AZ

Zamiq Əliyev 90, Vüsal İsgəndərli 88 dəqiqə oynadı – ARENA.AZ

Futbol üzrə Azərbaycan milli komandasının üzvləri – Vüsal İsgəndərli və Zamiq Əliyev Albaniya çempionatında növbəti matçlarına çıxıblar.

Arena.az xəbər verir ki, Vüsalın formasını geyindiyi “Partizani” doğma meydanda məhz Zamiqin çıxış etdiyi “Eqnatiya” ilə üz-üzə gəlib.

26-cı tur çərçivəsində keçirilmiş qarşılaşmada meydan sahibləri inamlı qələbəyə seviniblər. Azərbaycanlı futbolçuların hər ikisi bu görüşün iştirakçısı olub. Vüsal start heyətdə meydana çıxıb, 88-ci dəqiqədə əvəzlənib. Zamiq isə 90 dəqiqə meydanda olub.

Bu nəticədən sonra “Eqnatiya” 46 xalla 3-cü pillədə qərarlaşıb. Zamiqin komandası keçirdiyi 26 oyunda 13 qələbə qazanıb, 7 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb. “Partizani” isə 39 xalla 5-cidir. Vüsalın komandası 26 oyunda 11 qələbə, 6 heç-heçə və 9 məğlubiyyət görüb.

Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 25 oyuna çıxıb, 5 qola imza atıb.

Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.

Zamiq Əliyev isə Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 60 oyuna çıxıb, 1 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm Albaniya çempionu olub.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
5
6
arena.az

10Mənbələr