EN

ICAO dövlətləri mülki aviasiyanın təhlükəsizliyini təmin etməyə çağırıb

Bakı, 3 mart, AZƏRTAC

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) dövlətləri 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın prinsiplərinə və müddəalarına ciddi şəkildə riayət etməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, ICAO mülki aviasiyaya artan risklər fonunda onun təhlükəsizliyinin və mühafizəsinin mütləq prioritet olaraq qalmalı olduğunu, habelə hava nəqliyyatının qlobal sülh və rifah naminə xidmət etməsinin vacibliyini vurğulayıb.

ICAO ölkələrin hava səyahətlərinin, infrastrukturun və sərnişinlərin təhlükəsizliyinə birbaşa cavabdeh olduğunu və Konvensiyanın onları bir-biri ilə əməkdaşlıq etməyə məcbur etdiyini bir daha təkrarlayıb. Mövcud qaydalar ekipajların və sərnişinlərin qorunması üçün əsas mexanizm olan təhlükəsizlik təhdidi halında hava məkanının bağlanmasını nəzərdə tutur.

Təşkilat bildirib ki, riskləri azaltmaq, beynəlxalq hava səyahətlərində pozuntuları minimuma endirmək üçün tədbirlərin hazırlanmasında və həyata keçirilməsində dövlətlərə dəstək olmağa davam edəcək. Bəyanatda deyilir: “Təhlükəsizliklə bağlı hər hansı güzəşt qəbuledilməzdir”.

ICAO münaqişələrin hava məkanına təsir etdiyi və beynəlxalq marşrutların pozulduğu hallarda regional və regionlararası koordinasiya mexanizmlərini aktivləşdirir. Bu formatlar münaqişədən təsirlənən qonşu ölkələri, hava naviqasiya xidməti təminatçılarını, aviaşirkətləri və digər sənaye iştirakçılarını bir araya gətirir.

Bu tədbirlərin əsas məqsədi Konvensiyanın “Hava hərəkətinin idarə edilməsi” Protokoluna uyğun olaraq məlumat mübadiləsini, prosedurların uyğunlaşdırılmasını və beynəlxalq hava nəqliyyatının təhlükəsiz və nizamlı axınının qorunmasını təmin etməkdir.

ICAO xatırladıb ki, ötən il yekdilliklə qəbul edilmiş BMT Baş Assambleyasının A42-4 qətnaməsinə uyğun olaraq, münaqişə zonalarında mülki aviasiya üçün risklərin qiymətləndirilməsi dövlətlərin, onların hava naviqasiya xidmətlərinin və hava nəqliyyatı daşıyıcılarının yeganə məsuliyyətidir. Təşkilat məlumat mübadiləsini, ekspert dəstəyini və əlaqələndirilmiş risklərin azaldılması tədbirlərinin təşviqini təmin etməklə bu vəzifələrin yerinə yetirilməsinə kömək edir.

ICAO vurğulayıb ki, Konvensiyanın mandatına uyğun olaraq, institusional neytrallığı qorumaq şərti ilə ayrı-ayrı dövlətlərə təsir edən məsələlərə şərh vermir.

Chosen
6
1
azertag.az

2Sources