlətdiyi yaylığı yoxladı. Orada balaca bir şüşə saxlayırdı. Atasına heç nə deməmişdi; düşmənlə üz-üzə gəlsə, əsir düşməmək üçün içindəki məhlulu içəcəkdi. Bu, onun gizli və qəti qərarı idi. 

O, dağın ən hündür, ən sıldırımlı tərəfinə doğru qaçdı. Qurtuluş sanki o qayanın arxasında idi. Elə bil yorğunluğu da bir anda çəkilib getmişdi. Azadlıq artıq nəfəs qədər yaxın idi. 

Atasının "Get!" əmri qulaqlarında səslənə-səslənə irəli addımladı. Qarın içində qoyduğu izlər arxada qalır, amma qəlbi sanki parçalanırdı. Çiynindəki yaylığı qaldırıb yellədiyi an birdən qarşısında düşmən əsgərləri peyda oldu — qayanın arxasında onların postu yerləşirmiş.

Qız bir anlıq dondu. Sonra əlini döşünə atdı və gizlətdiyi kiçik şüşəni çıxarıb məhlulu bir udumda içdi. Düşmənlər onun nə etdiyini anlamadılar, çaşqın halda bir-birilərinə baxdılar. Qız isə gözlərini qıyıb sərt və sakit baxışlarını onlara zillədi.

Əfsanə son gücünü toplayaraq uçurumun kənarına yaxınlaşdı. Əsgərlər addımlarını sürətləndirirdilər. O, qəfil dayandı, atasının verdiyi tapançanı qaldırıb bir dəfə göyə atəş açdı. Sonra silahı öz sinəsinə dirəyib tətiyi çəkdi. Qan qarın üzərini qırmızıya boyadı.

Amma bununla da kifayətlənmədi. O, son nəfəsində özünü uçurumun ağuşuna atdı. Səsi qayalarda əks-səda verdi, düşmən isə donub qaldı.

O gün sıldırımdan qarla qarışıq bir qız da uçdu — Əfsanə. O, əsirlikdə yaşamaqdansa, azad ruhla ölməyi seçmişdi.

Əfsanə bir addımı ilə əbədi əfsanəyə çevrildi.

Müəllif:  Leyla Fərat,

     yazıçı-tərcüməçi


Chosen
16
azia.az

1Sources