EN

Premyer Liqada bu qapıçıya qol vuran tapılmayacaq?

“Turan Tovuz”un qapıçısı Sergey Samok “quru” oyunlar seriyasını davam etdirib.

Sportinfo.az xəbər verir ki, rusiyalı qolkiper ardıcıl 5-ci matçda qapısının toxunulmazlığını qorumağı bacarıb.

O, Misli Premyer Liqasının 22-ci turunda “İmişli” ilə ev oyununda (0:0) komandasının qol buraxmasına imkan verməyib.

Maraqlıdır ki, Samok məhz 19-cu turdan çempionatımızda çıxış etməyə başlayıb və hələ də qol buraxmayıb.

25 yaşlı qolkiper 14-cü turdan təxirə salınan “Qəbələ” ilə qarşılaşmada (3:0), həmçinin “Karvan-Yevlax” (1:0), “Şamaxı” (0:0), “Zirə” (2:0) və “İmişli” (0:0) ilə matçlarda “Turan Tovuz”un qapısını qoruyub.

Ona qədər Oleq Baklov tovuzluların əsas qolkiperi olub. Tacikistanlı qapıçı iştirak etdiyi 17 matçın 8-də qapısının toxunulmazlığını qoruya bilib.

Sergey Samoka qədər bu mövsüm çempionatda ardıcıl ən çox “quru” oyun keçirən qapıçılar Stas Pokatilov (“Sabah”), Kenan Piriç (“Neftçi”) və Tiaqo Silva (“Zirə”) olub. Onlar ardıcıl 3 görüşdə rəqib hücumçularına fərqlənmək imkanı verməyiblər.

Chosen
31
sportinfo.az

1Sources