EN

Ayxan Abbasov: “Neftçi” ilə matçda 1 xala layiq idik” – ARENA.AZ

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 22-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 2:2.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlər üçün maraqlı və gözəl oyun oldu. Öz meydanımızda məğlub olmadıq. Bu, bizi sevindirir. Böyük komandalara qarşı oynamaq çətindir. Futbolçularım yaxşı mübarizə apardılar. Məncə, 1 xala layiq idik. Rəqib yaxşı formadadır. Son dəqiqələrdə ən çox qol buraxan komanda bəlkə də bizik. Bu mövsüm ilk dəfə son dəqiqədə biz qol vurduq. Qarşıdakı oyunlara hazırlaşacağıq.

Qol buraxanda onsuz da müdafiənin səhvindən olur. Çox pis yerdə top itirdik. Rəqib bizi əks-hücumda yaxaladı. Müdafiəçilərimiz sıxlaşa bilmədilər. Amma asmanın qarşısını almaq olardı.

Qarşıda “Qarabağ”la kubok oyunu var. Çətin olacaq. Futbolçuları inandırıram ki, sıx qrafikdə oynamalıyıq. Dünyanın hər yerində bu cür olur. Bizdə problem odur ki, süni örtüklü meydançada məşq edirik, oynayırıq. Bərpa olmaq çox çətindir. “Qarabağ”ın gücü bəllidir. Bizim itirəcəyimiz bir şey yoxdur, ancaq qazana bilərik”.

Ayxan Abbasov – PFL qarşıdurması davam edir

Ayxan Abbasov ötən turda “İmişli”yə qarşı keçirdikləri oyundan sonra Quba Olimpiya İdman Kompleksinin stadionunda qapılardan birinin kiçik olduğunu demişdi. Lakin PFL açıqlama yayaraq bu iddianın əsassız olduğunu bildirib. “Şamaxı”nın çalışdırıcısı baş verənlərə belə münasibət bildirib:

“Çox təəssüflənirəm ki, PFL mənə cavab verdi. Çünki məndən qabaq orada oynayan bütün məşqçilər etiraz etmişdi. Məndən də sərt danışmışdılar. Hətta bəziləri demişdi ki, bu stadionda niyə futbol oynanılır. Təəssüf ki, PFL-dən reaksiya gəlməmişdi. Səhv etmirəmsə, etik normaları pozduğumu deyiblər. Harada pozmuşam, onu axtarıram. Neçə gündür axtarıram, amma tapa bilmirəm. Həmin matçda top iki dəfə qapı dirəyinə dəydi. 12 santimetr torpaq töküb problemi aradan qaldırırlarsa, biz hara gedirik? Başqa bir məqam deyim. Futbolçuları da fikirləşib deyirəm. Bəhlul Mustafazadənin “Nyukasl”la oyundakı zədəsi Quba stadionundan başladı. Milli komandanın üzvü 6 ay futbol oynamayacaq. Hər şeyə fikir verməliyik.

Mən də çox şey danışa bilərəm, çox arqumentlərim var. Meydançamızı təmizləməyə görə bizə minnət edirlər. Nə vaxt PFL gəlib bizdə meydança təmizləyib? Qarda da oynamışıq. Bizə deyiblər ki, bu gün oynamasaz, reqlamentə görə sabah oynamalısız. Amma başqaları sabah oynamadı. Belə şeylərə cavab verməsinlər. Biz nə demişik ki? Dərd orasındadır ki, Qubada oynayan bütün komandalar o qapıya etiraz ediblər. Biz günahkar axtarmırıq, istəyirik ki, düzələk. Özümüzə da deyirəm. İşıqlandırma olmalıdır, meydançanın ot örtüyü dəyişdirilməlidir. Bunu “Turan Tovuz”da işləyəndə də deyirdim. Yavaş-yavaş inkişaf etməliyik. Amma biz geriyə gedirik. Nə vaxt sözümüz olsa, deyərik, heç kimdən çəkinəcəyimiz yoxdur. PFL çıxıb cavab versin ki, etikanı harada pozmuşam? Məndən əvvəl danışan məşqçilərin sərt açıqlamalarına cavab verərdilər. Niyə vermədilər?”

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
18
9
arena.az

10Sources