Hazırda Premyer Liqada “Sabah” 53 xalla liderdir, “Qarabağ” isə 46 xalla onu izləyir. Son “Sabah”-“Qarabağ” qarşılaşması 3:3 hesabı ilə başa çatıb, “Qarabağ” 0:3 hesabından geri dönərək oyunu bərabərləşdirib. Çempionluq mübarizəsində 41 xalla üçüncü pillədə qərarlaşan “Turan Tovuz” da məğlubiyyətsizliyi ilə diqqət çəkir. Bəs bu mövsüm “Qarabağ”ın təcrübəsi və əzmi, “Sabah”ın hazırkı liderliyi və “Turan Tovuz”un güclü müdafiə oyunu fonunda çempionluq uğrunda əsas mübarizədə hansı komandanın şansı daha yüksəkdir? İdman eksperti Elmar Rza Metbuat.az-a açıqlamasında bildirib ki, son illərin ən maraqlı və çəkişməli mövsümlərindən birinə şahidlik edirik. Onun sözlərinə görə, bəzən hakim səhvləri daha çox ön plana çıxır, amma ümumi mənzərədə rəqabətlilik səviyyəsinin yüksək olduğunu demək olar: “Son illərin dəyişməz çempionu “Qarabağ”la lider “Sabah”ın son baş tutan qarşılaşması isə əsl “triller” idi. Ən başlıcası, oyuna azarkeş marağı kifayət qədər böyük oldu. Deməli, ortada rəqabət və gərgin mübarizə olanda azarkeşlər də stadiona üz tuturlar. Bu görüşü 10 mindən çox tamaşaçı birbaşa Tofiq Bəhramov adına Respublika Stadionunda izləyib ki, bu da son 8 mövsümün rekord göstəricisidir. Matçın gedişatına gəlincə, “Sabah”ın hesabda 3:0 öndə olduğu vaxt çempionluğun taleyinə az qala ciddi ölçüdə aydınlıq gəldiyini düşünmək olardı. Lakin “Qarabağ” göstərdiyi əzmkarlıq sayəsində görüşdən xalla ayrılmağı bacardı. Bu nəticə “bayquşlar” üçün ağır zərbə ola bilər. Çünki belə bir üstünlüyü əldən vermək və bunu qəbul etmək asan deyil”. E.Rza Qərb təmsilçisi “Turan Tovuz”un son illərin ən yaxşı heyətlərindən birini formalaşdırdığını qeyd edib: “Tovuzlular strukturlaşma, təşkilati işlər və maddi-texniki bazanın gücləndirilməsi baxımından ciddi addımlar atırlar. Bu baxımdan komandanın avrokuboklara iddialı olması tam məntiqlidir. Kurban Berdıyev kimi təcrübəli mütəxəssisin rəhbərliyi altında “Turan Tovuz”un qarşıya qoyulan məqsədlərə çatacağını düşünürəm”. Ekspert əlavə edib ki, hələ də çempionluq yolunda kimin ciddi üstünlüyə malik olduğunu demək üçün tezdir. Sevinc İbrahimzadə / Metbuat.az