EN

Xəzər Dünya Məktəbinin həmtəsisçisi olan xanım kimdir - ƏTRAFLI 

Nailəxanım İsayeva 1947-ci il may ayının 29-da Azərbaycan SSR, Quba şəhərində anadan olmuşdur. Atası İsmayıl Əsgərli Qubalıdır, maliyyəçi olub, məsul vəzifələrdə çalışmışdır. Anası Bilqeyis xanım Şəmkirlidir (Şamxorludur), Əli Bayramov adına qadınlar klubunun fəal üzvü olmuş, Quba rayonunda qadınlar arasında ictimai iş aparmış, Respublika əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.

Nailəxanım Bakıda Bakıda məktəb təhsilinə başlamış (1954), paralel olaraq musiqi məktəbində, fortepiano sinfində oxumuşdur. Orta məktəbin son sinfini Qubada rus məktəbində oxumuş, məzun olmuşdur (1965). Ümumtəhsil məktəbi ilə yanaşı musiqi məktəbində, fortepiano sinfində təhsil almışdır. Quba Musiqi Məktəbində müəyyən fasilələrlə fortepiano sinfi üzrə müəllim vəzifəsində çalışmışdır (1963–1966).

Hamlet İsayev (İsaxanlı) ilə nişanlanmış (01.01.1970), evlənmiş, Bakı və Gürcüstanda toyu olmuşdur (24–26.11.1970).

M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda (sonra M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu`nda (indiki Bakı Slavyan Universiteti) rus dili və ədəbiyyatı ixtisası üzrə ali təhsil almışdır (1971–1975).

Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu nəzdindəki xüsusi konstruktor bürosunda çalışmış (1978–1983), orta məktəbdə (1983–1993) və Xəzər Universitetində (1993–1995) rus dili və ədəbiyyatı fənni üzrə müəllimlik etmişdir.

Hamlet İsaxanlınınBakı şəhərində təsis etdiyi (1990–1991) ilk özəl ali məktəbin — Xəzər Universitetinin qurulmasında böyük rol oynamış, bu ali məktəb yenidən rəsmi qeydiyyatdan keçərkən (2012) Hamlet İsaxanlı ilə yanaşı Xəzər Universitetinin həmtəsisçi olmuşdur.

1995-ci ildə Xəzər Universitetində təşkilati məsələlər üzrə menecer vəzifəsinə təyin edilmişdir.

1997-ci ildə Xəzər Universiteti Xanımlar Klubunu yaratmış, onun sədri olmuşdur.

1998-ci ildə Hamlet İsaxanlı ilə birlikdə Xəzər Universiteti nəzdində "Dünya Məktəbi" adlı eksperimental ibtidai məktəb sinifləri açmışdır.

2001-ci ildə Xəzər Universiteti Pedaqogika departmentinin müdiri vəzifəsinə təyin edilmiş, "Dünya Məktəbi"nin həmtəsisçisi və qurucu direktoru olmuşdur. Bu məktəb 3–5 yaşlı uşaqlar üçün hazırlıq siniflərindən, ibtidai (1–4-cü siniflər), aşağı orta (5–9-cu siniflər) və yuxarı orta (10–11-ci siniflər) məktəb-şöbələrdən təşkil olumuşdur. Dünya məktəbində tədris üç dildə aparılır: Azərbaycan, İngilis və Rus. Şagird (valideyn) könüllü olaraq uyğun bölməni (dili) seçə bilir.

Nalə xanım uşaq bağçası və məktəbə hazırlıq siniflərini əhatə edən "Dünya Ana Məktəbi"ni də təsis etmiş və qurmuşdur.

Mahnı yaradıcılığına başlamış (2000-ci il), sonrakı illər ərzində Hamlet İsaxanlının sözlərinə 8 mahnı bəstələmişdir. Dünya Məktəbinin "Dünyam" adlı mahnı-himnini bəstələmişdir.

2009-cu il yanvar ayının 16-da Nailə xanımın başçılıq etdiyi Dünya məktəbi beynəlxalq status aldı — IB World School oldu. Başqa sözlə desək, Beynəlxalq Bakalavriat Təşkilatı (International Baccalureate Organisation) tərəfindən akkreditasiya edildi — IBO-nun üzvü oldu. Təhsilə məzmun və forma baxımından böyük yeniliklər gətirmiş IB təşkilatı 1968-ci ildə yaradılmışdır. IBO ibtidai və orta məktəb sahəsində nümunəvi dünya şəbəkəsi quran yeganə təşkilatdır. Dünyada cəmi 2000 ətrafında məktəb IB diplomu verə bilir, onlardan biri də Xəzər Universitetinin Dünya məktəbidir. Keçmiş Sovet ölkələrində IB diplomu verən məktəb çox deyil

Azərbaycan Prezidenti 2012-ci ildə Dünya Məktəbini ən yaxşı məktəblər sırasına daxil etmiş və mükafatlandırmışdır. 2014-cü tədris ilində Dünya Məktəbinin yeni kampusu istifadəyə verilmişdir.

2013-cü ildə Xəzər Universiteti Mədəniyyət Mərkəzini yaratmışdır. Bu mərkəz indi Nailəxanım Mədəniyyət Mərkəzi adını daşıyır.

Nailə xanım Dünya Məktəbinin "Dünya" dərgisini təsis etmiş, onun baş redaktoru olmuşdur (2015).

2015-ci ildə "Dünya Ana Məktəbi"ni (Uşaq bağçası və məktəbə hazırlıq) təsis etmiş və qurmuşdur.

2016-ci ildə Sumqayıtda Dünya Məktəbini qurmuşdur.

Xəzər Universiteti Konfrans və İstirahət Mərkəzinin (2017–18) və "Gəncə Dünya Məktəbi"nin (2019–2020) qurulmasında iştirak etmişdir.

2010–2021-ci illərdə Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasında humanitar və təşkilati işlər üzrə müşavir vəzifəsində işləmişdir.

2011–2021-ci illərdə Dünya Məktəbi Direktorlar Şurasının sədri vəzifəsində işləmişdir.

1971–1985-ci illərdə dörd qız övladı dünyaya gətirmişdir.

1991-ci ildə beynəlxalq işgüzar səfərlərə başlamışdır. Avropa, Asiya, Şimali və Cənubi Amerikada — çox ölkələrdə məktəb və universitetlər, teatr və muzeylər, tarixi yerlər və təbiətlə tanış olmuşdur.

2000–2013-cü ildə dörd nəvəsi dünyaya gəlmişdir.

2000-ci ildə xəstələnmiş, müalicə olunmağa başlamışdır 03.04. 2021-ci ildə vəfat etmişdir.

Qeyd edək ki, hazırda Xəzər Dünya Məktəbinə Nailəxanım İsayevanın qızı Aygün İsayeva rəhbərlik edir.

Nərmin Balacayeva 

Chosen
16
azia.az

1Sources