EN

Yaxın Şərqdə müharibə Ukraynadakı münaqişəyə təsir göstərməyə başlayıb

ABŞ–İsrail əməliyyatının nəticələri Kiyev üçün siyasi, hərbi və maliyyə sahəsində yeni risklər yaradır...

Poliqon xəbər verir ki, Yaxın Şərqdə baş verən hərbi eskalasiya Ukrayna müharibəsinə birbaşa təsir göstərməyə başlayıb.

Politico nəşri “Trampın İrana dair riskli strategiyası Ukraynanı unudulmuş müharibəyə çevirə bilər” başlıqlı məqaləsində yazır ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatının ilk nəzərəçarpan nəticələri artıq Kiyev üçün hiss olunur.

Bu həftə Ukraynanın Avropa İttifaqına üzvlük istiqamətində atmalı olduğu addımların müzakirəsinə həsr olunmuş görüş təxirə salınıb. Eyni zamanda, Avropa rəsmiləri ABŞ-nin Ukraynadakı müharibənin tənzimlənməsinə marağını itirə biləcəyi və Kiyevin Qərb silah tədarükündə problemlərlə üzləşə biləcəyi ilə bağlı narahatlıqlarını ifadə etməyə başlayıblar.

Aİ bu həftə Kiprdə keçiriləcək görüşdə Ukrayna rəsmilərinə blokla yaxınlaşma üçün növbəti mərhələlərin detallarını təqdim etməli idi. Lakin İran pilotsuz uçuş aparatının Akrotiridə yerləşən Britaniya hərbi bazasına hücumundan sonra görüş təxirə salınıb.

Politico qeyd edir ki, bu, Kiyev üçün Aİ ilə münasibətlərdə əvvəlki uğursuzluqlar fonunda növbəti məyusluqdur. Ötən ilin sonunda Aİ dondurulmuş Rusiya aktivlərinin Ukraynanın bərpası üçün istifadəsi barədə razılığa gələ bilməmiş, ardınca isə vəd edilən 90 milyard avroluq alternativ kredit mexanizmi ləngimişdi. Təcili yeni maliyyələşmə olmadan Ukraynanı növbəti ay büdcə kəsiri təhlükəsi gözləyir.

Avropalı diplomat Politico-ya bildirib ki, Aİ Ukraynaya üzvlük prosesi ilə bağlı qalan sənədləri mümkün qədər tez təqdim etməyə çalışacaq. O əlavə edib ki, Avropa tərəfi Yaxın Şərqdəki vəziyyətin bu prosesi ləngitməsinə imkan verməmək niyyətindədir.

Silah tədarükü

Əgər ABŞ Yaxın Şərqdə uzunmüddətli münaqişəyə cəlb olunarsa, bunun praktiki nəticələri siyasi təsirlərdən daha ciddi ola bilər. Politico yazır ki, Ukrayna gündəlik Rusiya raket hücumlarının qarşısını almaq üçün zəruri olan ABŞ istehsalı silah-sursatdan məhrum qala bilər. Çünki bu ehtiyatların əhəmiyyətli hissəsi ABŞ tərəfindən İran hədəflərinə zərbələr üçün istifadə oluna bilər.

Ukrayna Prezidenti Volodimir Zelenski bazar ertəsi Patriot zenit-raket sistemləri üçün raket tədarükünün azala biləcəyi ilə bağlı narahatlığını ifadə edib. Avropa hökumətlərindən birinin yüksək vəzifəli nümayəndəsi xəbərdarlıq edib ki, müharibənin uzanması Tramp administrasiyasını öz arsenalını doldurmağa vadar edə bilər və bu, Avropa və Ukraynaya raket tədarükü hesabına baş verə bilər.

Bloomberg-in şərhçisi Mark Çempion yazır ki, yüksək intensivlikli hava kampaniyasının davam etdirilməsi ABŞ-ni kəşfiyyat resurslarını da yenidən istiqamətləndirməyə məcbur edir. Hava kəşfiyyatından tutmuş peyk məlumatlarının təhlilinə qədər Ukrayna üçün həyati əhəmiyyət daşıyan imkanlar indi başqa istiqamətə yönləndirilə bilər.

Sülh danışıqları

Rusiya və Ukrayna arasında ABŞ vasitəçiliyi ilə növbəti danışıqlar raundunun 5–6 mart tarixlərində Əbu-Dabidə keçirilməsi gözlənilirdi. Lakin Yaxın Şərqdəki hərbi əməliyyatlar bu planların təsdiqlənməsinə imkan vermir. Zelenskinin sözlərinə görə, hazırda görüşün İsveçrə və ya Türkiyəyə keçirilməsi variantı müzakirə olunur.

ABŞ Prezidenti daha əvvəl səbrini itirə və “kənara çəkilə” biləcəyini istisna etməmişdi. Avropalı diplomatlardan biri qeyd edib ki, Trampın diqqətini Ukrayna mövzusunda saxlamaq çətin olacaq.

Mark Çempionun fikrincə, bazar ertəsi başlayan qlobal neft qiymətlərinin artımı da Rusiya iqtisadiyyatına yardım edə bilər. Dörd illik həddindən artıq borclanma səbəbindən təzyiq altında olan Moskva üçün enerji gəlirlərinin artması mühüm dəstək ola bilər. Onun sözlərinə görə, “bütün bu aspektlərə görə, Trampın İranla müharibəsi Kremlin maraqları baxımından daha uyğun vaxtda başlaya bilməzdi”.

Bununla belə, vəziyyət tam şəkildə Vladimir Putinin xeyrinə deyil. Politico yazır ki, İranın Ali Lideri ayətullah Əli Xameneinin və rejimin bir sıra yüksək rütbəli komandir və rəsmilərinin həlak olması Moskvanı iki ay ərzində ikinci mühüm müttəfiqindən məhrum edə bilər. Yanvar ayında ABŞ Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirmişdi.

Son üç gün ərzində ABŞ və İsrail İran ərazisində minlərlə hədəfə zərbələr endirib. İranın Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, hücumlar nəticəsində 550-dən çox insan həlak olub.

Buna cavab olaraq İran İsrailə və Fars körfəzi ölkələrinə hücumları gücləndirib. Altı amerikalı hərbçi həlak olub, İsraildə azı 11 nəfərin öldüyü bildirilir. BƏƏ, Küveyt və Bəhreyndən də itkilər barədə məlumatlar daxil olub. Küveyt səhvən üç Amerika qırıcısını vurub.

Poliqon.info

Chosen
65
poliqon.info

1Sources