Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 2 mart, AZƏRTAC
Ramazan ayında oruc tutanların qidalanma rejimi gündəlik qidalanmadan fərqlənir. Həmin dövrdə balanslı, keyfiyyətli və orqanizmi yormayan qidalanmaya xüsusi diqqət yetirilməlidir. Uzunmüddətli aclıqdan sonra qəbul edilən qidalar həm enerji verməli, həm də həzm sisteminə yük yaratmamalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd edilib ki, iftar zamanı mümkün qədər az yağlı və yüngül yeməklərə üstünlük verilməlidir. Xəmir xörəkləri, qızardılmış yeməklər və müxtəlif souslarla zəngin, yüksək kalorili qidaların iftar süfrəsində yer alması tövsiyə olunmur. Bu cür qidalar həzmi çətinləşdirir və orqanizmdə ağırlıq hissi yaradır.
Bundan əlavə, acılı, çox ədviyyəli yeməklər və turşular da qida rasionundan mümkün qədər çıxarılmalıdır. Həmin məhsullar mədə-bağırsaq sisteminə mənfi təsir göstərə və susuzluq hissini artıra bilər. Çörək istehlakı da nəzarətdə saxlanmalı, gündə 1–2 dilimdən artıq istifadə olunmamalıdır.
Nəticə etibarilə, Ramazan ayında düzgün qidalanma həm sağlamlığın qorunması, həm də orucun daha rahat tutulması üçün əsas şərtlərdən biridir. Yüngül, faydalı və balanslı qidalar seçmək Ramazanın mənəvi və fiziki faydalarını artırır.





Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.