EN

WUF13 Azərbaycanın dayanıqlı şəhər inkişafı strategiyasının qlobal təqdimatıdır

Bakı, 3 mart, AZƏRTAC

Azərbaycanda dayanıqlı şəhərsalma, innovativ infrastruktur quruculuğu və yaşıl transformasiya istiqamətində həyata keçirilən layihələr ölkəmizin beynəlxalq platformalarda artan rolunu nümayiş etdirir. Bu kontekstdə Ümumdünya Şəhərsalma Forumu – (World Urban Forum 13 - WUF13) Azərbaycanın qlobal şəhər gündəliyində mövqeyini möhkəmləndirən və beynəlxalq şirkətlər üçün yeni əməkdaşlıq imkanları yaradan mühüm hadisə kimi qiymətləndirilir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, BMT-nin İnsan Məskənləri Proqramı – UN-Habitat tərəfindən təşkil olunan forum urbanizasiya, inklüziv şəhər mühiti, iqlim dəyişikliklərinə uyğunlaşma, rəqəmsal həllər və dayanıqlı infrastruktur sahələrində qlobal dialoq platforması rolunu oynayır.

“WUF13 çərçivəsində dövlət qurumları, beynəlxalq maliyyə institutları, texnologiya və tikinti şirkətləri, eləcə də şəhər planlaşdırılması üzrə aparıcı konsaltinq qurumları bir araya gələrək təcrübə mübadiləsi aparır, yeni tərəfdaşlıqlar qurur. Forumun Azərbaycanda keçirilməsi beynəlxalq şirkətlərin ölkəmizdəki fəaliyyətinin genişlənməsinə əlavə stimul verir. Son illər həyata keçirilən iri infrastruktur layihələri, müasir nəqliyyat-logistika şəbəkəsinin qurulması, rəqəmsal idarəetmə sistemlərinin tətbiqi və alternativ enerji sahəsində təşəbbüslər xarici investorların marağını artırıb. Xüsusilə azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi beynəlxalq texnologiya və mühəndislik şirkətləri üçün real əməkdaşlıq platformasına çevrilib. WUF13 beynəlxalq biznes dairələrinin Azərbaycana baxışını daha da genişləndirəcək. Forum çərçivəsində keçirilən panel müzakirələri və ikitərəfli görüşlər xarici şirkətlərə ölkənin şəhərsalma strategiyası, investisiya mühiti və hüquqi çərçivəsi barədə birbaşa məlumat əldə etmək imkanı yaradır. Bu isə uzunmüddətli layihələrin formalaşmasına, birgə müəssisələrin yaradılmasına və texnologiya transferinə zəmin hazırlayır”, - deyə o vurğulayıb.

Deputat əlavə edib ki, forum Azərbaycanın regionda sabit və etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir. Cənubi Qafqaz və Yaxın Şərq regionunda baş verən geosiyasi proseslər fonunda ölkəmizin dayanıqlı inkişaf modeli və balanslaşdırılmış siyasəti beynəlxalq şirkətlər üçün əlavə təhlükəsizlik və proqnozlaşdırıla bilənlik amili yaradır: “Bu da investisiya qərarlarına müsbət təsir göstərir. WUF13-ün əhəmiyyəti yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır. Forum şəhərlərin sosial inklüzivliyi, ekoloji dayanıqlığı və innovativ idarəetmə mexanizmləri kimi məsələlərin müzakirəsi baxımından da vacibdir. Azərbaycanın milli inkişaf prioritetləri ilə forumun gündəliyi arasında uyğunluq ölkəmizin qlobal təşəbbüslərdə daha fəal rol almasına imkan verir. Beləliklə, WUF13 Azərbaycanın urbanizasiya sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq ictimaiyyətə təqdim olunduğu, eyni zamanda, yeni investisiya və tərəfdaşlıq imkanlarının formalaşdığı mühüm platformadır. Forum çərçivəsində qurulan əlaqələrin yaxın perspektivdə konkret layihələrə çevriləcəyi və ölkənin dayanıqlı inkişaf strategiyasına əlavə töhfə verəcəyi gözlənilir”.

Chosen
3
1
azertag.az

2Sources