EN

Brüssel Bakı ilə saziş havasında - niyə indi

Avropa İttifaqı ilə strateji sənədin yekunlaşdırılması hər iki tərəfin xeyrinə olardı, amma...

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qronon bugünlərdə Azərbaycanla bir neçə ildir müzakirə olunan sənəd üzərində birgə işi başa çatdırmağın vaxtının gəlib çatdığını deyib. “Yeni Müsavat” bildirir ki, Qrono danışıqlar prosesinin tezliklə bərpa olunacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Son illərdə əməkdaşlıq xüsusən də enerji sektorunda genişlənib və Bakı Avropanın enerji təhlükəsizliyində strateji rol oynayır. Azərbaycanla Aİ arasında strateji saziş əməkdaşlığın bütün sahələrini əhatə etməlidir. Nəzərə almaq  lazımdır ki, Azərbaycandan başlayan və onun ərazisindən keçən nəqliyyat dəhlizləri Avropaya yönəldilib və mallar əsasən Aİ ölkələrinə daşınacaq. Bu baxımdan, Avropa İttifaqı ilə Azərbaycan arasında strateji əməkdaşlıq sazişinin yekunlaşdırılması hər iki tərəfin xeyrinə olardı.

Amma fərqli rəylər də var. Məsələn, deputat Rasim Musabəyov Minval.az-a deyib ki, Azərbaycan Avropa Komissiyası və ya bütövlükdə Avropa Birliyi qarşısında heç bir siyasi öhdəlik götürmək niyyətində deyil, çünki Avropa Birliyi Azərbaycan qarşısında belə öhdəliklər götürmür və görünür, bunu etmək niyyətində deyil.

“Qarşılıqlı məqbul mətn hazırlana və paraflana bilər, lakin bu sənəd Avropa Parlamenti, daha sonra isə Aİ üzv dövlətlərinin parlamentləri tərəfindən təsdiqlənməlidir. Və biz Avropa Parlamentində, eləcə də Fransa, Belçika, Hollandiya və Lüksemburq parlamentlərində hökm sürən əhval-ruhiyyəni bilirik. Şübhəsiz ki, onlar bu sənədi Azərbaycan üçün tamamilə qəbuledilməz olan siyasi tələblər və şərtlərlə yükləməyə çalışacaqlar. Buna görə də Azərbaycan siyasi, ideoloji məsələləri bir yana qoyaq, yalnız praqmatik məsələləri həll edən bir razılaşmaya razı olacaq”.

Yeri gəlmişkən, martın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci Nazirlər Görüşü və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü Nazirlər Görüşü keçirilib. Tədbirdə Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə qurumu və təşkilatı, həmçinin 49 enerji şirkəti iştirak edib.

Qabil

Qabil Hüseynli

Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, Aİ  ilə asossiativ sazişin imzalanması illərlə gündəmdə olub. Onun sözlərinə görə, bu sənəd demokratiya insan hüquqları, o cümlədən gömrük standartları və ümumən ticarətlə bağlı bir çox öhdəliklər qoyur. Politoloq istisna etmir ki, bu tələblərin üzərinə yeniləri gələ və onlardan birinin də ermənilərin Qarabağa qayıdışını təmin etmək ola bilər: “Bu da qəbul olunmayacaq. Çünki bəzi Avropa ölkələrinin parlamentləri Azərbaycan əleyhinə qətnamələr qəbul edib. Onlar həm sənədin imzalanmasına əngəl olmağa çalışacaq, həm də əgər saziş bağlanarsa, daha sərt şərtlər irəli sürəcəklər. Bura təkcə ermənilərin qayıdışı məsələsi aid deyil, həmçinin həbsdə olan ermənilərin azad olunması kimi tələblər mümkündür. Sözsüz ki, onlar sənəddə öz əksini tapmayacaq. Sadəcə, bunu insan haqları ilə əlaqələndirib siyasiləşdirə bilərlər”.

Q.Hüseynlinin fikrincə, ümumilikdə isə əlbəttə, Avropa İttifaqı ilə sazişin imzalanması inkişaf, rifah və digər göstəricilər baxımdan faydalı olardı: “Ancaq Avropa İttifaqının tələskənliyi həm də Rusiya ilə əlaqədardır. Ermənistandan sonra Azərbaycanla da yaxınlaşma siyasətini sürətləndirmək istəyirlər.  Ümumilikdə strateji tərəfdaşlıq Avropa və Azərbaycan münasibətlərində bütün sahələri əhatə edir. Həmçinin yeni zamanın çağırışları fonunda yaranmış münasibətlərin də tənzimlənməsi istiqamətində bir konsepsiya formasında ortaya çıxır. Əksər sahələrlə bağlı Azərbaycanla Avropa İttifaqı arasında məsələlər razılaşdırılıb. Yəni ortada bir 5-10 faiz razılaşmalı məqamlar qalıb. Bundan əlavə, enerji, təhlükəsizlik, siyasi inteqrasiya mövzuları kimi mövzular çox geniş spektrdə razılaşdırılıb”.

Ancaq Q.Hüseynli hesab edir ki, ilk növbədə Azərbaycanın enerji ehtiyatları (xüsusilə neft və təbii qaz) Aİ-nin enerji təminatının şaxələndirilməsi strategiyasında vacib yer tutur. Onun sözlərinə görə, ikincisi, Azərbaycan coğrafi olaraq Avropa və Asiya arasında yerləşərək nəqliyyat-kommunikasiya qovşağı rolunu oynayır: “Söhbət Transxəzər marşrutu və Orta dəhliz kimi təşəbbüslərdə ölkənin iştirakından gedir. Yəni Avropa İttifaqına  Mərkəzi Asiya və Çinə alternativ bağlantı imkanları yaradır. Sadəcə, münasibətlər çətinliklərin bir qismi Avropa İttifaqı institutlarının Azərbaycanla bağlı qəbul etdiyi bəyanatlarla bağlıdır. Xüsusilə Avropa Parlamenti son illərdə Azərbaycan əleyhinə sayılan bir sıra qətnamələr qəbul edib. Məsələn, 2023-cü ilin əvvəlində Avropa Parlamenti Qarabağdakı humanitar vəziyyətlə bağlı qətnamədə Azərbaycanı blokada yaratmaqda ittiham edib, 2023-cü ilin payızında isə Ermənistan tərəfinin iddiaları əsasında Bakını "etnik təmizləmə" aparmaqda suçlayan çağırışlar səsləndirib. Rəsmi Bakı isə bu ittihamları rədd edir".

Xatırladaq ki, Azərbaycan Respublikası və Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını 1996-cı ildə imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi təşkil edir. Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş layihəsi üzrə danışıqlar isə 2017-ci ildən başlayıb. Azərbaycan Aİ münasibətlərini tənzimləyən bir sıra sahəvi razılaşmalar da mövcuddur. Bunlardan biri ilkin olaraq, 2018-2020-ci illəri əhatə etmiş və daha sonra 2024-cü ilin sonunadək uzadılmış Tərəfdaşlıq Prioritetləri sənədidir.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Chosen
104
30
musavat.com

10Sources