EN

Deputat: İranla ticarət əlaqələrimizdə illər üzrə mənfi saldo mövcuddur

Yazını böyüt
Yazını kiçilt

“İranda baş verən münaqişə region dövlətləri üçün yalnız hərbi deyil, həmçinin iqtisadi baxımdan da təsirsiz ötüşməyə bilər”.

Bunu Hafta.az-a iqtisadçı-deputat Vüqar Bayramov bildirib. O, İran-ABŞ müharibəsinin Azərbaycan iqtisadiyyatına mümkün təsirlərini şərh edib.

Deputat qeyd edib ki, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki ilə müqayisədə cüzi dəyişikliklə 644 milyon dollar təşkil edib. 2024-cü ildə bu göstərici 647 milyon dollar idi. Rəqəmlər ölkələr arasındakı ticarət əlaqələrinin kiçik olmadığını göstərsə də, dövriyyənin strukturu fərqli təəssürat yaradır.

Deputat vurğulayıb ki, ticarət dövriyyəsinin böyük hissəsi İrandan idxaldan ibarətdir.

“2025-ci ildə 644 milyon dollarlıq dövriyyənin 624 milyonu İrandan idxal hesabına formalaşıb. Yəni, ümumi ticarət dövriyyəsinin yalnız 3 faizi Azərbaycanın İrana ixracından ibarətdir. Azərbaycanın İrana ixracı cəmi 20 milyon dollar təşkil edib. Bu isə o deməkdir ki, ötən il İranla ticarətdə 604 milyon dollarlıq mənfi saldo yaranıb. Deməli, İranla ticarət əlaqələrimizdə illər üzrə mənfi saldo mövcuddur. Başqa sözlə, İran Azərbaycanla ticarətdən daha çox faydalanır. Bu da göstərir ki, İranla ticarətdə texniki çətinliklər yaransa belə, bu, Azərbaycanın ixracına ciddi təsir etməyəcək. Statistik təhlillər göstərir ki, iki ölkə arasındakı ticarətdə İran idxalı dominant olub. Azərbaycanın ümumi ixracında İranın payı hətta tam rəqəmlərlə belə ifadə olunmur. İxrac ölkəyə valyuta gətirir, idxal isə valyutanı ölkədən çıxarır. Təsirlər isə özünü İrandan idxalın azalmasında göstərə bilər. Azərbaycana İrandan tikinti materialları, kənd təsərrüfatı məhsulları, quru meyvələr, yüngül sənaye məhsulları və məişətdə istifadə edilən sənaye məhsulları idxal olunur”, – deputat qeyd edib.

Vüqar Bayramov bildirib ki, İrandakı son hadisələr Azərbaycanın istehlak bazarına təsir göstərə bilər. Onun sözlərinə görə, əgər İranın ixrac imkanları uzun müddət məhdudlaşarsa, cənub qonşuda istehsal edilən bir sıra məhsulların gətirilməsində çətinlik yaranacaq:

"2025-ci ildə Azərbaycan İrandan portağal (təzə və qurudulmuş, 14.3 milyon dollar), kartof (13.6 milyon dollar), qida üçün yararlı yodlaşdırılmış duz (11.8 milyon dollar), badımcan (9.4 milyon dollar), peçenye (8.8 milyon dollar), kərə yağı (8.7 milyon dollar), bibər (capsicum və pimenta növləri, 8.3 milyon dollar), xurma (6.4 milyon dollar), soğan (6.1 milyon dollar), yerkökü (5.7 milyon dollar), kələm (4.5 milyon dollar), pendir (4.1 milyon dollar), kivi (3.1 milyon dollar) və digər ərzaq məhsulları idxal edib.

Bununla yanaşı, idxalda əsas pay tikinti və sənaye məhsullarına düşüb. İrandan azot (84.8 milyon dollar), arqon (48.7 milyon dollar), mərmərin dənəvərləri və qırıntıları (20.1 milyon dollar), abidə və tikinti daşlarının dənəvərləri və qırıntıları (18.9 milyon dollar), təbii barium sulfatı (12.5 milyon dollar), ağ portlandsement (9.7 milyon dollar), hipoxloritlər, xloritlər və hipobromitlər (6.9 milyon dollar), dinatrium karbonat (5.8 milyon dollar) və digər qeyri-ərzaq məhsulları idxal olunub.
Göründüyü kimi, İrandan ərzaq məhsulları ilə müqayisədə daha böyük məbləğlərdə sənaye və tikinti məhsulları gətirilir. İdxal edilən məhsulların qiyməti nisbətən aşağıdır. Bu baxımdan, xüsusən ərzaq məhsulları üzrə idxalın qısa zamanda diversifikasiyasına ehtiyac var".

Deputat əlavə edib ki, İrandan idxal azalacağı halda Azərbaycanın istehlak bazarındakı tarazlığa ciddi təsir göstərməyəcək. Azərbaycanın xarici ticarət dövriyyəsinin yalnız 1.3 faizi, illik idxalının isə 2.6 faizi İrandan formalaşır:

"Bütün bunlarla yanaşı, İrandan idxal olunan malların, xüsusən ərzağın qiymətinin artmaması üçün alternativ bazarlardan məhsulların qısa zamanda gətirilib əvəzlənməsi vacibdir. Bu, müharibənin müddətindən asılı olaraq dəyişə bilər. Regiondakı gərginlik fonunda ərzaq idxalının şaxələndirilməsi və idxaldan asılılığın minimuma endirilməsi prioritet məsələdir".

Tahirə Qafarlı

Chosen
10
19
hafta.az

10Sources